Aktrisa, balerina və “SSRİ-nin ən balaca fiqurlu konkisürəni”

O, çoxlarımızın uşaqlıq xatirələrində “Morozko” filmindən sakit, ağıllı, ögey anasının zülmlərinə dözən, utancaq qız kimi qalıb. Sonralar teatr və kinoda oynadığı rollarla yanaşı, balerina, fiqurlu konkisürən kimi də tanınıb.

Natalya Sedıx 1948-ci il iyulun 10-da Moskvada anadan olub. Onun sənət yolunun maraqlı tarixçəsi var.
Bir dəfə balaca Natalya televizorda beynəlxalq fiqurlu konkisürmə yarışına baxarkən çexoslovakiyalı idmançı İndra Kramperovanın çıxışı ona çox təsir edir. Valideynlərindən xahiş edir ki, onu da fiqurlu konkisürmə dərnəyinə yazdırsınlar. Amma yaşı az olduğundan onu dərnəyə götürmək istəmirlər. Bundan çox təsirlənən 4 yaşlı Natalya birdən cəsarətli addım ataraq xalçanın üstünə çıxır və elan edir: “Qarşınızda İndra Kramperova çıxış edir”. Balaca Natalya elə hərəkətlər göstərir ki, hamı təəccüblənir. Məşqçi Tatyana Qranatkina onu dərnəyə götürməyə razılaşır. Beləliklə, o, 4 yaşından ilk dəfə buz üstündə dayanır və “SSRİ-nin ən balaca fiqurlu konkisürəni” kimi tanınır. 6 yaşında reklam rolikinə də çəkilir.
Natalya Böyük Teatrın nəzdində fəaliyyət göstərən xoreoqrafiya məktəbinə imtahandan uğurla keçir və burada oxumağa başlayır.
Bir müddətdən sonra idman yarışı zamanı buz üzərində “Qu quşunun rəqsi”ni oynayır. Təsadüfən bununla bağlı reportajda kinorejissor Aleksandr Rou ilk dəfə onu görür və çox bəyənir. Rejissor 15 yaşlı Natalyanı “Morozko” filmində Nastenka roluna dəvət edir. Çəkiliş vaxtı bir epizodu Natalya hələ də unuda bilmir.
Həmin epizodda o (Nastenka) buz çalasına yıxılmalı idi, amma sudan qorxan Natalya buna ürək eləmir. Üç dəfə uğursuz dubldan sonra rejissor Aleksandr Rou onun üstünə elə qışqırır ki, qız qorxudan suya yıxılır.
Nağıl-film 1964-cü ildə ekranlara çıxır və aktrisaya şöhrət gətirir. Lakin bu şöhrət dörd yaşından buz üstündə nailiyyətlər əldə edən Natalyanın xarakterində heç bir dəyişiklik etmir. 1965-ci ildə o, “Don Kixotun uşaqları”nda, 1968-ci ildə yenidən Aleksandr Rounun “Od, su və mis trubalar” filmində, 1969-cu ildə “Mavi buz” və s. ekran əsərlərinə çəkilir.
1969-cu ildə Böyük Teatrın nəzdində fəaliyyət göstərən xoreoqrafiya məktəbini bitirərək teatrın professional balerinası olur və bir çox tamaşalarda əsas rolları oynayır. Ən məşhur rolu isə “Anna Karenina”da Kiti olur. Truppa ilə bir çox qastrollara gedir. Həyat yoldaşı bəstəkar Viktor Lebedevlə də belə qastrolların birində Sankt-Peterburqda tanış olur. Onlar evlənirlər, Aleksey adında oğulları dünyaya gəlir. 10 il sonra Natalya Moskvada, Viktor isə Sankt-Peterburqda işlərinin çox olduğunu əsas gətirərək ayrılırlar.
Xoreoqrafiya məktəbində dərs deyən Natalya Sedıx 1978-ci ildən sonra filmlərə dəvətlər alsa da, razılıq vermir. Nəhayət, 1990-cı illərdə kinoya qayıdır. “Tren-bren” (1994), “Hava proqnozu” (2000), “İlin ən yaxşı vaxtı” (2007), “Barışıq” (2010) filmlərinə çəkilir.
Bu yaxınlarda aktrisa 66 yaşını qeyd edib. Oğlu Aleksey orta məktəbi bitirəndən sonra atasının yanına gedib və Sankt-Peterburq Universitetinin beynəlxalq əlaqələr fakültəsində, Turizm və İncəsənət Akademiyasında ali təhsil alıb, öz ixtisası üzrə işləyir. Anasını isə heç vaxt unutmur.

Səbinə Əlibalaqızı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar