Tanrıdan aşağı, bütün sənət dahilərindən yuxarı - Leonardo da Vinçi...

Bu sözlər də - ona dair sıradanbir fikir “eskiz”i. Neçə yüzillikdir ona edilən heyrətlərdən, onun sirri-Xuda dodaqlı “Mono Liza”sına bəşəri məcnunluqlardan biri.

Bugünədək ona yönəli yazılmış, çəkilmiş, tişələnmiş işlərinsə nəinki heç biri, hətta cəmi də onun bircə işinə belə qeyri-adekvat...
Bəs, beş yüz ildən çoxdur bu dünyanın heç də “beşgünlük” olmadığını bütün bəndələrə görk etməkdə olan bu Allah bəndəsinin qədir-qiymət qarşılığı haçan ödənəcək?..
Deyirəm, bəlkə, da Vinçi öz fırça bəndəsinin - Cokondanın sehrstan təbəssüm kodunda bəndələrin bu havayı cəhdinə dair də bir fayl-fal yerləşdirib?..
Olar, olar... Hələ sağlığında İtaliya intibahının rəmzi, “Universal İnsan tipi”nin ən parlaq nümayəndəsi sayılan ensiklopedik alim, riyaziyyatçı, mühəndis, ixtiraçı, rəssam, heykəltəraş, memar, musiqiçi, yazıçı... da Vinçidən nə desən çıxarmış. Nə olsun ki onun ixtiralarından ətrafındakılarının heç birinin başı çıxmırmış. Elə çoxu da bu səbəbdən ruhdan düşür və 1516-cı ildə kral I Françiskdən dəvət alcaq Fransaya köçür və ömrünün sonunadək orada yaşayıb-yaradır.
Yazı-pozularda tez-tez işlənən “yaşayıb-yaradır” sözü məni bir az diksindirdi və sənətlə məşğul olanlar ilə əlaqədar eninə-boyuna təkrarlanan bir ifadə də yadıma düşdü -

Təkrarolunmaz...

Bəli, bu qiymət bütünlükdə da Vinçiyə layiq! Axı, bu boyda dünyanın neçə-neçə dahi rəssamının saysız şedevrləri içərisində yalnız bir əsər - Mikelancelonun “Adəmin yaradılışı” onun “Mona Liza” və “Sonuncu şam”ına bərabər tutulur...
Baxmayaraq ki, günümüzə dahi rəssamın on beşcə rəsm əsəri gəlib çıxıb, elə buncığaz da - o vaxtdan bu vaxta bu sahə adamları üçün təkrarolunmaz qiyabi məktəb, misilsiz bəhrələnmə-mənbə rolu oynayır.
O, öz dövründə qavranılmayan ixtiraları (velosiped, helikopter, sualtı qayıq, skafandr, tank, konsentrə edilmiş günəş enerjisi, kalkulyator, ikikorpuslu gəmi, plitələrin tektonikası haqda ibtidai fikirləri və s.), mürəkkəb texnologiyaları ilə də təkrarolunmaz konseptoloq olub. Hansı ki, onun bu çertyojları yüz illər sonra dünyanın texnosivilizasiyasının əsaslarına çevrilib. Anatomiya, optika, hidrodinamika elmləri üzrə də mükəmməl inkişaf töhfələri vermiş da Vinçi dünyanın bir çox ölkələrində aparılan geniş rəy sorğusunda “ikinci minilliyin ən böyük şəxsiyyəti” qənaətinə layiq olub.

Zirvə heyrət, zirvə şöhrət, zirvə sənət...

Bütün bunların bünövrəsi Şura sarayından başlayır. Florensiya Respublikasının dekretilə da Vinçiyə (Mikelancelo ilə birgə) sarayın freska işləri sifariş edilir. Özündən otuz yaş kiçik Mikelancelo - sonralar bir mübahisə zamanı onu “At rəssamı!” atmacası ilə təhqir edəsi bu çox ciddi, təhlükəli rəqib - 1503-cü ildə öz variantını hazırlayıb təhvil verir, da Vinçi isə bu işə 1504-də başlayır. 1505-ci ildə karton üzərinə çəkilmiş hər iki əsər Şura sarayında yanaşı qoyulur, Florensiya hökuməti isə bu dahilər arasında intriqanın daha da alovlanmaması üçün freskanın reallaşdırılmasını lazım bilmir...
Dahilər dahisi da Vinçi “stumato” (tüstü kimi yox olma) üslub-prinsipinin yaradıcısı kimi də tanınır. Belə ki, o, işlərkən otağı tüstüylə doldurarmış ki, onun buğum-burumlarında obrazlar da tapsın. Bu üsullu şəkillərdə heç bir dəqiq sərhəd olmur, rənglər sanki bir-birində əriyir, hər şey yayılıb, canlı həyatda olduğu kimi - fantaziyaların hərəkətilə sanki nəfəs alır, yaşayır...
Dahi rəssamları da heyran qoyan “Cokonda” da parlaq təbəssümünü “stumato”dan alıb. Dünyanın bütün dillərindəki “gözəllik” terminlərindən də Gözəl olan Cokondanın kimliyi haqda mübahisələr, əfsanələr, real versiyalar isə elə onun əsrarəngiz saçlarının sanı qədər! Müəllifin məşhur bioqrafı Vazariyə görə, bu əsər konkret sifarişlə çəkilib: «Leonardo fırçaya sarılıb Françesko del Cokonde üçün onun arvadı Mona Lizanın portretini çəkməyə başladı. Hazırda Fransa kralının kolleksiyasında olan bu portret üzərində dörd il işləyib, rəsmi yarımçıq qoydu. Leonardo iş zamanı emalatxanaya xeyli adam toplayırdı. Onlar lirada çalır, mahnı oxuyurdular. Burada həmişə təlxəklər də olurdu. Onlar melanxoliyanı qovub, şən ovqat yaratmağa çalışırdılar”.
Ziqmund Freyd isə yazır ki, “bu versiya özünü doğrultmur. Əgər belə idisə, Françesko del Cokondonun arvadının rəsmi necə olub ki, Leonardoda qalıb və Fransaya aparılıb?..”
Da Vinçi isə öz fırçasıyla sonralar özü haqda deyilənlərdən, yazılanlardan daha çox, daha maraqlı danışıb. Məsələn, onun bütün rəsmlərində, freskalarında qadınlar sirli-sehrli rəngarəngliklərlə gülümsəyirlər. Belə təbəssümlər kişi rəsmlərində də az deyil, amma xeyli fərqli fon-tonlarda. Məsələn, Yəhya peyğəmbər (“İsanın xaç suyuna çəkilməsi”ndə) xaçı - gələcək çarmıxın simvolunu göstərərək, sənətdən“xaric” bir təbiiliklə gülür.
...İstanbulun Topqapı sarayında tapılan adi bir vərəq də da Vinçidən danışır. Onun türk sultanı II Bəyazidə yazdığı (tərcümədə) məktub 1502-1503-cü il gümanlıdır. Leonardonun sultana elani-təqdim etdiyi ixtiralar sırasında böyük bir körpü layihəsi də var. O vaxtlar florensiyalılarla türklər arasındakı gözəl münasibətlərə güvənən da Vinçi sultana çox səmimi xitablarla yazır: “Eşitmişəm, İstanbulla Qalatanı birləşdirən körpü tikdirmək istəyirsən, amma bacarıqlı usta tapmırsan”.
Da Vinçinin (altından yelkənli gəmilərin rahatlıqla keçəcəyi) əzəmətli körpü layihəsi beş yüz il sonra Norveçdə reallaşdırıldı.

Daha bir “təkrarolunmaz”lıq...

Leonardonun atası - bir neçə nəsil notarius işləmiş şəcərədən olan Pyero Vinçi - dörd dəfə evlənmiş və on iki uşağı varmış, Leonardo isə Katerina adlı bir kəndli qızından (15 aprel 1452) qanundankənar doğulubmuş. Sonradan evləndiyi qadından uşaqları olmayan ata Leonardonu qanuni oğul kimi qəbul edir və istəyir ki, “kəbindənkənar” qəbahətilə doğulmuş bu övladı da notarius olsun. Amma… xoşbəxtlikdən (əks təqdirdə dünya Leonardo da Vinçisiz qalarmış) o vaxtın qanunlarına görə, kəbindənkənar uşaqlar notarius və həkim ola bilməzmiş.
Leonardonun xüsusi istedadını görən ata Florensiyaya köçür, oğlunun rəsmlərini köhnə dostu, məşhur heykəltəraş, rəssam və zərgər kimi tanınan A.Verokkoya göstərir. Bu “uşaq işləri”ndən heyrətə gələn Andrea: “Ey, balaca dahi, sən özünü bütünlükdə rəssamlığa həsr etməlisən!” - deyir.
Bu, o dövrmüş ki, İtaliya elmi və incəsənəti tarixi İntibah dövrünə qədəm qoyubmuş və Leonardo bütün eraların bu bənzərsiz idrak, istedad, sənət, incəsənət fütuhatına ildırım sürəti verdi...

T.Əhmədalılar







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar