Aktyorluq sənətini asan sayıb, bu sənəti seçən və nəticədə böyük uğur qazananlar nadir hallarda olur. Belə aktyorlardan biri də Rusiyanın Xalq artisti Mixail Kozakovdur.

Mixail Kozakov 1934-cü il oktyabrın 14-də Leninqradda (Sankt-Peterburq) anadan olub. Atası Mixail Kozakov (əslən yəhudi idi, Kozakov familiyasını sonradan qəbul etmişdi) yazıçı olub, anası Zoya Kozakov isə televiziyada ədəbi-dram verilişləri redaksiyasında çalışıb. Ötən əsrin 30-cu illərin repressiyası onların da ailəsindən yan keçmir, Mixailin anasını və nənəsini bir neçə il müddətinə azadlıqdan məhrum edir, atasının yazılarına qadağa qoyurlar. Mixail 1945-ci ildən Leninqrad Xoreoqrafiya Məktəbində təhsil alır. Təbiətcə tənbəl idi, orta məktəbdə yalnız ədəbiyyat fənnini sevirdi. Elə buna görə də məktəbi bitirdikdən sonra teatr sənətini seçir. Ona elə gəlir ki, aktyorluq ən asan peşədir.
Beləliklə, 1952-ci ildə Moskva Akademik Bədaye Teatrının (MXAT) məktəb-studiyasına daxil olur. Axırıncı kursda oxuyanda, 1956-cı ildə “Dante küçəsində qətl” filmində Şarl Tibo onun kinoda debütü olur. Bu rol çox uğurlu alınır. 1959-cu ildə V.Mayakovski adına teatrda işləməyə başlayır, sonra “Sovremennik” teatrına keçir. 1971-ci ildə isə MXAT-da işləməyə başlayır. Teatrda yaratdığı gözəl rollarla yanaşı, “Salam, mən sizin xalanızam”, “Məhəbbət-kök”, “Saman şlyapa” və digər filmlərə dəvət alır. 1961-ci ildə “Amfibiya adam” filmində soyuqqanlı, yalançı və fırıldaqçı Pedro rolunu çox məharətlə oynayır. Yeri gəlmişkən, bu filmin bir hissəsi Bakıda lentə alınıb.
Taleyinə bir neçə dəfə ailə qurmaq nəsib olan Mixail Kozakovun birinci həyat yoldaşı estoniyalı Qreta Taarla ilə məktəb-studiyada tanış olmuşdu. Onların Katerina adında qızı, Kiril adında (gələcəyin aktyoru) oğlu dünyaya gəlmişdi. Bir müddətdən sonra onlar ayrılırlar. 1968-ci ildə Mixail gürcü qızı Medeya Berelaşvili ilə ailə qurur. Onların Manana adında qızları dünyaya gəlir. Üçüncü dəfə o, tərcüməçi Regina Bıkova ilə evlənir. Bu nikahdan uşaqları olmasa da, 17 il - Regina ondan ayrılıb Amerikaya gedənədək - birlikdə yaşayırlar. Mixail Kozakov bundan sonra 31 yaşlı aktrisa Anna Yampolskaya ilə nikah bağlayır və bir oğulları dünyaya gəlir.
1991-ci ildə Mixail Kozakov ailəsi ilə birlikdə İsrailə köçür, Təl-Əviv Kamera Teatrında çalışır, rejissor kimi də özünü sınayır. Burada bir qızları da doğulur. 1996-cı ildə onlar Rusiyaya qayıtsalar da, aktyor 2010-cu ildə xəstələnir və müalicə olunmaq üçün yenidən İsrailə gedir. 2011-ci ildə aprelin 22-də 76 yaşında vəfat edir.

Səbinə Əlibalaqızı