Bu dəfə sovet kinosunun ən yaddaqalan uşaq filmlərindən birində - “Buratinonun macəraları”nda baş qəhrəmanı canlandıran Dmitri İosifov haqqında söhbət açacağıq.
Dmitri İosifov 1965-ci il oktyabrın 22-də Belarusun paytaxtı Minskdə doğulub. İncəsənətdən, kinodan uzaq ailələrində atası mühəndis, anası isə bioloq olub. Kino ilə maraqlanmayan Dmitri boş vaxtlarında fiqurlu konkisürmə ilə məşğul olurdu. “Belarusfilm”in rejissoru Leonid Neçayev 9 yaşlı Dmitrini ilk dəfə məhz buz meydançasında görür və “Buratinonun macəraları” filminin sınaq çəkilişlərinə dəvət edir. Dmitri bu təklifə ürəkdən yanaşmasa da, nənəsinin təkidi ilə sınaq çəkilişinə gedir. Hətta ilk dəfə studiyaya gələndə başının ağrıdığını da bəhanə gətirir. Buna baxmayaraq, səhəri gün yenidən studiyaya gəlməli olur.
Rejissor əvvəlcə ona Arlekin rolunu verir, Buratino və Malvina roluna isə hələ də uşaq axtarışları davam edirdi. Bir müddətdən sonra Malvina roluna uşaq tapılsa da, Buratino rolu ilə bağlı axtarışlar nəticə vermir. Sonradan rejissor Leonid Neçayev fikrini dəyişərək Dmitriyə Buratino rolunu verir.
Film Krımda təxminən üç aya çəkilir. Çəkiliş zamanı saatlarla Dmitriyə “burun yapışdırmaq”la məşğul olurlar, həmişə yanında olan nənəsi də ona təsəlli verirdi. Film ekranlara çıxanda böyük müvəffəqiyyət qazanır və Dmitri İosifovun həyatında da dəyişiklik edir. Əvvəllər hər şey Dmitriyə maraqsız görünsə də, sonralar çəkiliş meydançası, qrim, rejissorluq işi onu cəlb etməyə başlayır. Onu bir-birinin ardınca filmlərə dəvət edirlər və beləliklə, orta məktəbi bitirənəcən bir neçə uşaq filminə çəkilir.
Kinoda uğurlarına baxmayaraq, Dmitri atasının istəyini də nəzərə alaraq, orta məktəbi qurtaranda sənədlərini Politexnik İnstitutuna vermək istəyir. Avqust ayında keçiriləcək imtahanlara hələ iki ay vardı və o, bu vaxtdan istifadə edərək bəxtini sınamaq məqsədilə Moskvaya gedir. Burada yenidən rejissor Leonid Neçayevlə görüşür. Rejissor onu Ümumittifaq Kinematoqrafiya İnstitutuna aparır, lakin boyu balaca olduğuna görə heç kəs onu bəyənmir. Leonid Neçayev həmkarlarına Dmitri haqqında yüksək fikirlər söyləyir, gəncin boyunun isə yaşına görə hələ artacağını deyir. Beləliklə, Dmitri instituta - məşhur aktyor Aleksey Batalovun qrupuna qəbul edilir.
Dmitri İosifovun tək kinoda deyil, şəxsi həyatında da təsadüflər xüsusi yer tutur. Belə ki, həyat yoldaşı Natalya ilə təsadüfən, qardaşının sənədlərini institutun qəbul komissiyasına apararkən tanış olur. Onların arasında məhəbbət başlayır, bir müddətdən sonra ailə həyatı qururlar. Bir oğulları dünyaya gəlir, institutu qurtarandan sonra Dmitri ailəsi ilə Minsk şəhərinə qayıdır. Burada o, 6 il teatrda işləsə də, “Lenfilm” studiyasında filmlərə də çəkilir. Ən yaxşı rolu isə “Gözətçi” filmindəki baş serjant Joxin olur. Film “Qərbi Berlin-90”, “Strasburq-90”, “Stalker-95” mükafatlarına layiq görülüb.
Aktyorluqda uğur qazansa da, Dmitri İosifovu rejissorluq sənəti daha çox maraqlandırırdı. 1990-cı ildə Belarus İncəsənət Akademiyasının rejissorluq fakültəsinə qəbul olur və teatrı tərk edərək reklam roliklərinin çəkilişi ilə məşğul olmağa başlayır. Bir dəfə Moskvada yaşayan tələbə yoldaşı onun reklam rolikini görür və çox bəyənir. Dmitrini Moskvaya dəvət edir. Moskvada o, 40-dan çox reklam çarxı çəkir. Dmitri İosifov “Axırıncı qəhrəman” və “12 zənci” filmlərinin də rejissorudur. Ən məşhur serialı “Öldürücü güc”dür. Bu serialın geyim üzrə rəssamı isə həyat yoldaşı Natalyadır.
Hazırda Dmitri ailəsi ilə Moskvada yaşayır, üç oğlu var. Rejissorluqla bərabər ssenarilər də yazır. Böyük oğlu Kinematoqrafiya İnstitutunun operator fakültəsində oxuyur.
Bu yaxınlarda, sentyabrın 15-də Samara şəhərində Aleksey Tolstoyun 130 illik yubileyi münasibətilə ədibin ev-muzeyinin yanında məşhur qəhrəmanının - Buratinonun heykəlinin açılışı keçirilib. Açılışa qatılan Dmitri İosifov alqışlarla qarşılanıb. O deyir: “Baxmayaraq ki, neçə illər keçib, indinin özündə də hamı məni Buratino kimi tanıyır...”
Hazırladı: Səbinə Əlibalaqızı