Dünya rəssamları
   
      
   Rəssam, heykəltəraş, filosof, musiqiçi, mühəndis... bir sözlə, universal dahi - Leonardo da Vinçi əsrlərdir ki, insanları heyrətləndirməkdədir. Dünyanın bir çox ölkələrinin vətəndaşları arasında aparılan geniş rəy sorğusuna görə ikinci minilliyin ən böyük şəxsiyyətlərindən biri də məhz elə odur - Leonardo di ser Pyero da Vinçi.
   
   Leonardo 1452-ci il aprelin 15-də Messer Pyero adlı hüquq məsləhətçisi və Katerina adlı sadə kəndli qızının nikahdankənar övladı olaraq İtaliyanın Florensiya şəhərində dünyaya gəlib.
   Atası diribaş və zəngin adam idi. Onlar bir neçə nəsil notarius kimi çalışırdılar. Xeyli torpaq sahələri də vardı. Pyero dörd dəfə evli olmuş və bu nikahlardan on iki uşağı dünyaya gəlmişdi.
   Leonardo isə nikahdankənar övlad idi. Katerina sonradan bir kəndliyə ərə gedir. Bu barədə bir qədər sonra...
   Pyero istəyirdi ki, oğlu da onun kimi notarius olsun. Amma xoşbəxtlikdən o vaxtın qanunlarına görə, nikahdankənar doğulan uşaqlar notarius və həkim ola bilməzdi.
   Oğlunun xüsusi istedadını görən ata onun rəsmlərini Florensiyada köhnə dostu, məşhur heykəltəraş, rəssam və zərgər kimi tanınan Andrea Verokkoya göstərir. Verokko Leonardonun əl işlərinə baxanda heyrətə gəlir və deyir ki, bu uşaq özünü bütünlükdə rəssamlığa həsr etməlidir. 1466-cı ildə Leonardo şagird kimi Verokkonun emalatxanasında fəaliyyətə başlayır. Çox keçmədən gənc rəssam sənətdə öz müəllimini də üstələyir. Bu, elm və incəsənətdə İntibah dövrü idi. İntibah havası Verokkonun emalatxanasına gəlib çatmışdı. Burada çoxlu rəssam, heykəltəraş, dəmirçi işləyirdi. Elementar mexaniki işlər də görülürdü. Leonardo rəssamlıq və heykəltəraşlıqla yanaşı, qazıntı və yük qaldırmaq üçün olan alətlərin mexanizmini də öyrənirdi. Sonralar bunlar müxtəlif ideya və kəşflər üçün işinə yarayacaqdı.
   
   Qəribəlikləri
   
   Gənc rəssam istedadı ilə yanaşı qəribəlikləri ilə də diqqəti cəlb edirdi. O, bazarı gəzir, qazancı çox olmasa da, quş satılan yerlərdə quşları qəfəsdən çıxarar, pulunu ödəyib azad edərdi. Günün hər saatında on beş dəqiqə yatarmış. Solaxay olan Leonardo sağdan sola, çox vaxt tərsinə yazar, yazdıqlarını yalnız güzgüdə oxumaq mümkün olarmış. Bəzi tədqiqatçılara görə, o, ixtiralarının sirrini saxlamaq üçün belə yazarmış. Sonralar bu “manuskriptləri” oxumağa müxtəlif alimlər on illər sərf edəcəkdi...
   
   “Sirli şam yeməyi”
   
   İstedadlı rəssam kimi tanınan Leonardo 1482-1499-cu illərdə Milanda hersoq Françesko Sfortsanın yanında hərbi mühəndis, arxitektor, heykəltəraş və rəssam işləyir. Sfortsa İtaliyada tiran kimi tanınırdı. Onu heç kəs sevmirdi, amma qorxudan onunla hesablaşırdılar. Burdakı iş Leonardonu təmin etmirdi. Maaşı az idi. Hətta deyirlər ki, saray liliputu da ondan çox qazanırmış. Da Vinçi Milanda Sfortsanın sifarişi ilə “Sirli şam yeməyi” əsəri üzərində işləməyə başlayır. Rəsmdə İsa peyğəmbərlə həvarilərin son söhbəti təsvir olunur.
   Da Vinçi daha sonra Sfortsanın at üzərində 80 metrlik bürünc heykəlini hazırlamağa başlayır. Amma 1499-cu ildə Fransa kralı XII Lüdoviqin qoşunları Milanı ələ keçirir və orada əsl vandalizm törədirlər. Françesko Sfortsanın tamamlanmamış heykəli də məhv edilir.
   
   Əsrarəngiz təbəssüm
   
   Leonardo sənətdə sfumato (italyanca “tüstü kimi yox olan”) prinsipinin yaradıcısıdır. Bu üsulla çəkilən şəkillərdə rənglər sanki bir-birində həll olunur, dəqiq sərhəd yaranmır. Həyatda olduğu kimi hər şey yayılır, biri digərinə nüfuz edir. Eyni zamanda nəfəs alır, yaşayır, fantaziyaları hərəkətə təhrik edir. O, şəkil çəkərkən qəsdən işlədiyi otağı tüstü ilə doldurardı ki, tüstü burumlarında obrazlar tapsın. Məhz sfumato prinsipi nəticəsində Cokondanın parlaq təbəssümü öz təcəssümünü tapdı. O, elə çəkilib ki, şəklə baxanda fokus nöqtəsindən asılı olaraq, Mona Liza bəzən nəvaziş və şəfqətlə gülür, bəzənsə qəzəblə baxır. Əsərin ikinci möcüzəsi odur ki, Mona Liza sanki diridir. Əsrlər keçdikcə onun təbəssümü dəyişir və nədənsə da Vinçinin bütün rəsmlərində, freskalarında qadınlar sirli bir tərzdə gülümsəyirlər. Bu təbəssümləri kişi rəsmlərində də görmək olar. «İsa peyğəmbərin xaç suyuna çəkilməsi» rəsmində Yəhya peyğəmbər xaçı - gələcək çarmıxın simvolunu göstərərək gülür. Madonna Lita qıvrımsaçlı, gələcəyin peyğəmbəri olacaq körpənin üzərinə əyilib gülümsəyir. Mona («madonna» sözünün qısaldılmış variantı) Liza gülür. Onun gülüşü haqqında cildlərlə kitablar yazılıb. Araşdırıcılar bir məsələdə həmrəydirlər: bunlar adi gülüş deyil. Böyük sirləri bilənlərin gülüşüdür.
   
   Sultan II Bəyazidə məktub
   
   Çox da uzaq olmayan keçmişdə İstanbulda Topqapı sarayında bir vərəq tapılıb. Burada Leonardo da Vinçinin Sultan II Bəyazidə məktubu və onun tərcüməsi var. Məktubun 1502-1503-cü illərdə yazıldığı güman edilir. Burada Leonardo sultana bir neçə ixtirasını təqdim edir. Onların sırasında böyük bir körpü layihəsi də var. O vaxt florensiyalılarla türklər arasında gözəl münasibətlər vardı. Da Vinçi sultana yazır: «Eşitmişəm, İstanbulla Qalatanı birləşdirən körpü tikdirmək istəyirsən, amma bacarıqlı usta tapmırsan». Da Vinçi altından yelkənli gəmilərin rahatlıqla keçəcəyi böyük bir körpünün layihəsini yaratmışdı. O, körpünün ölçülərini qeyd kitabçasında belə verib: eni 40 dirsək, sudan hündürlüyü 70 dirsək, uzunluğu 600 dirsək - bunun 400-ü su üzərindən, 200-ü quruda. O vaxt bir Florensiya dirsəyi 0,586 metr olub. Beləliklə, körpünün ölçüləri belə olmalı idi: eni 23,75 metr, sudan hündürlüyü 40,852 metr, uzunluğu 350 metr. Bu layihə o vaxt həyata keçməyib.
   Amma beş yüz il sonra - cəmi bir neçə il bundan əvvəl Norveçdə bu layihə ilə möhtəşəm bir körpü tikilib. Körpünün təşəbbüskarı olan Vebyürn Sand yazır ki, öz gözəlliyinə görə da Vinçinin layihəsi çox cazibədardır. Onun yanında XX əsrin yetmişinci illərinin layihələri köhnə dəbli görünür.
   
   Kədərli, yorğun qoca
   
   Leonardo ömrünün qürub çağlarını Fransada keçirib. 1516-cı ildə rəssam kral I Fransisk tərəfindən Fransaya dəvət olunur. Ona sarayın baş rəssamı, arxitektoru və mexaniki vəzifəsi təklif olunur. Rəvayətə görə, sarayda olanda Leonardo yayla hərəkət edən mexaniki şir düzəldibmiş. Bir dəfə bayram tədbirində şir krala doğru hərəkət edir - sanki üstünə cumacaq. Fransisk əsa ilə şiri vuranda onun sinəsi açılır və oradan kralın ayağının altına zanbaqlar tökülür.
   Leonardo da Vinçinin məşhur “Avtoportret”ində kədərli, yorğun bir qoca sanki xəyala dalıb, ötən günlərini vərəqləyir. Alnının-üzünün qırışlarında zaman donmuş kimi görünür - ixtiyar qoca ömrünün qürub çağlarını yaşayır.
   Amma yox, yaşından çox qoca görünən rəssamın cəmi altmış beş yaşı var.
   Portretdəki adam gülümsəmək istəyir, fəqət gülümsəməyə belə gücü qalmayıb. O, təbəssümü yadırğayıb...
   Leonardo da Vinçinin ölümündən otuz il sonra Corco Vazarinin "Məşhur memarların, rəssamların və heykəltəraşların həyat salnaməsi" adlı fundamental araşdırmalar kitabı işıq üzü görür. Vazari yazır ki, rəssam xəstə olanda kral onu yoluxurmuş. Bir dəfə o bayılır və Fransisk onu qaldırıb başını dizinin üstünə qoyur. Elə həmin anda da böyük rəssam canını tapşırır. Bu, 1519-cu il mayın 2-də Fransanın Turen şəhərindəki Klu qəsrində baş verir.

   Leonardo da Vinçi və Azərbaycan
   
   Leonardo da Vinçi haqqında yazılarda onun anasının müsəlman türkü, hətta azərbaycanlı olması barədə ehtimallara da rast gəlmək olur. Araşdırmalara görə, rəssamın müsəlman anasının vətəni Cənubi Qafqaz dağları və Xəzər dənizi arasında yerləşən bir ölkədir. Kanadanın “National Library and Archives” araşdırma və arxiv mərkəzində Azərbaycan və Türkiyə səfirliklərinin birgə təşkil etdikləri mühazirə zamanı bu barədə araşdırmaların nəticələri gözdən keçirilib. Da Vinçinin tədqiqatçısı Louis Buff Parry isə mühazirə zamanı olduqca maraqlı faktları açıqlayıb. Onun sözlərinə görə, rəssamın barmaq izi üzərində aparılan tədqiqat zamanı onun anasının İtaliyaya qul kimi aparıldığı məlum olub. Da Vinçinin anası Katerina adlı sadə kəndli qadın olub. Bu ad həmin dövrdə Asiyadan gətirilən və Konstantinopolda (indiki İstanbul) satılan qullara verilən ümumi ad olub. Hazırda tədqiqatçılar onun anasının satış vərəqəsini axtarırlar, çünki məhz bunun sayəsində qadının həqiqətdə haralı olacağı müəyyənləşə bilər.
   Dahinin Şərq dünyası ilə, daha dəqiqi, müsəlman-türk dünyası ilə əlaqəsi olduğunu daha bir neçə fakt təsdiqləyir. Onun II Sultan Bəyaizdə ünvanladığı məktubların birində İslam dininə olan sevgisindən və inanclarından bəhs edilib.
   “İntibah insanı”nın prototipi kimi hamının yaxşı tanıdığı da Vinçinin elmə sonsuz həvəsi və heyrətamiz ixtiraçılıq-yaradıcılıq istedadı Avropa İntibahının əsas hərəkətverici qüvvəsi olub. O bütün dövrlərin ən böyük rəssamı və çoxçeşidli qabiliyyətlərə malik ən istedadlı şəxsiyyəti kimi yaşamaqdadır.
   
   Təranə Vahid







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar