Orta məktəbdə cəmi 3 il təhsil alıb, incəsənət sahəsində böyük uğurlara imza atan nadir insanlar da var. Onlardan biri 1977-ci ildə Rusiyanın, 1988-ci ildə SSRİ-nin Xalq artisti adını almış, bir çox mükafatlara layiq görülmüş Mixail Puqovkindir.

O, 1923-cü il iyulun 13-də Yaroslav vilayətinin Çuxlomsk rayonunun Rameşki kəndində Natali və İvan Puqovkinlərin kasıb ailəsində anadan olub. Böyük ailənin ortancılı oğlu olan Mixail evlərindən çox uzaqda olan məktəbdə yalnız üç il oxuyub.
1936-cı ildə anası xəstələnir və əməliyyat üçün Moskvaya aparırlar. Onlar ailəliklə Moskvaya xalasıgilə köçür. Ailəyə kömək etmək üçün Mixail zavodda elektromontyor işləməyə başlayır. Teatr, kino aləmi ona daha maraqlı olduğundan işdən sonra Kalyayev adına klubun dram dərnəyinə gedir. Bir dəfə aktyorlardan biri xəstələnir, onun rolunu Mixailə verirlər. O, bir gecəyə rolu öyrənir və səhnəyə çıxır. Bir dəfə həmin dərnəkdə rejissor F.Kaverin onun istedadını görür və Mixaili Moskva Dram Teatrına dəvət edir. Aktyor 1939-cu ildə, 16 yaşında teatra işə düzəlir.
1940-cı ildə isə rejissor Qriqori Roşal onu “Artamonovların işi” filmində Stepan Barski roluna dəvət edir. Bu, kinoda onun debütü idi. Filmin çəkilişləri başa çatan gün (22 iyun 1941) Böyük Vətən müharibəsi başlayır. İki gündən sonra aktyor könüllü olaraq cəbhəyə gedir. 1942-ci ildə döyüşlərin birində ağır yaralanır. Ayağı qanqren olsa da, sağalır və şikəst olmaqdan qurtulur. II dərəcəli Vətən müharibəsi ordeninə layiq görülür və ordudan tərxis olunur.
Mixail Puqovkinin həyatında müharibə illəri bir məqamla da yadda qalıb. Qutab sexində işləyən anası hər dəfə işdən çıxanda bir qutabı özüylə götürür. Buna görə onu tuturlar. Bu, Mixailə çox pis təsir edir və Stalinə məktub yazır: “Hörmətli rəhbər Stalin, mənim anam qutab sexində işləyirdi. Ailəmiz böyük olduğuna, qardaşlarım və atam cəbhədə olduğuna, mən özüm də cəbhədən yenicə tərxis olunduğuma görə anam ailəni dolandırmaq üçün hər dəfə sexdən bir qutab götürürdü. Buna görə onu həbs ediblər. Xahiş edirəm, anamın həbsdən azad olunması üçün köməklik edəsiniz”. Məktubdan bir həftə sonra anasını həbsdən azad edirlər.
Mixail Puqovkin 1943-cü ildə Moskva Dram Teatrına qayıdır. Həmin ildə də Moskva Akademik Bədaye Teatrının (MXAT) məktəb-studiyasına qəbul olunur. Lakin 2-ci kursda iki zaçotu verə bilmir və müvəqqəti olaraq məktəb-studiyadan uzaqlaşdırılır. 1944-cü ildə Tank Məktəbinə oxumağa gedir. Lakin incəsənəti sevən məktəbin direktoru Fyodr Rayevskinin köməkliyi ilə Mixail yenidən məktəb-studiyaya qayıdır.
1947-ci ildə o, Nadejda adlı kurs yoldaşı ilə ailə həyatı qurur və bir qızları dünyaya gəlir. Onlar 12 il birlikdə yaşayırlar. 1949-1958-illərdə aktyor Lenin Komsomolu adına Teatrda işləməklə bərabər, “Admiral Uşakov”, “Sadiq dostlar”, “Əsgər İvan Brovkin”, “Torpaq və insanlar”, “Qızlar” və digər filmlərə çəkilir. Sonra bir müddət “Mosfilm” studiyasında (1960-1978) işləyir. 1961-ci ildə Mixail estrada müğənnisi Aleksandra Lukyançenko ilə tanış olur. Aleksandranın evli olmasına və yaşca Mixaildən böyük olmasına baxmayaraq, onlar evlənirlər və 32 il, Aleksandranın ömrünün axırınacan birgə yaşayırlar.
1965-ci ildə məşhur rejissor Leonid Qayday onu “I əməliyyatı və ya Şurikin başqa macəraları”ında Pavel Stepanoviç roluna dəvət edir. Bundan sonra o, L.Qaydayın sevimli aktyoruna çevrilir. Rejissor onu “12 stul”da Fyodor ata, “İvan Vasilyeviç peşəsini dəyişir”də Karp, “Sportloto”da San Sanıç Muraşko rollarına çəkir.
Mixail Puqovkin 1965-ci ildə “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan “Yenilməz batalyon” filmində polkovnik rolunu da məharətlə canlandırıb. Bundan başqa, istedadlı aktyor Aleksandr Rounun bir neçə nağıl-filminə də çəkilib.
1991-ci ildə həyat yoldaşı Aleksandra vəfat edəndən sonra aktyor film çəkilişləri ilə bağlı Yaltaya gedir. Orda dostunun bacısı ilə tanış olur və üçüncü dəfə onunla ailə həyatı qurur. Bir müddət orada yaşadıqdan sonra onlar Moskvaya qayıdırlar. Lakin aktyorun nə ikinci, nə də üçüncü nikahdan övladı olmur.
Ümumilikdə 100-dək filmə çəkilən sevimli aktyor Mixail Puqovkin 2008-ci il iyulun 25-də, 85 yaşında dünyasını dəyişib.

Səbinə Əlibalaqızı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar