Üzeyir Hacıbəylinin anadan olmasının 125 illik yubileyi və Milli Musiqi günü münasibəti ilə bəstəkarın ev-muzeyində tədbir keçirildi.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Üzeyir bəyin Azərbaycan mədəniyyətinə verdiyi böyük töhfələrdən, milli mətbuatımızın inkişafındakı rolundan, ədəbi-bədii dəyərini itirməyən həmişə aktual olacaq publisistikasından, felyetonlarından danışdı: “Üzeyir Hacıbəyli Azərbaycan xalqının özünü dərk etməsində böyük rolu olmuş insandır. Təsadüfi deyil ki, Şərqdə ilk opera, ilk orkestrlər, ilk musiqi dərslikləri onun adı ilə bağlıdır. Üzeyir Hacıbəyli Azərbaycan xalqının tarixində, mədəniyyətində, milli oyanışında əbədi iz buraxan dahi bir şəxsiyyətdir. O, müqəddəs ad olaraq bütün xalq tərəfindən daim hörmətlə anılacaq”.
Üzeyir Hacıbəylinin zəngin musiqi yaradıcılığını bəstəkarlar üçün daima ilham mənbəyi olduğunu qeyd edən Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə ölməz sənətkarın irsinin təkrar-təkrar öyrənilməsinin zəruriliyini vurğuladı. O bildirdi ki, Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı ilə bəstəkarın əsərləri, yeni nəşrləri işıq üzü görüb. Latın qrafikası ilə “Koroğlu” operasının partiturası nəfis şəkildə nəşr olunub. “Bu günlərdə “Leyli və Məcnun” operasının partiturası çapdan çıxacaq. Mədəniyyətimiz üçün əlamətdar olacaq digər xəbər isə Üzeyir Hacıbəylinin 1912-ci ildə qələmə aldığı “Əsli və Kərəm” operasının partiturasının ilk dəfə nəşr edilməsidir. Bu, olduqca böyük və əhəmiyyətli işdir. Çünki operanın partiturası ümumiyyətlə mövcud deyildi. Biz onun ayrı-ayrı hissələrini müxtəlif şəxslərdən əldə etdik, hazırladıq. Bu partitura da nəfis tərtibatda işıq üzü görəcək”.
Tədbirdə amerikalı bəstəkar Con Henksin Üzeyir Hacıbəyliyə həsr olunmuş yeni əsəri də muzeyə hədiyyə olundu. Mərasim “Cantempo” qrupunun ifası ilə davam etdirildi. Qrup Üzeyir bəyin əsərlərini yeni oranjemanda təqdim edib, eyni zamanda gənc bəstəkarların Üzeyir Hacıbəyliyə həsr olunmuş yeni əsərləri də səsləndirildi.
Yeganə