Həyatları kimi, yaradıcılıq yolları da birləşən və qazandıqları uğurlarla bərabər, məhəbbətləri, sədaqətləri ilə seçilən az sayda sənət adamı var. Belə örnəklərdən biri də SSRİ xalq artistləri Tamara Makarova və Sergey Gerasimovdur.

İki dəfə Stalin mükafatı laureatı, professor Tamara Makarova 1907-ci ildə Sankt-Peterburqda hərbiçi həkim ailəsində anadan olub. Valideynləri uşaqlıqdan onu balet məktəbinə qoysalar da, Tamaranın teatra həvəsi daha güclü olub. Həyətdə dostları ilə oynayarkən kiçik səhnəciklər düzəldər, uşaqların hərəsinə bir rol verərmiş.
Tamaranın atası 1917-ci ildə vəfat edir və ailənin yükü onun zərif çiyinlərinə düşür. 1924-cü ildə MASTFOR aktyor emalatxanasına gedir. Burada ilk dəfə gələcək həyat yoldaşı olacaq məşhur rejissor Sergey Gerasimovla tanış olur. Onlar 1927-ci ildə “Özgə pencək” filminə çəkilirlər. Tamara Makarova ilə Sergey Gerasimovun məhəbbəti də filmin çəkilişlərindən başlayır, tezliklə ailə həyatı qururlar. S.Gerasimovun quruluş verdiyi filmlərdə ər-arvad birgə rol alırlar. Tamara “Səni sevirəmmi?” filmində baş rollardan birini - Nataliyanı canlandırır, ardınca 1936-cı ildə “Yeddi cəsur”da Jenya Oxrimenko, “Komsomolsk”da Nataşa, “Müəllim”də Aqrafena rollarını məharətlə oynayır.
Birgə işlərin davamı olaraq 1941-ci ilin yazında S.Gerasimov “Maskarad” filminin çəkilişlərinə başlayır. Filmdə Tamara Nina, özü isə Naməlum roluna çəkilir. Çəkilişlər iyunun 22-də başa çatır və həmin gün Böyük Vətən müharibəsi başlayır. Tamara bu filmdə yaratdığı obraza görə Stalin mükafatına layiq görülür. Müharibənin od-alovlu vaxtlarında onlar Leninqradı (Sankt-Peterburq) tərk etmirlər, Tamara bir müddət xəstəxanada tibb bacısı kimi də fəaliyyət göstərir. 1942-ci ildə S.Gerasimov “Məğlubedilməzlər” filmini çəkir və mühəndis Nastya Kovşova rolunu həyat yoldaşına həvalə edir.
Ailə 1943-cü ildə Daşkəndə köçür və övladları olmadığı üçün onlar Tamaranın bacısının uşağını oğulluğa götürürlər. Müharibə qurtaranda Moskvaya qayıdırlar və hər ikisi Kinematoqrafiya İnstitutunda dərs deməyə başlayır.
Aktrisa 1946-cı ildə “Daş çiçək” filmində Bal dağının sahibəsi rolunu oynayır. Film ekranlara çıxanda 23 milyon tamaşaçı toplayır. Film hətta Kann kinofestivalında da nümayiş olunur. Bu ekran əsərində uğuruna görə bir amerikalı rejissor onu öz filminə dəvət edir, ancaq mövcud siyasi quruluşun meyarlarına əsasən o, buna razı olmur.
Uğur isə onunla birgə addımlayır. “Andiçmə” filmindəki Kseniya roluna görə ikinci dəfə Stalin mükafatı ilə təltif olunur. S.Gerasimov 1948-ci ildə “Gənc qvardiya” filmini çəkir və bu ekran işində T.Makarova (Koşevaya) ilə yanaşı, öz tələbələrinə də rollar həvalə edir. 1949-cu ildə “Gənc qvardiya” filminə görə S.Gerasimov və T.Makarova SSRİ Xalq artisti adına layiq görülürlər.
Məşhur cütlük xeyirxah işlərdən də geri qalmır, tələbələrə maddi köməklik göstərirlər. Onların sevimli tələbələri arasında məşhur aktrisa və aktyorlar - Sergey Bondarçuk, Alla Larinova, Aleksey Rıbnikov və başqaları olub.
S.Gerasimov 1984-ci ildə “Lev Tolstoy” filmini çəkir. Özü baş qəhrəmanı, T.Makarova isə Tolstoyun həyat yoldaşı Sofya Andreyevna rolunu canlandırır. Film Karlovı Varı kinovestivalında “Büllur qlobus” mükafatını qazanır. Lakin bu, sevimli cütlüyün axırıncı ekran işi olur. 1985-ci il noyabrın 26-da Sergey Gerasimov vəfat edir. Tamara həyat yoldaşına sadiq qalaraq ondan sonra filmlərə çəkilmir. Milyonların sevimli aktrisası 1997-ci il yanvarın 20-də Moskvada vəfat edib.

Səbinə Əlibalaqızı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar