Dərsə getmədiyi halda, məktəbli forması geyinərək valideynlərinə özünü dərsdən gəlirmiş kimi göstərməklə həyatda ilk rolunu çox məharətlə oynamağı bacarıb. Bu, Rusiyanın Xalq artisti, iki dəfə Dövlət mükafatı laureatı Aleksandra Zaxarovadır.

Aleksandra Zaxarova 1962-ci ildə Moskvada məşhur teatr və kino rejissoru, professor, ssenarist Mark Zaxarov və aktrisa Nina Lapşinin ailəsində anadan olub. Anası onu tez-tez özü ilə teatra aparırdı. Yaradıcı mühit onda erkən yaşlarından sənətə həvəs oyadıb. İncəsənət mühitində böyüyən Aleksandra arfa musiqi alətində ifa etməyi öyrənib, əsas arzusu isə anası kimi aktrisa olmaq idi. Lakin orta məktəbdə dərsə davamiyyəti ilə valideynlərini razı salmayıb. Onların danlağını eşitməmək üçün cürbəcür çıxış yolu da tapıb. Məktəbə getmək istəməyən balaca ata və anasını inandırmaq üçün məharətlə rol oynayır. Valideynləri məşqlərdən, çəkilişlərdən gec gəldikləri üçün günorta yuxudan oyanır, bundan istifadə edən balaca Aleksandra isə dərsə getməyərək məktəbli formasını geyinib, əlində çantası ilə onları oyadaraq deyir: “Mən artıq dərsdən qayıtmışam, siz isə hələ də yatırsınız?” Hətta ustalıqla gündəliyinə atasının imzasını belə qoyub. Sonralar bu hərəkətlərini xatırlayan aktrisa deyib ki, hələ 13 yaşı olarkən Soljenitsın, Berdyayev, Solovyev və Kantı oxuyub, ona görə də məktəb ona mənasız görünüb.
Aleksandra Zaxarova orta təhsilini birtəhər başa vurduqdan dən sonra Şukin adına Teatr Məktəbinə daxil olur, oranı bitirdikdən sonra isə atasının baş rejissor işlədiyi “Lenkom” teatrına işə düzəlir. Onu Moskvada bir neçə teatr işləməyə dəvət etsə də, sevimli atasının işlədiyi “Lenkom”dan ayrılmaq istəmir. Atası Mark Zaxarov isə ona xüsusi tələbkarlıqla yanaşır. Hətta bununla bağlı yaradıcı şuranın gizli səsverməsini keçirir və səsvermə nəticəsində qızını işə qəbul edir. Qızı özünü təsdiqləyənə qədər ona ancaq ikinci dərəcəli rollar verir. Aleksandra atasının ona inanmadığını görüb mütəəssir olsa da, ona tapşırılan ən kiçik rolların öhdəsindən məharətlə gəlir.
Teatrda işləməklə yanaşı, kinoya da çəkilməyə başlayır. 1982-ci ildə ilk dəfə “Sviftin tikdiyi ev” (Ester), 1984-cü ildə “Məhəbbətin formulu”nda (Fimka) rol alır. 1988-ci ildə “İstedadlı kriminal” filmində Aleksandra Rukoyatkina rolu ilə məşhurlaşır. Onun ardınca atasının rejissorluğu ilə “Əjdahanın ölümü” filmində (Elza) çəkilir. Və bununla da atası qızının necə istedadlı olduğunu kəşf edir. Bundan sonra artıq ona teatrda da əsas rollar verilir. Aktrisa U.Şekspirin “Hamlet”ində Ofeliya, A.P.Çexovun “Qağayı”sında Nina Zareçnaya, A.P.Çexovun “Albalı bağ”ında Ranevskaya, P.Bomarşenin “Fiqaronun evlənməsi”ndə qrafinya Almamiva rollarını məharətlə oynayır. Qızının nailiyyətlərindən fərəhlənən Mark Zaxarov deyir: “Aleksandra teatr həyatımda mənə böyük köməkdir”.
Son vaxtlar Aleksandra seriallarda da çəkilməyə başlayıb. Deyir ki, onun üçün rolun kiçiyi-böyüyü yoxdur. Təki rol olsun, onu inandırıcı oynamaq isə ondan asılıdır. Aktrisanın şəxsi həyatı isə uğurlu alınmayıb. Aktyor Vladimir Steklovla ailə həyatı qursa da, bir müddətdən sonra ondan ayrılıb. Heyvanları çox sevən aktrisa müsahibələrində deyir: “Mənim həyatıma rəng qatan atam, oynadığım rollar və hevanlardır...”

Səbinə Əlibalaqızı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar