Bu dəfə sovet kinosunun gözəl aktrisası “Salam və əlvida”da Nadyojka, “Şirin qadın”da Anna Dobroxotova, “Payız marafonu”nda Nina Buzıkina, “Qaqrada qış axşamı”nda müğənni Melnikova rolları ilə yaddaşlarda iz qoyan, çoxlarının sevərək xatırladıqları Natalya Qundarevadan söz açacağıq.
   
   Rusiyanın Xalq artisti Natalya Qundareva 1948-ci il avqustun 28-də Moskvada anadan olub. Valideynləri mühəndis idi, atası Georgi Makarov zavodda, anası Yelena Mixaylovna konstruktor bürosunda işləyirdi. Anası teatrla çox maraqlanırdı, hətta özfəaliyyət teatrında tamaşalarda da oynamışdı. Teatra məhəbbəti qızı Natalyaya da keçmişdi.
   Ancaq Natalya ata qayğısından tez məhrum olub, beşinci sinifdə oxuyanda valideynləri ayrılıb. Anası çalışırdı ki, qızına atasının yoxluğunu hiss etdirməsin. Lakin az maaşla dolanmaq çətin idi, odur ki, tez-tez borc pul götürür, maaş alan günü isə qızı üçün bayram süfrəsi açardı. Anasının necə əzab-əziyyətə qatlaşdığını görən Natalya ona kömək etmək məqsədilə paltar tikməyi öyrənir. Özünə paltarlar tikir ki, ailə büdcəsinə köməyi dəysin.
   Aktrisa olmağı uşaqlıqdan arzulayan Natalya 8-ci sinifdə oxuyarkən Pionerlər evində teatr dərnəyinə yazılır. Kök olduğuna görə ona həmişə öz yaşına uyğun olmayan - nənə, ana, xala kimi rollar verirlər. Məktəbi bitirəndə Teatr İnstitutuna daxil olmaq istəsə də, anası razılıq vermir. Natalya anasının istəyi ilə sənədlərini İnşaat Mühəndisləri İnstitutuna verir. İki imtahanı uğurla verir. Axırıncı imtahana girmək istəyəndə uşaqlıq dostu, teatrda çalışan Viktor Pavlov onun qolundan tutaraq imtahana girməyə qoymur. Deyir ki, “Sən nə edirsən? Sənə sənədlərini Teatr Məktəbinə vermək lazımdır”.
   Natalya həyatını dəyişdirən addımı atır. O, B.V.Şukin adına Teatr Məktəbinə imtahan verərkən onun köklüyü bəzi imtahan götürən müəllimlərin xoşuna gəlmir, bəziləri isə deyir ki, yox, o, çox məlahətlidir. İmtahan komissiyasının sədri, Rusiyanın Xalq artisti Yuri Katin-Yarsev Natalyanı çox bəyənir və o, Teatr Məktəbinə daxil olur.
   Gözəl aktrisa Yuri Boqatıryov, Konstantin Raykin, Natalya Varley kimi gələcəyin tanınan sənətçiləri ilə bir qrupda oxuyur. Məktəbi bitirən il dörd yerə - MXAT, “Sovremennik”, Vaxtanqov adına Akademik Teatr və Mayakovski adına Teatra dəvət alır. Natalya sonuncunu seçir və ömrünün axırınacan Mayakovski adına Teatrda işləyir. Bir çox ekran əsərlərində tamaşaçı rəğbəti qazanan aktrisa 1979-cu ildə Georgi Daneliyanın “Payız marafonu” filmində roluna görə RSFSR-in Dövlət mükafatı ilə təltif olunur, 1986-cı ildə Xalq artisti adına layiq görülür.
   Sənətdən fərqli olaraq, şəxsi həyatı elə də uğurlu alınmır. Üç dəfə ailə həyatı qurur. Birinci həyat yoldaşı “Uçurum” filminin rejissoru Leonid Xeyfes olur. Leonid Natalyadan 14 yaş böyük olmasına baxmayaraq, münasibətləri tutur, xoşbəxt yaşamağa başlayırlar. Evləri həmişə qonaq-qaralı olur. Lakin teatr, kino çəkilişləri, gərgin sənət həyatı və saysız qonaqlıqlar aktrisaya çox pis təsir edir və o, bu evlilikdən bezir.
   İkinci dəfə işlədiyi teatrın aktyoru Viktor Koryeşkovla ailə qurur. Amma bu evlilik cəmi bir il sürür. Üçüncü dəfə aktyor Mixail Filippovla ailə həyatı qurur. Onun heç bir nikahdan uşağı olmayıb.
   2001-ci ilin iyulunda Natalya bağ evində dincələrkən halı pisləşir. Onu təcili xəstəxanaya çatdırırlar. Həkimlər onun insult keçirdiyini bildirirlər. Əri Mixail onun yanından ayrılmır, yaxşılaşması üçün əlindən gələni əsirgəmir. Natalyaya şeirlər söyləyir, kitab oxuyur, bir sözlə, başını qatır. Beləliklə, ərinin qayğısı, dostlarının və yaxınlarının diqqəti sayəsində gözəl aktrisa həyata qayıdır. Lakin həkimlər ona səhnəyə çıxmağa icazə vermir. 2002-ci ildə gəzinti zamanı Natalya yıxılır və başı yerə dəyir. Uzun müddət xəstə yatır. O, sağalıb doğma teatrına qayıtmağı çox istəyirdi. Lakin möcüzə baş vermir. Milyonların sevimli aktrisası 2005-ci il mayın 15-də 57 yaşında vəfat edir...
   
   Hazırladı: Səbinə Əlibalaqızı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar