Yaddaşlardan silinməyən obrazlar yaradan Andrey Myaqkov 75 yaşını tamamlayıb
Kino həvəskarları onu “Karamazov qardaşları”nda Alyoşa Karamazov, “Qəribə təsadüf və ya həmişə təmizlikdə”də Jenya Lukaşin, “İşdə məhəbbət macərası”nda Anatoli Novoseltsev, “Qaraj”da Xvostov kimi tanıyır və sevirlər. Söhbət SSRİ-nin Xalq artisti, iki dəfə Dövlət mükafatı laureatı, 50-dən çox filmə çəkilən məşhur rus aktyoru Andrey Myaqkovdan gedir.
Andrey Myaqkov 1938-ci il iyulun 8-də Leninqradda (Sankt-Peterburq) ziyalı ailədə dünyaya göz açıb. Atası Vasili Politexnik institutunun professoru, anası Zinaida isə mühəndis-mexanik idi. Andrey məktəb illərində texniki fənlərə üstünlük verib. Yuxarı siniflərdə incəsənətə həvəsi yaranır və dram dərnəyinə yazılaraq müxtəlif rollar oynamağa başlayır. Lakin incəsənətə bu həvəsinə rəğmən məktəbi bitirəndən sonra atasının istəyi ilə sənədlərini Leninqrad Kimya-Texnologiya İnstitutuna verir və burada beş il təhsil alır.
1961-ci ilin yayında V.İ.Nemiroviç-Dançenko adına Teatr Məktəbinin müəllim heyəti gənc istedadlar axtarışı ilə Leninqrada gəlmişdi. Andrey də özünü sınamaq qərarına gəlir. İmtahan verir, iki turdan keçir, üçüncü turda gözəl şeir demək qabiliyyəti müəllimlərin xüsusilə xoşuna gəlir və beləliklə o, teatr aləminə daxil olur. 1965-ci ildə Moskva Akademik Bədaye Teatrının (MXAT) məktəb-studiyasını bitirir və həmin ildən “Sovremennik” teatrının aktyoru olur. MXAT məktəb-studiyasında oxuduğu illərdə onun yaddaşında xoş təəssüratlarla qalıb. Andrey orada gələcək həyat yoldaşı - Anastasiya Voznesenskaya (Rusiyanın Xalq artisti) ilə tanış olur, ailə həyatı qururlar.
Andrey Myaqkovun teatrda ilk rolu F.Dostoyevskinin povesti əsasında “Dayının yuxusu” tamaşasında Dayı rolu olur. Kinorejissor Elem Klimov onun istedadını çox bəyənir və 1965-ci ildə “Diş həkiminin macəraları” filmində baş rola (Sergey Çesnokov) dəvət edir. Kinoda ilk böyük işi isə 1968-ci ildə F.Dostoyevskinin romanı əsasında çəkilən “Karamazov qardaşları” filmində Alyoşa Karamazov rolu olur.
Bu rol aktyora uğur gətirsə də, kinoda vizit kartı rejissor Eldar Ryazanovun “Qəribə təsadüf və ya həmişə təmizlikdə” filmində Jenya Lukaşin roludur. Andrey bu rolu ilə bütün ölkənin tamaşaçılarını valeh edir, geniş şöhrət qazanır. Hətta bu rola görə o, SSRİ Dövlət mükafatına layiq görülür. Bundan sonra 1977-ci ildə yenidən rejissor Eldar Ryazanovun “İşdə məhəbbət macərası” filmində Anatoli Novoseltsev roluna çəkilir. Burada o, Alisa Freyndlixlə birlikdə əla aktyor dueti göstərirlər. Novoseltsev roluna görə isə Rusiya Dövlət mükafatı ilə təltif olunur.
Andrey Myaqkov özünü rejissorluqda da sınayıb. Aleksandra Qalinanın pyesi əsasında “Retro” tamaşasına quruluş verib. Bundan başqa, istedadlı aktyor iki detektiv əsərin də müəllifidir.
Bir neçə il öncə aktyor ona şöhrət qazandırmış “Qəribə təsadüf və ya həmişə təmizlikdə” filminin davamını çəkməyi Eldar Ryazanova təklif etsə də, rejissor razılıq vermir və “eyni çaya iki dəfə girmək istəmədiyi”ni bildirir. Bundan sonra Andrey Myaqkov bu təklifi rejissor Konstantin Ernstə bildirir və o razılaşır. Ssenari yazılır və 2007-ci ildə məşhur ekran əsərinin davamı lentə alınır. Lakin köhnə aktyor truppası çəkilsə də, bu film elə də uğurlu alınmır.
Bu yaxınlarda 75 yaşını sevimli həyat yoldaşı ilə birlikdə qeyd edən aktyor artıq filmlərdə çəkilmir. Aktyor 1961-ci ildən Moskvada yaşasa da, Leninqrad üçün hər zaman darıxdığını deyir. İlk illərdə hər həftənin şənbə günü qatarla Leninqrada gedib bütün günü şəhəri gəzib, bazar günü yenidən Moskvaya qayıdarmış. İndi isə Moskva artıq onun doğma şəhərinə çevrilib...
Hazırladı: Səbinə Əlibalaqızı