Musiqi, rəng və rəqslər

Yaponiyada dünyanın ən böyük yay festivallarından biri keçirilir

Avqustun 2-də Yaponiyanın şimal-şərqində yerləşən Aomori şəhərində ən böyük yay festivallarından olan “Nebuta Maçuri” başlayıb. Nebuta festivalı bəzəkli arabaların bütün şəhər boyu yürüşü ilə əlamətdardır. “Nebuta” adlandırılan həmin arabalarda işıq saçan böyük kağız fənərlər quraşdırılır.
Avqustun 2-də keçirilən yürüşdə hündürlüyü 5, eni 10 metr olan 15 araba iştirak edib. Arabaları rəngarəng yay kimonoları geyən “haneto” adlanan rəqqaslar müşayiət ediblər. Onlar yürüş zamanı bambuk fleytaların və təbillərin səslərinə uyğun olaraq rəqs ediblər. Festival avqustun 7-dək davam edəcək.


Sualtı hotel dəniz mühitini də öyrənəcək

Polşanın “Deep Ocean Technology” arxitektura şirkəti maraqlı bir sualtı hotel layihəsi hazırlayıb. Hotelin Fars körfəzində inşası planlaşdırılır. Bir neçə hissədən ibarət disk şəkilli hotel elmi fantastik obyekti xatırladır. Burada sualtı mənzərəni seyr etmək üçün 20-dək otaq olacaq. Plana görə, hotelin yuxarı hissəsində dəniz mühitini və yerli ekoloji sistemi öyrənən mərkəz yerləşəcək.


888346 keramik lalə

Londonda I Dünya müharibəsinin 100 illiyinə həsr olunmuş installyasiya

Londonda Birinci Dünya müharibəsinin 100 illiyinə həsr olunmuş installyasiya təqdim olunub. Rəssam Pola Kammins və dizayner Tom Payperin təşəbbüsü ilə Tauera qalasının ətrafında əkilən keramik lalələr savaş qurbanlarını simvolizə edir. Müəlliflər əsəri “Blood Swept Lands and Seas of Red” (“Qan torpağı və dənizi boyadı”) adlandırıblar.
Təşkilatçılar müharibə zamanı ölən ingilislərin sayı qədər - 888 min 346 lalə əkməyi planlaşdırırlar. Simvolik olaraq sonuncu gül 11 noyabrda - dünya savaşının dayandırıldığı gün (1918) əkiləcək. Hər kəs dəyəri 25 funt-sterlinq olan xatirə gülünü ala bilər. Əldə olunan pulun 10 faizi müharibədə zərər çəkmiş insanlara və hərbçilərə kömək edən təşkilatların hesabına köçürüləcək.


Buludlardan hündürdə hava limanı

Çin Xalq Respublikasında dünyada bənzəri olmayan hava limanının tikintisi başa çatmaq üzrədir. Almaniyanın “Welt” internet portalı xəbər verir ki, gələn ay açılışı gözlənilən bu liman adi aeroportlardan fərqli olaraq yüksək dağ zirvəsində, buludlardan da hündürdə yerləşir.
Çinin Quanqşi-Juanq muxtar rayonunun dörd milyona yaxın əhalisi olan Heçi şəhərində fəaliyyət göstərəcək aeroportun inşası beş il davam edib. Uzunluğu 2200 metr, eni isə 45 metr olan hava limanını salmaq üçün 60-a yaxın zirvə dağıdılaraq hamarlanıb.
Heçi aeroportu 4C kateqoriyasına şamil olunur. Bu qeyri-adi aeroporta təyyarələrin enməsini yalnız intensiv təlim görmüş peşəkar pilotlar həyata keçirə bilər. Hava limanı Bombardier CRJ900, Embraer E190, Boeing 737-700 və Airbus A320 kimi təyyarə növlərini qəbul edə biləcək.


"Qış yuxusu"

“Oskar” uğrunda yarışacaq

Türkiyənin mədəniyyət və turizm naziri Ömər Çəlik 2015-ci ilin "Oskar" kino mükafatı uğrunda yarışmada ölkəni məşhur rejissor Nuri Bilgə Ceylanın "Qış yuxusu" filminin təmsil edəcəyini bildirib. Qeyd edək ki, türkiyəli rejissorun bu filmi may ayında Kann kinofestivalında baş mükafata - "Qızıl palma budağı”na layiq görülüb. 87-ci "Oskar" kino mükafatının qalibləri gələn il fevralın 22-də elan ediləcək.

Rəngini dəyişən dondurmalar

İspaniyanın Blanes şəhərində və Kataloniyanın Aralıq dənizi sahillərindəki bir neçə müəssisəsində rəngini dəyişən dondurmalar satışa çıxarılıb. Bu qeyri-adi məhsul fizik Manuel Linaresin resepti üzrə hazırlanıb. Dondurma buqələmun adlanır. Meyvə dadlı dondurma əvvəlcə göy rəngdə olur. Bunun üçün dondurmanın üzərinə xüsusi maddə çiləmək lazımdır. Məhz bundan sonra dondurma rəngini dəyişərək qırmızıya çalır. Göy dondurma həmçinin bənövşəyi və ya çəhrayı rəngdə də ola bilir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar