Bu il 50 yaşını qeyd edən Jülyett Binoşun adı müasir fransız kinosunun məşhurları sayılan Katrin Denev, İzabel Yupper və İzabel Adjani ilə bir sırada çəkilir. Binoş yaşca onlardan kiçikdir. Bununla belə, o, hazırda öz ölkəsində ən yüksək məvacib alan kinoaktrisadır. Aktrisa son illərdə daha çox ingilis və Amerika rejissorlarının filmlərinə çəkilir. Onun qazandığı ən yüksək mükafat 2004-cü ildə 63-cü beynəlxalq Kann kinofestivalının “Qızıl palma budağı” olub. Bu mükafatı rejissor Abbas Kiarostaminin ekranlaşdırdığı “Təsdiq edilmiş surət” filmindəki rola görə alıb.
Jülyett Binoş 1964-cü il martın 9-da anadan olub. 16 yaşında teatr səhnəsinə çıxıb. 19 yaşında olarkən ilk dəfə məşhur kinorejissor J.Qodarın “Ailə həyatı” (1984), sonra J.Duayonun “Afərin, Mariya!” (1985) filminə çəkilib. 90-cı illərin əvvəlinədək o, geniş tamaşaçı kütləsinə az tanış idi. Leos Karaksın “Yüngül varlığın dözülməzliyi” filmindən sonra məşhurlaşır və kinomanların sevimlisinə çevrilir. Daha sonra o, aktyor Deni Lavan ilə birlikdə Karaksın iki - “Çirkin qan” (1986) və “Pont-Neyfdən olan sevgililər” filmində çəkilir və “Feniks” mükafatına layiq görülür.
Mütəxəssislərin fikrincə, Binoşu başqa aktrisalardan fərqləndirən əsas cəhət ekranda onun sanki ürəkaçan işıq saçması idi. Onun gözəlliyi tamaşaçıda pozitiv əhval-ruhiyyə yaradır. 90-cı illərdə bir-birinin ardınca çəkildiyi filmlər - “Vurulan zərər” (rej. Lui Malya), “Üç rəng: göy” (rej. Kşiştof Keslyevskiy) və “İngilis pasiyenti” (rej. Entoni Mingelli) Binoşa dünya şöhrəti qazandırır. Onun qəhrəmanları - cəsur, saf məhəbbətlə sevən xanımlar, sevgililəri naminə mübarizə aparmağa qadir personajlardır. “İngilis pasiyenti”ndə Jülyett mərd qadın xarakterini parlaq şəkildə göstərə bilib. Tamaşaçıların və münsiflər heyətinin rəğbətini qazanan aktrisa ikinci planda oynadığı rola görə, özünün də gözləmədiyi halda “Oskar” mükafatına layiq görülüb.
Qeyd etmək lazımdır ki, uzun müddət Hollivudun təkliflərinə biganə qalan Jülyett artıq okeanın o tayında da filmlərdə çəkilməyə razılıq verir. O, Hollivud ulduzu Riçard Gir ilə birlikdə “Arı mövsümü” filmində rol alır, ardınca iki trillerdə çəkilir. Lakin bu filmlərdən Binoş özü razı qalmır. Fransaya qayıtdıqdan sonra ekran əsərlərində müxtəlif səpkili rollar yaradır. O, Patris Lekontun “Sen-Pyer adasından olan dul qadın” filmində, habelə rejissor Mixael Xanekenin “Naməlum kod” kinolentində çıxış edir.
Müxbirlərdən biri Jülyett Binoşdan zarafatla soruşur: “Yəqin “Oskar” alandan sonra özünüzü böyük ulduz hesab etdiniz?”. O isə cavabında deyir: “Heç vaxt belə fikirdə olmamışam. Gülməlidir, Fransaya qayıdan zaman məni kraliça, yaxud məşhur futbolçu kimi qarşıladılar. Mənim həyatım əvvəlki kimi davam edir. “Oskar”ı almağım heç nəyi dəyişmədi: mənim üçün ən vacibi mənim peşəm, mənim ehtiraslarım və iki övladımdır”.
Həsən Tağıyev