Fərqli ənənə və mərasimlər
Yeni il bayramı dünyanın dörd yanında qeyd olunan mərasimdir. Fərziyyələrə görə, Yeni ili ilk dəfə qədim çinlilər keçiriblər. Bəzi mənbələrdə bu, qədim romalılarla əlaqələndirilir. Digər mənbələrdə isə ilin dəyişməsini bayram etmək adətinin ilk dəfə qədim Mesopotamiyada yarandığı bildirilir. İlk dəfə harada yaranmasından asılı olmayaraq, Yeni ili dünya ölkələri öz adət-ənənələrinə uyğun, müxtəlif şəkildə qeyd edirlər.
Rusiyada Yeni il ən çox sevilən bayramdır. Bayramın geniş qeyd edilmə ənənəsinin əsası XVIII əsrdə çar I Pyotr tərəfindən qoyulub. Çarın əmrində həm də küknar ağacını bəzəmək də öz əksini tapmışdı. İnanca görə, süfrə nə qədər dolu və gözəl olarsa, qarşıdan gələn il də həmin əhval-ruhiyyədə olacaq. Süfrəyə isə quş ətindən hazırlanmış heç nə qoyulmur, hesab edilir ki, evdən xoşbəxtlik uça bilər.
Yaponiyada Yeni ili gecə saat 12 tamamda 108 kilsə zəngi vurmaqla qeyd edirlər. Bu rəqəm də təsadüfi seçilməyib. Yaponlar hesab edirlər ki, hər bir zərbə insan həyatını məhv etməyə qadir olan 108 ziyanlı ehtirasdan birini qovur. Bununla da gündoğar ölkənin sakinləri Yeni ili təmiz ruhla qarşılayırlar. Zəngdən sonra hamı yatır, şənlik isə səhərə yaxın başlanır.
Çində Yeni il ailə bayramıdır. Yeni il gecəsi balıq və toyuq ailə birliyinin simvolu kimi süfrəyə bütöv şəkildə verilir. Uzun makarondan bişirilən yeməklər isə uzun ömrü simvolizə edir. Hətta inanca görə, bunları bişirərkən kəsmək uğursuzluq gətirər. Bayram axşamı naringi və portağallar əldən-ələ ötürülür. Çinlilərə görə, naringi şans, portağal isə zənginlik gətirir.
Fransada Noel baba Yeni il gecəsi evin balaca sakinlərinin başmağına hədiyyələr qoyur. Böyüklər isə bayram günü daha çox yeyib-içməklə məşğul olurlar.
İngilislər gecə saat 12-nin birinci zərbəsini vuranda evin arxa qapısını açaraq köhnə ili yola salır, son zərbəsini vuranda isə ön qapını açaraq yeni ili qarşılamış olurlar. Hər kəs karnaval şənliklərinə qoşulur, Santa Klaus isə uşaqlara bayram hədiyyələri gətirir.
Almaniyada Yeni ildə ailələr, qohum-əqrəbalar bir süfrə ətrafına yığılıb bayramın əsas şirniyyatı sayılan “Lebkuhen” kişmişli tortunu dadır və bir-birlərinə hədiyyələr bağışlayırlar. Yeni il gecəsi saat 12-də isə almanlar ovuclarında metal pul sıxaraq atılıb-düşürlər. İnanırlar ki, bunu etsələr, Yeni il daha bərəkətli olacaq.
Amerikada saat 12 tamamı göstərəndə insanlar bir-birini qucaqlayıb öpürlər. Sükan arxasında olanlar maşının siqnallarını basaraq Yeni ilin gəlişini qeyd edirlər. Bayram süfrəsini noxuddan hazırlanmış yeməklərlə bəzəyirlər. Bunun onlara uğur və xoşbəxtlik gətirəcəyinə inanırlar.
İtaliyada Yeni il bayramı ərəfəsində pəncərələrdən köhnə ev əşyalarını yerə atırlar. İtalyanlara görə, Yeni ilin astanasında bütün pis fikirlərdən və köhnə əşyalardan xilas olmaq lazımdır. Bu ölkədə uşaqların Şaxta babaları yox, Şaxta nənələri var. İtaliyada Yeni ili bərkdən qışqıraraq qarşılamaq adəti var. Ucadan danışmaq italyanlar üçün adi hal olsa da, bayram gecəsi onlar öz səslərinə tam sərbəstlik verirlər.
Səbinə Əlibalaqızı