Rusiyanın məşhur kino aktrisası, Xalq artisti Qalina Polskix 1939-cu il noyabrın 27-də Moskvada anadan olub. Valideynlərini çox erkən itirib. Üç yaşı olanda atası müharibədə həlak olub, bir müddət sonra anası vərəm xəstəliyindən vəfat edib. Uşaq evinə verilən Qalinanı sonradan nənəsi himayəsinə götürüb. Xadimə işləyən nənəsi həmişə ondan yaxşı oxumağını istəyib.
Qalina orta məktəbi bitirəndən sonra aktrisa olmaq qərarına gəlir. Ona elə gəlir ki, bütün aktrisalar zəngin olur, gözəl həyat sürür və aktrisa olarsa o, həm də nənəsinə kömək edər. Sənədlərini Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna verir və qəbul olur. Burada həmçinin öz qismətini də tapır. I kursda oxuyanda rejissorluq üzrə təhsil alan III kurs tələbəsi azərbaycanlı Faiq Həsənovla tanış olur, aralarında sevgi yaranır. Bir müddətdən sonra onların toyu olur. 1961-ci ildə qızları dünyaya gəlir, adını İradə qoyurlar.
Lakin gənc ailənin məsud həyatı uzun sürmür. 1965-ci ildə Faiq Həsənov Odessa şəhərinə film çəkməyə gedərkən yolda qəzaya düşərək dünyasını dəyişir. Bundan on gün öncə isə nənəsini itirən Qalina 4 yaşlı qızı ilə qalır.
Aktrisanın kinoda debütü 1962-ci ildə “Vəhşi it Dinqo və ya ilk məhəbbət haqqında” filmində Tanya Sabaneyeva rolu olur. Film çox uğurlu alınır, Qalina ilk rolu ilə məşhurlaşır. Film Venesiya, London kinofestivallarında mükafata layiq görülür. Hətta məşhur italyan rejissoru Federiko Fellini də onun istedadını çox bəyənir, öz fotosunu avtoqrafı ilə Qalinaya bağışlayır, onu filmlərində çəkmək istədiyini bildirir. Fellini Moskvaya - “Qoskino”ya teleqram vurub, Qalinanı çəkilişlərə dəvət etsə də, onun çəkilişlərdə məşğul olduğu cavabını alır.
1963-cü ildə aktrisa rejissor Georgi Danieliyanın “Mən Moskvada addımlayıram” filmində Alyona rolunu oynayır. Bu rolu da kinosevərlərin rəğbətini qazanır. 1964-cü ildə universiteti bitirir və Dövlət Kinoaktyorlar Teatrında işləməyə başlayır.
Aktrisanın 1971-ci ildə “Kölgələr günorta yox olur” çoxseriyalı televiziya filmində çəkildiyi Klavdiya Morozova rolu onu tamaşaçılara daha da sevdirir. Onun ən yaddaqalan rollarından biri də “Ailə vəziyyətinə görə” filmindəki Qalina Arkadyeva roludur. Əsasən müsbət rolların ifaçısı olmuş aktrisa mənfi obrazların da öhdəsindən məharətlə gəlir. “Gecə sərgüzəşti” filmində yaratdığı oğru, yalançı Qalina Ukladova kimi. Ümumilikdə 150-dən çox filmdə çəkilən aktrisa deyir ki, bütün rolları ona əzizdir, amma ən çox ilk rolu unudulmazdır.
Qalina Polskix bir çox xarici filmlərdə, ABŞ istehsalı olan “Alyaskanın tarixi”, “Avqustun üç günü”, polşalı rejissor Andjey Piotrovskinin “Yol nişanələri” filmlərinə də çəkilib.
Aktrisa ikinci dəfə “Mosfilm”in direktorunun oğlu, rejissor Aleksandr Surin ilə ailə həyatı qurur. Bu nikahdan da bir qızı dünyaya gəlir, amma bir müddət sonra ərindən ayrılır və bir daha ailə qurmur. İllər sonra gəncliyini xatırlayan Qalina Polskix həyatında ən gözəl günləri Faiqlə yaşadığını etiraf edir.
75 yaşını qeyd edən aktrisa hazırda da seriallara çəkilir. Böyük qızı İradə isə atasının rejissor yolunu davam etdirir.
Səbinə Əlibalaqızı