Dünyanın yeddi möcüzəsindən biri sayılan Babil qülləsi əsatir və əfsanələrlə yanaşı, günümüzə müxtəlif sənət adamları tərəfindən təsvir olunmuş rəsmlər də gəlib çıxıb. Qüllənin ən qədim təsviri İtaliyanın cənubundakı Salerno kilsəsindəki barelyefdir. Sənətşünaslar bu təsvirin XI əsrə aid olduğunu bildirirlər.

Barelyefdə iki adam hündürlüyündə bir bina təsvir olunub. İki adam isə aşağıda dayanıb su töküb palçıq hazırlayır. Qüllənin sol tərəfində Tanrının təsviri verilib və o, əlini ibrətamiz şəkildə qülləyə doğru uzadıb. Sənətşünaslar belə qənaətə gəliblər ki, barelyef müəllifi geniş təxəyyüllü olmayıb. Bəlkə də istəyib ki, tamaşaçılar şəklə baxarkən özləri bir nəticəyə gəlsinlər. Sonrakı yüzilliklərdə Babil qülləsinin təsviri bir o qədər də dəyişikliyə uğramır. Yalnız bəzi detallar əlavə olunub.
Araşdırmalarda qeyd olunur ki, qədim yunan tarixçisi Herodot eramızdan əvvəl IV əsrdə yeddi möcüzə haqda əsər yazmaq istəyi ilə guya Babilistanda olub. O, əfsanəvi qülləni öz gözləri ilə görüb möcüzələr siyahısına daxil edir və qısa tarixçəsini verib: qüllə şəhərin başı üzərində ucalır, səkkizmərtəbəlidir və hər mərtəbə əvvəlkindən kiçikdir. Məhz buna görə də dünya şöhrətli rəssam Breykeldən başlamış bir çox rəssam Herodotun təsvirində olduğu kimi qülləni səkkizmərtəbə təsvir ediblər.
Herodot öz əsərində daha sonra yazıb ki, qülləni zədələnmiş şəkildə görüb. On illərlə vaxt keçəndən sonra Makedoniyalı İsgəndər öz qoşunu ilə Babilə gəlir. Görür ki, qüllə dağılır. Əmr edir qülləni tamam sökürlər. O, qülləni məhv etmək fikrində olmur. Əksinə, təmir etdirmək və yeni paytaxtının mərkəzində görmək istəyib. Lakin işə başlamaq məqamında İsgəndər dünyasını dəyişir.
XVIII-XIX əsrlərdə də bir çox ölkələrdən, xüsusilə də Avropadan Babil qülləsinin yerini aramaq məqsədilə Mesopotamiyaya yüzlərlə arxeoloji ekspedisiya gəlir. Demək olar ki, iki yüz il bu yerlər arxeoloji qazıntılar meydanına çevrilir. Qüllənin yerini və özülünü ilk olaraq Kolqevey tapır. O, alman arxeoloji ekspedisiyası tərkibində 1899-cu ildə qazıntı işinə başlayır. Bir həftə sonra iri bir divara rast gəlir. Onun bəxti gətirir, bu, Herodotun haqqında bəhs etdiyi həmin divar olur. Ancaq işlərin gedişi o qədər də asan olmur. Çünki Babil on iki-iyirmi metr qalınlığı olan torpaq qatı altında qalmışdı.
Sonra daha bir arxeoloji ekspedisiya, ingilis arxeoloqu Leonard Bulli qülləni Ur şəhərində Babilistan imperiyasının cənubunda axtarır və tapır. Buradakı qüllə Babil qülləsinə nisbətən çox yaxşı qalıbmış. O, Ur qülləsini dəqiq bərpa edir. Onun cizgisi Koldeveyin cizgisi ilə tam uyğun gəlir. Beləliklə, min illər boyu Babil qülləsinin şəklini çəkmiş rəssamların işi başa çatır.

Savalan Fərəcov