Həyatda böyük faciələr yaşayan, ancaq insanlara həmişə gülüş bəxş edən və yaddaşlarda belə yaşayan aktyorlardan biri də Aleksey Smirnovdur. Çoxlarının yaddaşında o, “I” əməliyyatı və ya Şurikin başqa macəraları” kinonovellasından
avara Fedya kimi qalıb...

Aleksey Smirnov 1920-ci il fevralın 28-də Rusiyanın Yaroslav vilayətinin Danilov şəhərində anadan olub. Bir müddətdən sonra ailələri Leninqrada (Sankt-Peterburq) köçüb. Atası tez dünyasını dəyişir, qardaşı ilə anasının himayəsində böyüyür.
Uşaqlıqdan aktyorluğa maraq göstərən Aleksey məktəbdə dram dərnəyinə gedir. 1940-cı ildə Leninqrad Musiqili Komediya Teatrının studiyasını bitirir və həmin teatrda işləməyə başlayır. Həmin il qonşuluqdakı Lidiya adlı qızla tanış olur. Aleksey hər gün onların eyvanının altında serenada oxuyur. Bu da qonşuların narazılığına səbəb olur, hətta bir neçə dəfə milis də çağırırlar. 1941-ci ilin ilk günü Aleksey Lidiyaya evlilik təklif edir. İyun ayında nikah bağlamağa hazırlaşırlar, amma müharibə başlayır və Aleksey cəbhəyə gedir. Getməmişdən əvvəl isə aldığı üzükləri gizlədir və Lidiyaya deyir ki, onu gözləsin, tezliklə qayıdacaq və evlənəcəklər.
Aleksey müharibədə kəşfiyyatçı olur. Qəhrəmanlığına və şücaətinə görə II və III dərəcəli “Şöhrət”, “Qırmızı ulduz” ordenləri ilə təltif olunur. Müharibənin axırına yaxın mina partlayışından kontuziya alır və xəstəxanadan evə buraxılır. Həkimlər ona ata ola bilməyəcəyini deyirlər və bu, Alekseyə pis təsir edir. O, Lidiya ilə ailə qurmaqdan vaz keçir. Evə qayıdanda Lidiya tort bişirib onu görməyə gəlir, amma soyuq münasibət görür və geri qayıdır. Aleksey anasına deyir ki, Lidiya ilə toyları olmayacaq, bir də bu haqda danışmasın. İki ildən sonra Lidiya ərə gedir. Toy gününün səhəri o, qapılarında bir dəstə gül və “Xoşbəxt ol!” yazılmış zərf görür. Zərfdə iki üzük var idi. Alekseyin niyə evlənməkdən imtina etdiyini Lidiya bir neçə ildən sonra öyrənir.
1946-cı ildə Aleksey yenidən Leninqrad Musiqili Komediya Teatrında işləməyə başlayır. Çətin həyat sürür, az maaşla xəstə anasına baxır. Bir gün taxtadan oyuncaqlar düzəldib, uşaq evinə aparır. Orada Vanya adlı uşaq çox xoşuna gəlir və onu oğulluğa götürmək istəyir. Yalnız yeddi il keçəndən sonra buna razılıq alır. Bu arada Alekseyin anası dünyasını dəyişir, o dərddən içməyə başlayır. Buna görə də uşağı ona vermirlər.
Aleksey Smirnov teatrda işləməklə yanaşı, kinoya da çəkilir. 1958-ci ildə rejissor Yuri Ozerovun “Koçubey” filmində debüt edir. Bundan sonra “Zolaqlıların səfəri”, “Dikanka yaxınlığında xutor axşamları”, “İki bazar günü”, “Bazar ertəsi ağır gündür”, “Tanış olun, Baluyev” filmlərinə çəkilir. Rejissor Leonid Qaydayın “İşgüzar adamlar” filmi ona geniş tamaşaçı rəğbəti qazandırır. Bundan sonra aktyorun istedadını görən rejissorlar onu öz filmlərinə dəvət edirlər. 1965-ci ildə “I” əməliyyatı və ya Şurikin başqa macəraları”nda Fedya rolu onu məşhurlaşdırır. Bundan başqa, “Aybolit-66”, “Malinovkada toy”, “Yeddi qoca və bir qız”, “Döyüşə yalnız qocalar gedir” və s. filmlərə çəkilir.
Aktyor 1978-ci ildə ürəyinə görə altı ay xəstəxanada yatır. Onun yanına dostu, məşhur aktyor və rejissor Leonid Bıkov gəlir və əlini onun çiyninə qoyaraq deyir: “Yaşamaq lazımdır, aktyor, yaşamaq!..” İki həftədən sonra L.Bıkov özü avtomobil qəzasında həlak olur. Dostunun ölüm xəbərini həkimlər ondan gizli saxlayırlar. Aleksey Smirnov 1979-cu il mayın 7-də xəstəxanadan çıxdığı gün həkimlərə süfrə açdırır. İlk badəni də dostu Leonidin sağlığına qaldırır. Bu zaman baş həkim ona dostunun həyatda olmadığını və bunu ondan gizli saxladıqlarını deyir. Aleksey sakitcə badəni stolun üstünə qoyur və öz palatasına gedir, çarpayıya uzanır və birdəfəlik gözlərini yumur...

Səbinə Əlibalaqızı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar