Nyu-Yorkun “Les Enluminure” qalereyasının əməkdaşları yenicə əldə edilən əlyazmaların birində kenquru rəsmi aşkarlayıblar. Mütəxəssislərin fikrincə, bu fakt Avstraliyanın kəşf olunması ilə bağlı tarixçilərin mövqeyini dəyişə bilər.
Yeni tapıntı ilə bağlı “The Age” jurnalının əməkdaşları ictimaiyyətə ətraflı məlumat veriblər. Bu əlyazma kilsə mahnılarının notlarının yer aldığı Əlyazmalar Qalereyası tərəfindən portuqaliyalı kolleksiyaçıdan 15 min dollara alınıb. Onun 1580-1620-ci illərə aid olduğu bildirilir.
Tarixdən məlumdur ki, Avstraliyaya ilk dəfə 1606-cı ildə hollandiyalı Billyem Yanszon ayaq basıb. Beləliklə, yeni sənəd Avstraliyanın kəşfində portuqaliyalıların öndə olduğunu göstərir. “Ya bu manuskriptin müəllifi Avstraliyada olub, ya da Avstraliyada yaşayan heyvanların təsvirləri həmin vaxt Portuqaliyada məlum idi”, - deyə qalereyanın əməkdaşı şərh verib.
Bəzi tədqiqatçıların fikrincə, portuqaliyalılardan öncə, Avstraliyanı indoneziyalı ovçular kəşf edib. Elmi dairələrdə bu məsələ ilə bağlı müzakirələr hələ də davam etdirilir.