O, Azərbaycan tamaşaçılarının yaddaşında “Onu bağışlamaq olarmı?” filminin sonunda bir neçə dəqiqəlik epizodda yaratdığı Ana obrazı ilə qalıb. Söhbət üç dəfə Stalin mükafatına layiq görülən məşhur gürcü aktrisası, SSRİ Xalq artisti Veriko Ancaparidzedən gedir.
Veriko Ancaparidze 1900-cu il oktyabrın 6-da Gürcüstanın Kutaisi şəhərində anadan olub. Verikonun atası İvlian Ancaparidze zadəgan, Kutaisi Gürcü Dram Cəmiyyətinin sədri, notariat işçisi, anası isə evdar qadın olub. Uşaqlıqdan yaradıcı insanların əhatəsində böyüyən Veriko çox yaxşı oxuyurdu. Gimnaziyanı fərqlənmə ilə bitirdikdən sonra Moskvaya gedir. 1916-cı ildə Kiçik Teatrın aktyoru S.V.Aydarovun dram studiyasına daxil olur. Lakin bir il sonra, 1917-ci ildə Rusiyada inqilab baş verib və o, təhsilini yarımçıq qoyaraq Gürcüstana qayıdır. Məşhur aktyor Q.Cabadarinin studiyasına yazılır.
Şair, publisist, siyasətçi Şalva Amirecibi ilə ilk evliliyi uzun sürməyən Veriko Ancaparidze studiyada rejissor, ssenarist, SSRİ Xalq artisti Mixail Çiaureli ilə tanış olur. Onlar ailə həyatı qururlar və 1937-ci ildə qızları Sofiko (gələcəyin məşhur aktrisası) dünyaya gəlir. Bir müddət sonra studiya fəaliyyətini dayandırır və Veriko Ancaparidze Ş.Rustaveli adına Dram Teatrında işləməyə başlayır.
1926-27-ci illərdə Batumi Teatrında A.Paqavanın yanında işləyir. 1928-ci ildə görkəmli teatr xadimi K.Marcanaşvili ilə tanış olur və onun teatrında həm aktrisa, həm də rejissor kimi fəaliyyətə başlayır. Hətta illər sonra, 1960-cı ildə həmin teatrın rəhbəri də olur.
Gürcüstan teatrının romantik aktrisası olan Veriko Ancaparidze gözəl xarici görünüşü, məlahətli səsi ilə səhnədə bir-birindən maraqlı obrazlar yaradır. K.Qutskovun “Uriel Akosta”sında Yudif (1929), U.Şekspirin “Hamlet”ində Ofeliya (1925), “Otello”sunda Dezdemona (1932), F.Şillerin “Məkr və məhəbbət”ində Luiza (1937), U.Şekspirin “Antoni və Kleopatra”sında Kleopatra (1951) və s. rollarını canlandırır. Ən sevimli rolu isə Yudif rolu olub. Bu rolu teatrda 40 il oynayıb. Dramatik rollarla yanaşı, “Fiqaronun evlənməsi”ndə Qrafinya, “Mehmanxana sahibəsi”ndə Mirandolina, “Kameliyalı dama”da Marqarita kimi komik rolların da mahir ifaçısı olub. Hətta Marqarita rolunu oynadıqdan sonra məşhur rejissor V.Nemiroviç-Dançenko ona deyib ki, “Axır ki, yaşlı vaxtımda səni gördüm, sənin kimi aktrisalara mən sağlığında heykəl qoyardım”. V.Nemiroviç-Dançenko onu məşhur fransız aktrisası Sara Bernarla müqayisə edib. Veriko Ancaparidze 1972-ci ildə müəllimi K.Marcanaşvilin “Uriel Akosta” tamaşasını rejissor kimi yenidən tamaşaya qoyaraq, onun 100 illiyinə hədiyyə edir.
Aktrisa teatrla yanaşı, 1923-cü ildən kinoya da çəkilib. Kinonu xoşlamasa da, əsasən həyat yoldaşı rejissor M.Çiaurelinin filmlərində rol alıb.
Müqəddəs ana obrazlarının mahir ifaçısını məşhur rejissorumuz Rza Təhmasib də 1959-cu ildə çəkdiyi “Onu bağışlamaq olarmı?” filminə dəvət edir. Onun filmin sonunda səsləndirdiyi “Onu bağışlamaq olarmı” sualı neçə illərdir, yaddaşımızdan silinmir. İstedadlı aktrisanın son ekran işi 1985-ci ildə çəkilən “Ailə” qısametrajlı filmi olur. Veriko Ancaparidze 1987-ci il yanvarın 31-də, 89 yaşında vəfat edib.
Səbinə Əlibalaqızı