Sentyabrın 23-də Beynəlxalq Muğam Mərkəzində dahi bəstəkar Üzeyir Hacıbəylinin 125 illiyinə həsr edilmiş “Ü.Hacıbəyli-125” Beynəlxalq musiqi festivalı çərçivəsində Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti olub.
   
   “İnsan təbiətinə bir neçə baxış” adlı konsertdə Qara Qarayev, Fərəc Qarayev, Carl Ditters von Dittersdorf, Paul Hindernit kimi dünya şöhrətli bəstəkarların klassik musiqi əsərlərindən nümunələr səslənib. Dirijor pultu arxasında kollektivin bədii rəhbəri və baş dirijoru, Xalq artisti Teymur Göyçayev dayanıb. Tamaşaçılar Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin və onun solisti, gənc musiqiçi Osman Əyyublunun (skripka) çıxışını alqışlarla qarşılayıblar.
   
   * * *
   Dünən Akademik Opera və Balet Teatrında “Üzeyir Hacıbəyli-125” Beynəlxalq musiqi festivalı çərçivəsində Müslüm Maqomayevin “Şah İsmayıl” operası nümayiş olunub.
   Operanın dirijoru Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, quruluşçu rejissoru Xalq artisti Ağababa Bünyadzadə, rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, quruluşçu rəssamı isə Əməkdar rəssam Ənvər Almaszadədir.
   Tədbirdə çıxış edən Hafiz Quliyev bildirib ki, Beynəlxalq musiqi festivalı çərçivəsində təqdim edilən bu opera görkəmli Azərbaycan bəstəkarı, dirijor, pedaqoq, Əməkdar incəsənət xadimi Müslüm Maqomayevin 125 illik yubileyinə bir töhfədir. İstedadlı bəstəkarın 1916-cı ildə qələmə aldığı opera 3 ildən sonra səhnələşdirilib və ötən müddət ərzində öz təravətini, tamaşaçı alqışını daim qoruyub saxlayıb.
   Gənclərin yetişməsinə, püxtələşməsinə böyük önəm verən Opera və Balet Teatrı bu dəfə də ənənəsinə sadiq qalaraq “Şah İsmayıl” operasına gəncləri cəlb edib. Tamaşada baş rollarda Xalq artisti Şahlar Quliyev, Əməkdar artist Təyyar Bayramov və gənc vokalçı İlahə Əfəndiyeva çıxış ediblər. Digər rolları isə əməkdar artistlər Nizami Bağırov, Sabir Əliyev, Əli Əsgərov, aktyorlar Arzu Əliyeva, Əliəhməd İbrahimov, Nəzər Bəylərov və başqaları canlandırıblar.
   
   * * *
   Dünən həmçinin Dövlət Filarmoniyasında “Üzeyir Hacıbəyli - 125” Beynəlxalq musiqi festivalı çərçivəsində Azərbaycan Dövlət Xor Kapellasının konserti olub.
   Solistləri Həsən Enami, Əvəz Abdullayev, Səbinə Əsədova, Aygün Zeynalova, Naala Baratelya, İlham Nəzərov olan xor kapellasının bədii rəhbəri və baş dirijoru Xalq artisti, professor Gülbacı İmanovadır.
   Proqrama Q.Qarayev, F.Əmirov, Niyazi, C.Cahangirov, V.Adıgözəlov, A.Əlizadə, F.Bədəlbəyli, T.Quliyev, Q.Məmmədov, F.Nağıyev, L.Vaynşsteyn, J.Martin, A.Crouch, D.Ellington, A.Kopolyov, M.Partsxaladze, A.Sayqun, L.Bernsteinin əsərləri daxil edilib.
   1966-cı ildə filarmoniyanın nəzdində təşkil edilmiş Azərbaycan Dövlət Xor Kapellasının repertuarına mindən artıq əsər daxildir. Kapellanın musiqiçiləri Azərbaycan mədəniyyətini xaricdə məharətlə təbliğ edirlər.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar