Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 6-dan 10-dək İordaniya Krallığında səfərdə olub. Səfər zamanı Ədalət Vəliyev İordaniyanın turizm və tarixi əsərlər naziri Suzan Afaneh, mədəniyyət nazirinin müavini Cireys Səmavi, Əmmanda yerləşən Kral Mədəniyyət Mərkəzinin baş direktoru, Milli Kitabxananın baş direktoru, Hüseyn Gənclər Şəhərciyinin və Hüseyn Mədəniyyət Mərkəzinin rəhbərliyi, habelə Zarka şəhərinin Kral II Abdullah Mədəniyyət Mərkəzinin baş direktoru ilə görüşlər keçirib.
   
   Görüşlər zamanı iki ölkə arasında mədəniyyət və turizm sahələrində əməkdaşlıqla bağlı məsələlər müzakirə olunub və İordaniyada 2010-cu ilin 29 noyabr - 3 dekabr tarixlərində Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsi barədə razılığa gəlinib. Cireys Səmavi Azərbaycan Mədəniyyəti Günlərinin İordaniya televiziyaları və KİV-də geniş işıqlandırılacağını qeyd edərək, tədbirlərin paytaxt Əmmandan kənarda da keçirilməsini təklif edib. Bundan başqa, cənab C.Səmavi iki ölkə arasında mədəniyyət sahəsində təcrübə mübadiləsinin vacib olduğunu qeyd edib və muzey işi sahəsində Azərbaycanın təcrübəsindən yararlanmaq arzusunda olduqlarını da bildirib. Səmimi şəraitdə keçən görüşlərdə tərəflər musiqi, rəqs, muzey və kitabxana işi, ədəbi əsərlərin qarşılıqlı tərcüməsi sahələrində əməkdaşlığın inkişaf etdirilməsi, təcrübə və nümayəndə heyətlərinin mübadiləsi, ustad dərslərinin təşkili barədə fikir mübadiləsi aparıblar. Qədim tarix və ədəbiyyata malik hər iki xalqın ədəbiyyat və poeziya sahəsində olan nümunələrinin mütəxəssislər tərəfindən tərcümə olunub geniş oxucu kütləsinə çatdırılmasının əhəmiyyəti vurğulanıb.
   Nümayəndə heyətinin üzvləri mədəniyyət günlərinin keçiriləcəyi mədəniyyət ocaqları və mərkəzləri ilə tanış olublar.
   Nümayəndə heyətinin İordaniyaya səfərinin mədəni proqramı da maraqlı olub. Azərbaycan nümayəndə heyətinin üzvləri qədim və zəngin tarixi-mədəni irsə, geniş turizm potensialına malik İordaniyanın Petra və Cəraş şəhərlərinə səfərlər edib, Əmmanın bir sıra tarixi yerlərində, Ölü dənizdə olublar.
   Səfər zamanı nümayəndə heyətinin üzvləri Azərbaycanın İordaniyadakı səfirliyinin yeni binası ilə də tanış olublar. Səfirlikdə mədəniyyət və turizm sahələrində Azərbaycan-İordaniya əməkdaşlığının inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Nümayəndə heyətimizin keçirdiyi görüşlərdə Azərbaycanın İordaniyadakı səfiri E.Araslı da iştirak edib. Səfər İordaniya mətbuatında işıqlandırılıb.