Sentyabrın 18-dən 28-dək davam edəcək festivalda dünyanın məşhur musiqiçiləri iştirak edəcəklər
   
   Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 23 fevral tarixli sərəncamına əsasən, dahi bəstəkar, müasir musiqi sənətimizin banisi, görkəmli musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim Üzeyir Hacıbəylinin anadan olmasının 125 illiyi ilə əlaqədar sentyabrın 18-dən 28-dək ölkəmizdə Beynəlxalq musiqi festivalı keçiriləcək.
   
   Festival çərçivəsində dünya şöhrətli dirijor Vladimir Spivakov, İsveçrədən “Amaltea” ansamblı, MDB Ölkələrinin Birləşmiş Gənclər Simfonik Orkestri, Sinqapurdan “T`ANG” simli kvarteti, Türkiyədən “Orfeon” xoru, Kanadadan pianoçu Nina Koqan, skripkaçı Atis Bankas, Rusiyadan Aleksandr Gindin və başqa tanınmış musiqiçilərin konsertlərinin, müxtəlif tədbirlərin keçirilməsi, Ü.Hacıbəylinin səhnə əsərlərinin nümayişi nəzərdə tutulur.
   Beynəlxalq musiqi festivalının yüksək səviyyədə keçirilməsi məqsədilə tədbirlər planı təsdiq olunub, Mədəniyyət və Turizm Nazirliyinin müxtəlif strukturları - İncəsənət, Mədəniyyət siyasəti, Elm və təhsil, Kinematoqrafiya, Nəşriyyat, reklamın təşkili və informasiya şöbələri festivalın yüksək bədii-təşkilati səviyyədə keçirilməsinin təmin edilməsi üçün səfərbər olunublar.
   Eyni zamanda, Akademik Opera və Balet Teatrı, Dövlət Filarmoniyası, Musiqili Komediya Teatrı, Beynəlxalq Muğam Mərkəzi, Gənc Tamaşaçılar Teatrı, Pantomima Teatrı, Kukla Teatrı, Ağcabədi rayon Mədəniyyət və Turizm Şöbəsi öz işlərini festival tədbirlərinin keçirilməsi istiqamətində quracaq və festivalın yüksək səviyyədə keçməsinə təminat yaradacaqlar.
   Beynəlxalq musiqi festivalının təntənəli açılış mərasimi sentyabrın 18-də Heydər Əliyev Sarayında keçiriləcək. Musiqi Mədəniyyəti Dövlət Muzeyinin dahi bəstəkarın 125 illiyi ilə bağlı hazırladığı sərgi də tamaşaçılara təqdim olunacaq. Üzeyir Hacıbəylinin ev-muzeyi isə maraqlı yubiley tədbiri keçirəcək.
   Bununla yanaşı, Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi, Azərbaycan Dövlət “Muğam” Teatrı, Azərbaycan Dövlət Mahnı Teatrı, Şuşa Dövlət Musiqili Dram Teatrı, Bakı Xoreoqrafiya Məktəbi, Dövlət Uşaq Filarmoniyasının yaradıcı və texniki qrupları Beynəlxalq Musiqi Festivalının yüksək səviyyədə keçirilməsinə cəlb olunacaq.