Bu dəfə sovet kinosunun əfsanəsi, 80-dən artıq filmdə yaratdığı obrazlarla çoxlarının sevimlisinə çevrilmiş SSRİ Xalq artisti Lyudmila Qurçenko haqqında söhbət açacağıq.
Lyudmila Qurçenko 1935-ci il noyabrın 12-də Ukraynanın Xarkov şəhərində anadan olub. Atası “Amerikanın köpək balığı” filminə baxandan sonra filmin qəhrəmanının şərəfinə qızının adını Lyudmila qoyub. 1943-cü ildə Lyudmila orta məktəbdə birinci sinifə gedir, eyni zamanda musiqi məktəbində təhsil almağa başlayır. 1953-cü ildə orta məktəbi bitirir, sənədlərini Moskva Dövlət Kinematoqrafiya İnstitutuna verir və tələbə adını qazanır.
İnstitutda həm yaxşı oxuduğuna, həm də yaxşı səsi olduğuna görə müəllimlərin sevimlisinə çevrilir. Üçüncü kursda F.Şillerin “Quldurlar”ında ilk rolunu oynayır. 1956-cı ildə Eldar Ryazanovun “Karnaval gecəsi”ndə oynadığı Lena Krılova rolu ona şöhrət gətirir. 1958-ci ildə institutu bitirir. Həmin il rejissor Yan Fridin “Düzgünlük yolu” filminə və M.Faynsimmerin “Gitaralı qız” filminə çəkilir. Elə həmin ildə institutda təhsil alan, gələcəyin ssenarist və tarixçisi Boris Andronikaşvili ilə tanış olur. Bir müddət sonra onlar evlənirlər, 1959-cu ildə qızları Mariya dünyaya gəlir. Lakin bu nikah uzun sürmür və üç ildən sonra onlar ayrılırlar.
Ümumiyyətlə, sənətdəki uğurlarına baxmayaraq, Lyudmila Qurçenkonun şəxsi həyatı uğurlu alınmayıb. 1962-ci ildə aktyor Aleksandr Fadayevlə, 1967-ci ildə məşhur müğənni İosif Kobzonla ailə həyatı qurur, amma hər ikisi ilə üç il yaşayır. 1973-cü ildə aktrisa “Köhnə divarlar” filmində Anna Smirnova roluna çəkilir. 1976-cı ildə bu roluna görə “Şöhrət" ordeninə layiq görülür. Bundan sonra o, “Ana”, “Səma qaranquşları”, “Küləşdən papaq”, “Mexanik Qavrilovun sevimli qadını” və s. filmlərə çəkilir. 1977-ci ildə aktrisa Konstantin Kuperveyslə ailə həyatı qurur və bu evlilik 18 il sürür. Konstantindən ayrılandan sonra aktrisa prodüser Sergey Seninlə nikah bağlayır və ömrünün axırınacan onunla birgə yaşayır.
1982-ci ildə rejissor Eldar Ryazanovun “İki nəfər üçün vağzal” filmində Vera Nefyodova roluna çəkilir. Film 1983-cü ildə Kann kinofestivalında nümayiş olunur, aktrisa isə SSRİ Xalq artisti adına layiq görülür.
Lyudmila Qurçenko aktrisalıq istedadı ilə yanaşı, müğənni kimi də özünü sınayır, 1987-ci ildə ilk solo konsertini verir. 1998-ci ildə nəvəsinin, bir il sonra isə anasının vəfatı ilə depressiya keçirir, bir müddət sənətdən uzaq düşür. 2000-ci ildə Eldar Ryazanovun “Qoca yabılar” filmi ilə kinoya qayıdır və daha bir neçə ekran əsərinə çəkilir. Aktrisa 2011-ci ilin fevralında xəstələnir və martın 30-da ürəktutmasından vəfat edir.
Hazırladı: Səbinə Əlibalaqızı