Bu roldan sonra Nadejda Rumyansevaya “yubkalı Çarli Çaplin” adını vermişdilər
   
   Balacaboy olmasına, 20 yaşında ikən 6 yaşlı oğlan və qız rolları oynamağına baxmayaraq, çox enerjili, gülərüz, mehriban, həyatsevərliyi ilə seçilən aktrisadan söz açacağıq. Söhbət Rusiyanın Xalq artisti Nadejda Rumyansevadan gedir.
   
   O, 1930-cu il sentyabrın 9-da Smolensk vilayətinin Potapova kəndində anadan olub, ailələri bir il sonra Javoronki qəsəbəsinə köçüb. Nadya və Volodyanın uşaqlığı burada keçib.
   Nadejdanın atası qatar bələdçisi işləyirdi, İkinci Dünya müharibəsindən əlil qayıtmışdı. Ailənin kiçiyi olsa da, Nadejda çox diribaş uşaq idi. Orta məktəbdə əlaçı olmaqla yanaşı, gimnastika ilə məşğul olur, xorda oxuyurdu, məktəbi də qızıl medalla bitirmişdi.
   Sənətə böyük maraq göstərən Nadya əvvəlcə Mərkəzi Uşaq Teatrının nəzdindəki studiyada, sonra Lunaçarski adına Teatr İnstitutunda oxuyur. 1955-ci ildə Ümumittifaq Kinematoqrafiya İnstitutunun aktyorluq fakültəsini bitirir.
   Bir çox rolları ilə tamaşaçı sevgisi qazanan aktrisa 1959-cu ildə rejissor Yuri Çulyukinin “Təslim olmayanlar” kinokomediyasında Nadya Berestova roluna çəkilir. Film Minskdə keçirilən kinofestivalda mükafata layiq görülür. Bu müvəffəqiyyəti görən rejissor 1961-ci ildə Nadyanı “Qızlar” filmində Tosya Kislisına roluna çəkir. Film ekranlara çıxan kimi böyük tamaşaçı auditoriyası toplayır. Bu roldan sonra Nadyaya “yubkalı Çarli Çaplin” adını da verirlər. Aktrisa bu filmə görə 1962-ci ildə Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən kinofestivalda “Ən yaxşı qadın rolu”na görə mükafata layiq görülür. Hətta Hollivud rejissorları onu Amerikaya bir neçə filmə dəvət edir, lakin “Nadejdanın vaxtı yoxdur, o çox məşğuldur” cavabını alırlar. Bu dəvətlərdən Nadyanın heç xəbəri olmur, ya da bundan çox gec xəbər tutur.
   “Yanacaqdoldurma stansiyasının kraliçası”, “Balzaminovun evlənməsi” və digər məşhur filmlərdə yaddaqalan obrazlar yaradan aktrisa, 70-80-ci illərdə televiziyada “Budilnik” (“Zəngli saat”) verilişini aparır. Dublyaj filmlərində də onun səsi ilə çoxlu qadın rolları səsləndirilir. Bu sırada “Qafqaz əsiri”ndə Ninanı xüsusi qeyd etmək lazımdır.
   Nadejda Rumyanseva 1963-cü ildə Rusiyanın Əməkdar artisti, 1991-ci ildə isə Xalq artisti adlarına layiq görülür.
   Aktrisanın şəxsi həyatına gəldikdə, diplomat işləyən əri Vili ilə 40 il birlikdə xoşbəxt ömür sürüb, lakin övladları olmayıb. Ailə həyatı qurandan sonra aktrisa 10 il yaradıcılıq fəaliyyətinə ara verir. Onlar ərinin işi ilə əlaqədar Malayziyada yaşayırlar. Aktrisa fransız və ingilis dillərini bilirdi.
   Bir dəfə onların evlərinə oğru girir. Oğrular əvvəlcə həyat yoldaşını döyürlər, sonra Nadyanın üstünə silah çəkib pulların yerini soruşurlar. Cavab vermədikdə isə onlar Nadyanın başına zərbələr endirirlər. Polislər gəlməsəydi, bəlkə də oğrular onları öldürəcəkdilər. Bundan sonra aktrisanın möhkəm baş ağrıları başlayır.
   Buna görə də aktrisa filmlərə az çəkilir. Hətta məşhur rejissor Eldar Ryazanov onu “Müqəddəs səmada” filminə dəvət edəndə, o, razılıq vermir. Nadejda Rumyanseva deyir ki, ümumiyyətlə o, kriminal filmləri xoşlamır: “Gərək aktrisa elə filmlərə çəkilsin ki, adamda həyata ümid, məhəbbət yaratsın”.
   2008-ci il aprelin 4-də aktrisanın başında yenidən möhkəm ağrılar tutur, o, huşunu itirir. Xəstəxanaya çatdıranda isə həkimlər onun başında şiş olduğunu deyirlər. Dörd gün sonra o vəfat edir.
   
   Hazırladı: Səbinə Əlibalaqızı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar