Dünya kinosunun canlı əfsanəsi olan Sofi Loren (əsl adı Sofiya Villani Şikolone) 1934-cü il sentyabrın 20-də Romada anadan olub. Anası orta məktəbdə musiqi müəlliməsi, atası isə tikintidə mühəndis işləyib. Anası bir zamanlar aktrisa olmaq istəmiş, hətta müsabiqədə birinci yeri tutmuşdu, lakin valideynləri buna qarşı çıxmışdılar. Sofiya dünyaya gələndə isə anası ilə atası ayrılmışdılar.
   
   Romada tək yaşamaq anaya çətin olduğu üçün o, Sofiyanı götürüb kəndə, atasının evinə qayıdır. Çətinliklə də olsa, qızını böyütməyə başlayır. Üç ildən sonra Sofiyanın ata və anası barışır, bacısı dünyaya gəlir, amma atası yenidən, bu dəfə birdəfəlik onları tərk edir. Ana və iki övladı böyük çətinliklərlə üzləşirlər.
   Sofi Loren sonralar etiraf edib ki, uşaqlığı müharibə illərinə düşdüyündən həmişə qorxu içində yaşayıb. Anası müharibə qurtarandan sonra evində balaca kafe açıb. Qızı Sofi hər işdə anasına köməklik edib. Çox arıq olduğundan ona “çöp” deyirdilər. Ancaq 14 yaşına çatanda Sofi hündürboy, gözəl qıza çevrilir.
   O, aktrisa olmaq istəyirdi və anasından fərqli olaraq arzusunun reallaşacağına inanırdı. 1949-cu ildə Neapolda “Dəniz şahzadəsi” adlı müsabiqə keçirilir. Sofiyanın müsabiqəyə geyinməyə paltarı olmadığı üçün anası qızına pərdədən paltar tikir. Köhnə ayaqqabıları da ağ rənglə boyayır. 12 gözəlin içində Sofi münsiflər heyətinin daha çox xoşuna gəlir və “Dəniz şahzadəsi” adına layiq görülür. Ona pul mükafatı və Romaya iki nəfərlik səyahət bileti verirlər. Sofi Romaya anası ilə gedir. Böyük şəhər və böyük arzular. O, hər gün kinostudiyalara, jurnal redaksiyalarına gedir. Nəhayət, epizodik rollara çəkilməyə başlayır. Eyni zamanda gözəllik müsabiqələrində iştirak edərək mükafatlara layiq görülür. 1950-ci ildə isə “Miss İtaliya” müsabiqəsində birinci yeri tutur.
   Bir dəfə Sofiya rəfiqələri ilə kafedə olarkən kinoprodüser Karlo Ponti ilə tanış olur. O, Sofiyanı artıq gələcəyin ulduzu kimi görür. Amma sınaq çəkilişlərində rejissorlar və operatorlar Sofiyanı bəyənmirlər. Kimi deyir ki, arıqdır, kimi də deyir ki, burnunu plastik əməliyyat etdirsə, yaxşı olar. Lakin Sofiya buna razı olmur. Karlo onu aktyorluq məktəbinə qoyur.
   Sofiya 1952-ci ildə “Afrika dənizlər altında” filmdə baş rola dəvət alır. Təklif edirlər ki, adını dəyişib Sofi Loren qoysun. Bundan sonra o, hər il 10-a yaxın filmə çəkilir.
   Məşhur rejissor Vittorio De Sikanın “Neapolun qızılları” filmində Sofi Loren elə bil ki, özünü oynayır. Rejissor bu qızda əsl istedadı kəşf edir. Təsadüfi deyil ki, aktrisanın əksər yaddaqalan rolları məhz Vittorio De Sikanın filmləri ilə bağlıdır. 1961-ci ildə Jan Pol Belmando ilə oynadığı “Çoçara” filmi ən yaxşı qadın roluna görə “Oskar”a layiq görülür. ”Dünən, bu gün, sabah”, “İtaliyasayağı nikah”, “Günəbaxan” filmləri onu şöhrətləndirir. Son üç filmdə Sofi Marçello Mastroyani ilə tərəf-müqabil olur, bununla dünya kino sənətində məşhur duet yaranır.
   Bu arada Karlo Ponti ilə Sofi Loren arasında məhəbbət başlayır. Ponti 1957-ci ildə arvadından boşanaraq onunla evlənir, lakin evlilik qalmaqal doğurur, onlar rəsmi nikaha 1966-cı ildə girə bilirlər. Bu nikahdan 2 oğulları dünyaya gəlir.
   Kino aləminin bir çox mükafatlarını alan Sofi Loren hətta “Ginnesin rekordlar kitabı”na düşüb. 2007-ci ildə Karlo Ponti vəfat edib. Bu yaxınlarda 79 yaşını qeyd edən aktrisa sevimli oğlanları və nəvələri ilə birlikdə yaşayır.
   
   Hazırladı: Səbinə Əlibalaqızı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar