Rusiyanın teatr və kino aktrisası, bir çox mükafatların laureatı, şairə, Əməkdar artist Natalya Varley 1947-ci il iyunun 22-də Rumıniyada anadan olub. Atası gəmi kapitanı, anası isə evdar qadın olub. Onun uşaqlığı Murmansk şəhərində keçib. İstedadlı Natalya 4 yaşından şeirlər yazmağa başlayıb. Sonralar rəsm çəkməklə də məşğul olub, musiqi məktəbinə gedib. Uşaqlıqdan kitab oxumağı çox sevib. Fiziki cəhətdən zəif uşaq olub, revmokardit xəstəsi olduğundan həkimlər ona idmanla məşğul olmağı qadağan ediblər.
50-ci illərin sonunda onların ailəsi Moskvaya köçür. Bir gün anası Natalyanı sirkə aparır. Kassada onlar uşaq sirk studiyasına dəvətlə bağlı bir elan görürlər. Səhəri gün Natalya anasından gizlin həmin ünvana gedir. Onu bəyənirlər və studiyaya qəbul olunur. 1965-ci ildə Sirk və Estrada Sənəti Məktəbini bitirir və Moskva sirkinin truppasında ekvilibrist kimi işləməyə başlayır.
Bir dəfə o, məşhur kloun Leonid Yengibarovla çıxış edir. Natalyanın kinoya gəlişinin əsas səbəbkarı da məhz Leonid olur. Leonid Yengibarovun ən yaxın dostu, Odessa kinostudiyasının rejissoru Georgi Yunqvald 1966-cı ildə sirkin yeni proqramının təqdimatına gəlir və orada Natalyanı görür. O, rejissorun o qədər xoşuna gəlir ki, Yunqvald elə həmin andaca onu çəkəcəyi “Göy qurşağının formulu” filmində epizodik tibb bacısı roluna dəvət edir. Natalya razılıq versə də, film ekranlara çıxmır.
Həmin vaxt kinostudiyada Leonid Qaydayın assistenti Natalyanı görür və onu “Qafqaz əsiri” filminin sınaq çəkilişlərinə dəvət edir. Natalya müsabiqədən uğurla keçir və filmdə Nina rolunu məharətlə oynayır.
1967-ci il aprelin 1-də filmin premyerası keçirilir. Film və xüsusən də Natalya Varley ümumittifaq şöhrəti qazanır. O, gözəlliyi və füsunkarlığı ilə ürəkləri fəth edir. Bu ekran əsərindən sonra aktrisanın pərəstişkarları ona dinclik vermir. Natalyaya çoxlu məktublar və sevgi etirafları gəlir. Filmin geniş prokat qazanmasına baxmayaraq, Natalyaya roluna görə cəmi 300 rubl qonorar verirlər. Bununla belə, o etiraf edir ki, taleyini “Qafqaz əsiri” filmi dəyişib.
Bu filmdən sonra o, sirkdən çıxıb Şukin adına Teatr Məktəbinə daxil olur. Burada qrup yoldaşı, məşhur aktyor Vyaçeslav Tixonovun oğlu Vladimir Tixonovla tanış olur. Natalyanı “Qafqaz əsiri” filmindən görüb bəyənən Vladimir onunla birgə diplom tamaşasında tərəf-müqabil olurlar. Onlar 1971-ci ildə ailə həyatı qururlar. Natalya məktəbi bitirəndən sonra K.Stanislavski adına Moskva Dram Teatrında işləməyə başlayır. 1972-ci ildə onların Vasili adında bir oğulları doğulur. Teatrda işləməsinə baxmayaraq, Natalya filmlərə də çəkilir: “Viy”də Pannoçka, “12 stul”da Liza, “Moskvada üç gün”də Olya Potapova, “Mənim atam idealistdir”də Alyona, “Köhnə məktub”da Liza və s. Lakin Vladimirin qısqanclığı və içki düşkünlüyü aralarında tez-tez mübahisələrə səbəb olur və onlar ayrılırlar. Aktrisa bundan sonra daha iki dəfə ailə həyatı qurur, ikinci evliliyindən Aleksandr adlı oğlu dünyaya gəlir.
1978-ci ildə Natalya Varley teatrdan uzaqlaşır. Sonra Ədəbiyyat İnstitutunda oxuyur, şeirlərinə mahnılar yazılır. 1992-ci ildə bəstəkar Nikolay Şerşnlə birgə qramplastinkası çıxır və demək olar ki, hamısı satılır.
Filmlərin dublyajında fəal iştirak edir, irili-xırdalı 2 minə yaxın rolu səsləndirib. 1990-cı illərin ən çox sevilən teleserialı olan “Yabanı qızılgül”də Veronika Kastronu da tamaşaçılar onun səsi ilə seviblər.
67 yaşlı aktrisanın böyük oğlu Vasili Müasir İncəsənət İnstitutunu bitirib, ikinci oğlu Aleksandr isə jurnalistdir. Aktrisanın Yevgeni adlı bir nəvəsi də var.

Səbinə Əlibalaqızı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar