Modena ənənəsi, texnologiya, çiçəklər və musiqi
Oktyabrın 10-da “Bakıda İtaliya günü: Modena ənənəsi, texnologiya, çiçəklər və musiqi” adlı tədbir keçirildi. İTAZERCOM - İtaliya Azərbaycan Ticarət İnstitutunun təşkilatçılığı, Modena Ticarət İnstitutu, Azərbaycanın İtaliyadakı səfirliyi, Modena bələdiyyəsi, İTA-İtalyan Ticarət Agentliyi, AZROMPO - Azərbaycan İxracat və İnvestisiya Təşviqi Fondu və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) dəstəyi ilə ərsəyə gələn tədbir Bakı Biznes Mərkəzində gerçəkləşdi.
Tədbir öncəsi keçirilən mətbuat konfransında ASK-nin prezidenti Məmməd Musayev qurumun İtaliyada nümayəndəliyinin açıldığını və İtaliya-Azərbaycan Ticarət İnstitutunun rəhbəri Manuela Traldinin rəsmi nümayəndə təyin edildiyini diqqətə çatdırdı. Azərbaycanın və İtaliyanın Modena şəhərinin sahibkarları qida, içki, avtomobil sektoru və digər sahələr üzrə biznes görüşləri keçirdilər. Tədbir çərçivəsində Modena şəhərinin sənaye və mədəniyyət nailiyyətlərinə həsr olunmuş sərgi keçirildi.
Günün yekununda isə unudulmaz tenor Luçano Pavarottinin ifasında ecazkar musiqinin sədaları altında məşhur italyan aşpazı Roberto Maçioninin hazırladığı milli mətbəx nümunələri - “Modena zövqü” təqdim olundu. Fürsətdən istifadə edib bizi maraqlandıran sualları İTAZERCOM-un prezidenti, xanım Manuela Traldiyə ünvanladıq. Həmsöhbətimiz əvvəlcə tədbirin əhəmiyyəti haqqında danışdı.
“Azərbaycanı çox sevirəm və ona heyranam”
- Biz bu işə iki il əvvəl başladıq. Bakıda bir sıra böyük tədbirlər keçirmək istəyirik. Eyni zamanda Azərbaycanı İtaliyada təbliğ edirik. Orada çoxlu mədəniyyət tədbirləri, təqdimatları və s. layihələr həyata keçiririk. Bununla da Azərbaycan İtaliya cəmiyyətinə, kompaniyalarına daha yaxından tanınır. Artıq Bakıda ofisimiz var və gələcəkdə də müntəzəm şəkildə belə tədbirlər keçirmək niyyətindəyik. Doğrudur, biz ticarət təşkilatıyıq və işimizin mahiyyətini də biznes təşkil edir. Lakin bununla yanaşı mədəni və sosial yönümlü tədbirlərin də iştirakçısı olmaq istəyirik. İtaliyada müxtəlif regionlar, sənaye şəhərləri var və gələcəkdə onların da təqdimatının şahidi olacaqsınız.
- Maraqlıdır, nə üçün “İtaliya günü” çərçivəsində məhz Modena şəhərini seçdiniz? O, hansı xüsusiyyətləri ilə seçilir?
- Modena ərazisi o qədər də böyük olmayan, lakin gözəl bir şəhərdir. İtalyanlar nə zaman Modena haqqında düşünsələr, o an üzlərində təbəssüm yaranır. Şəhərin özünəməxsus mətbəxi var. İnsanları isə gözəl yumor hissinə malikdirlər. Modenada “Ferrari”, “Mazda” avtomobilləri, yarış maşınları istehsal edilir. Bir sözlə, bu şəhərdə insanlar yaxşı həyatdan zövq alırlar. Bu mənada xalqlarımız arasında da ümumi oxşarlıq var. Ona görə ki, həm azərbaycanlılar, həm də italyanlar dadlı yeməkdən, maraqlı məclislərdən, gözəl dostluqdan zövq almağı sevirlər.
- Belə tədbirlər əlaqələrimizin genişlənməsinə nə dərəcədə təsir edə bilər?
- Qeyd etdiyim kimi, bu tədbirin mahiyyəti biznesdir. Lakin eyni zamanda bu, bizim aramızda dostluğu möhkəmləndirir, bir-birimiz haqqında daha geniş məlumatlar əldə edirik və həmçinin mədəni mübadiləni də təbliğ edir. Həm də italyanlar Azərbaycan haqqında daha dolğun informasiya ala bilirlər. Bu isə iki ölkəni bir-birinə daha da yaxınlaşdırır. Bundan başqa İtaliyada Azərbaycana böyük maraq var. Azərbaycan çox gözəl və dinamik ölkədir. Heydər Əliyev Fondu, Azərbaycanın İtaliyadakı səfirliyi də ölkənin tanıtımı üçün İtaliyada maraqlı tədbirlər keçirir ki, bu da öz növbəsində İtaliya sənətçilərini cəlb edir. Hazırda onlar Azərbaycana gəlmək və maraqlı proqramlarla çıxış etmək istəyirlər. Onlar bilir ki, azərbaycanlılar incəsənəti, musiqini sevirlər. Bu baxımdan biz biznes tədbirinin içərisində bir sıra mədəniyyət tədbirləri keçirməyi də düşünürük. Məsələn, bu gün biz yalnız Luçano Pavarottinin videosunu nümayiş etdirə bilirik. Gələcəkdə isə bu tədbirlə yanaşı mədəniyyət tədbirləri də keçiriləcək ki, bu sıraya musiqi, teatr və s. daxildir. Bildiyiniz kimi, Azərbaycanla İtaliya arasında mədəniyyət sahəsində gözəl münasibətlər mövcuddur. Hazırda İtaliyanın ən gözəl səhnələrində Azərbaycan musiqisi səslənir. Bütün bu tədbirlər ölkələrimizin və xalqlarımızın yaxınlaşmasına kömək edir. Ona görə də, biz mədəniyyət də daxil olmaqla ən müxtəlif sahələrdə qarşılıqlı əlaqələrin qurulmasını istəyirik.
- Xanım Traldi, işinizlə bağlı uzun müddətdir ki, davamlı şəkildə Azərbaycana gəlib-gedirsiniz. Necə düşünürsünüz, insanlarımız bir-birilərini kifayət qədər tanıyırlarmı?
- Ümumiyyətlə, bir-birini tanımaq heç vaxt kifayət qədər olmur. Xüsusilə də əgər söhbət Azərbaycanın belə sürətlə inkişaf etdiyi bir mərhələdən gedirsə. Bakı çox müasir şəhərdir. Bəzən ölkə haqqında xaricdə doğru olmayan informasiyalar yayıla bilər. Məsələn, iki il əvvəl İtaliyada az adam Azərbaycan haqqında məlumatlı idi. Lakın ötən dövrdə Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov gördüyü dinamik işlər sayəsində daha çox məlumatlar əldə edə bilmişik. İndi İtaliyada daha çox insan Azərbaycanla bağlı həqiqətləri bilir. Bir sözlə, son illər Azərbaycan həm iqtisadi, həm də mədəni proqramları ilə İtaliyada populyarlaşıb. Mən özüm hər dəfə Bakıya gələndə daha da təəccüblənirəm. Mənim dostlarım daha fərqli tərəfdən təsəvvür edirdilər. Amma mən onlara, çevrəmdəki bütün insanlara həqiqi Azərbaycanın necə olduğunu bildirirəm. Düşünürəm ki, indi Azərbaycan dünyada inkişaf edən və vacib ölkəyə çevrilib.
- Azərbaycana müntəzəm səfərləriniz çərçivəsində təkcə Bakıda olursunuz, yoxsa regionlarımıza da baş çəkirsiniz?
- Etiraf etməliyəm ki, hələlik yalnız Bakı və onun ətrafına səyahət etmək imkanım olub. Çünki çox məşğul oluram. İstərdim ki, qızımla birlikdə “Şahdağ” turizm kompleksinə gedim. Qızım çox gözəl xizək sürür. Ölkənizin bölgələrini də tanımaq və İtaliyada tanıtmaq istəyirik. Bilirsiniz, xalqlarımız bir-birinə çox bənzəyir. Bizim bir sıra bənzər dəyərlərimiz var, insanlarımız ailəyə çox bağlıdır, dostluqda çox sadiqdirlər. Bunlar isə xalqlarımızı birləşdirən, yaxınlaşdıran cəhətlərdir. Şəxsən mən Azərbaycanı çox sevirəm və ona heyranam. Burda çoxlu dostlarım var. Onlar mənim qəlbimə, ruhuma və xarakterimə çox yaxındırlar.
Bakıda çox məşğul olsam da, şəhərdə maraqlı vaxt da keçirirəm. Ona görə ki, bu gözəl şəhər qonaqlara gəzmək, zövq almaq üçün çox gözəl imkanlar təklif edir. Məsələn, gözəl restoranlar, bulvar. Bakıda qədimliklə müasirliyin birləşməsi xüsusilə, xoşuma gəlir. İçərişəhər isə gözəl və cəlbedicidir.
Azərbaycan musiqisini dinləməyi də xoşlayıram. Muğamın bizə bəlli olmayan alətlərdə ifası cəlbedicidir. Doğrudur, mən Azərbaycan bəstəkarlarını yaxşı tanımıram. Bu yaxınlarda Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və ölkənizin İtaliyadakı səfirliyinin təşkilatçılığı ilə Verona şəhərində Azərbaycan sənətkarlarının möhtəşəm konsert proqramı oldu. Bu çox gözəl Azərbaycan simfonik musiqisi idi və italyan tamaşaçıları çox bəyəndilər.
Mehparə