O, bir zamanlar SSRİ-də maraqla izlənən, rejissor Aloiza Brençanın 1983-cü ildə çəkdiyi üç seriyalı “İlğım” detektiv trillerin qəhrəmanı olub, çoxlarının sevimlisinə çevrilib. Söhbət məşhur aktrisa Mirdza Martinsonedən gedir.
   
   Mirdza Martinsone 1951-ci il avqustun 16-da Latviyanın paytaxtı Riqa şəhərində dünyaya göz açıb. Orta məktəbdə oxuyarkən əsasən riyaziyyat və kimyadan əla qiymətlər alsa da, poeziya ilə da maraqlanır, şeirləri bədii qiraət etməyə həvəs göstərirdi. Sonra tale Mirdzanı teatr sənətinə bağlayır. 1974-cü ildə Latviya Konservatoriyasının teatr fakültəsindən məzun olur. Həmin ildən də Riqa Akademik Dram Teatrında (1995-ci ildən “Dayles” teatrı adlanır) fəaliyyətə başlayır.
   Kinoda debütü 1970-ci ildə rejissor Yanis Streyçin “Mənim yerimə atəş aç” filmində olub. Sonralar bir çox ekran əsərlərində çəkilməsinə baxmayaraq, “İlğım” filmində Cinni Qordon rolu ona şöhrət gətirir. Gözəl aktrisanın keçmiş həyat yoldaşı da bu filmdə polislərdən birini oynayır. Mirdza deyir ki, bu filmdə baş rollardan birini canlandırmağına baxmayaraq, həmkarlarından az qonorar alıb. Başqa (tanınmış və təcrübəli) aktyorlar günə 50 rubl alsalar da, o, 12 rubl alırdı. Amma aktrisa güclü aktyor truppası ilə kinoya çəkildiyinə görə işin maddi tərəfi onu elə də maraqlandırmırdı. “İlğım” filminə çəkiləndən sonra aktrisaya SSRİ-nin hər yerindən məktublar gəlirdi.
   Çoxları onun əksər kino ulduzları kimi zəngin yaşadığını, heç nəyə ehtiyacı olmadığını zənn edir. Lakin aktrisa həyatı, ailəsi haqqında müsahibəsində belə deyir: “Elə də varlı həyat sürmürəm. Sadə ailəmiz var. Həyat yoldaşımla 20 il birlikdə yaşadıq. Sonra o, içki aludəçisi oldu. Bu səbəbdən də sənəti tərk etdi. Onu bu yoldan çəkindirmək istəsəm də, bacarmadım. Mən ailəmi nəyin bahasına olursa-olsun qorumaq istədim. Lakin alınmadı, ayrılmalı olduq. Hazırda o, dekorasiya işləri ilə məşğuldur. İki uşağımız var. Qızım Madara astrologiya elmi ilə maraqlanır, ezoterizmlə məşğuldur, oğlum Martinş musiqiçidir. Onlar mənim həyatımın xəzinəsidir. Hazırda “Dayles” teatrında işləyirəm. Teatrdan az maaş alıram, onun da yarısını ev kirayəsinə verirəm. Amma problem və çətinliklərə baxmayaraq, mən ruhdan düşmürəm, çox nikbin insanam”.
   “Həyatda ən çox nədən qorxursan” sualına isə aktrisa belə cavab verir: “Müharibədən. Soruşacaqsınz ki, niyə, axı sən müharibə görməmisən? Çünki nənəm, valideynlərim həmişə deyərdilər ki, nə olursa-olsun, müharibə olmasın. İstər ailədə, istər işdə, istərsə də dünyada sakitlik, əmin-amanlıq olsun. Mən müharibə şəraitində nə yeyə, nə işləyə, nə də yaşaya bilərəm...”
   Bu yaxınlarda 62 yaşını qeyd edən aktrisa rus klassiklərini latış dilində oxumağı çox sevir. Əsasən də Nikolay Qoqolun əsərlərini oxuyur. Gələcəyə ümidlə baxan aktrisa nə vaxtsa öz şəxsi evinin olacağına ümid edir, həyatda insanın hər şeyi - sevinclə kədəri belə eyni ölçüdə, eyni dərəcədə yaşadığını deyir və buna çox inanır.
   
   Hazırladı: Səbinə Əlibalaqızı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar