Qədim dövrlərdən Şərq xalqları qeyri-adi sənət və memarlıq abidələri ilə dünyanı heyrətə gətirib. Belə mədəni miraslar fərqli arxitekturası, özünəməxsusluğu ilə insanların marağına səbəb olub. İranın İsfahan şəhərindəki bir şam işığına qızdırılan hamam da belə nadir nümunələrdəndir.

XVII əsrin tarixi memarlıq abidəsi olan hamamın memarı həmin dövrün məşhur din xadimi, ensiklopedik bilik sahibi Bəhauddin Məhəmməd Amuli olan Şeyx Bəhai (1546-1622) olub. Araşdırmalarda göstərilir ki, o, dini elmlərlə yanaşı, dünyəvi elmləri də dərindən bilib. Həmçinin istedadlı şair kimi tanınıb və ərəb, fars dillərində irfani şeirlər yazıb. Şeyx Bəhai Səfəvi hökmdarı Şah Abbasın tikdirdiyi bir çox binaların memarı olub.
Onun maraqlı və sirli ixtiraları çox olub. İsfahan şəhəri yaxınlığında tikdirdiyi, bu günə qədər varlığını qoruyan “Yellənən minarələr”in sirri heyrət doğurur. Ancaq alim-memara böyük şöhrət gətirən bir şam ilə qızdırılan hamamdır. Təəssüf ki, adı ölkə hüdudlarını aşan, memarına şöhrət gətirən bu tikilinin aqibəti uğursuz olub.
Çünki onun işləmə qaydasını öyrənməyə çalışan əcnəbi mütəxəssislər Zəndilər sülaləsinin hakimiyyəti dövründə (1790-cı illər) zirzəmini söküb və isitmə mexanizmini çıxarıb İngiltərəyə aparıblar və şam-hamam beləcə fəaliyyətini dayandırıb.
Şeyx Bəhai sağ ikən bu nadir abidə haqda deyib: “Əgər mənim vəfatımdan sonra hamamın zirzəmisini açıb su anbarını söksələr, orada yanan şam sönəcək. Hamam bir daha əvvəlki qayda ilə işləməyəcək”. Mütəxəssislər bu fikirlə tanış olarkən belə qənaətə gəliblər ki, görünür, memar fəzanın hermetikliyinin pozulacağını nəzərdə tutaraq bunu söyləyib.
Mənbələrdə Şeyx Bəhainin atom enerjisindən xəbərdar olması və hamamın isitmə sistemini bunun əsasında qurması da iddia edilib. Xalq arasında yaranmış təsəvvürə görə, memar guya hamamın su anbarının altında adi bir şam qoyubmuş. Bu şam gecə-gündüz yanaraq, bütün suyu qızdırırmış. Əlbəttə, hər şey heç də bu qədər primitiv olmayıb. Alimlər müəyyən ediblər ki, Şeyx Bəhai hamamda fiziki və kimyəvi qanunlar əsasında fəaliyyət göstərən çox mürəkkəb bir sistem qurubmuş. Sadəcə olaraq, o zamanlar insanlar bunu anlaya bilmədiklərindən bu cür əfsanələr yaranıb.
Uzun illər aparılan araşdırmalar nəticəsində hamamın fəaliyyət mexanizminin sirri açılıb. Məlum olub ki, Şeyx Bəhai suyu isitmək üçün nə adi şamın istiliyindən, nə də atom enerjisindən deyil, yanar qazlardan istifadə edibmiş. Belə ki, o, yaxınlıqda yerləşən məscidin təharətxanasında su və kükürd oksidinin bir-birindən ayrıldığını müəyyən edir. Həmin qazlar saxsı borular vasitəsilə hamamın altındakı xüsusi anbara nəql edilir və burada yandırılır.
Vaxtilə hamamın yaxınlığında və Şeyx Bəhainin evi ətrafında aparılan arxeoloji qazıntılar zamanı saxsı boru qırıntıları, təcrübə şüşələri (kolbalar) aşkar edilib. Bunların alim tərəfindən hamamın layihəsində istifadə edildiyi ehtimal olunur. Üstəlik, hamamın isitmə kamerasının (bu, küp şəklində olub) aşağı hissəsində heç bir yanacaq tullantısı (kömür və ya kül) aşkar edilməyib. Məhz buna görə də hamamın yanar qaz hesabına işlədiyi qənaətinə gəlinib.
Son dövrlər İranın Xorasan şəhərində Şeyx Bəhainin layihəsi əsasında yeni hamam tikilib. Bu, quruluş və iş prinsipi baxımından həmin hamamla, demək olar ki, eynidir. Yalnız fərq ondadır ki, yeni hamamda qazanxana və suyu ötürən borular mislə əvəz olunub (qədim hamamın qazanxanası və suyu ötürən boruları qızıldan olub). Bəllidir ki, metalların içində qızıl ən yüksək istilik keçirmə qabiliyyətinə malikdir. Qızılı müəyyən dərəcəyə kimi isitmək üçün başqa materiala nisbətən dəfələrlə az yanacaq və enerji kifayət edir.

Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar