SSRİ-nin Xalq artisti, məşhur kinoaktrisa Nonna (Noyabrina) Mordyukova 1925-ci il noyabrın 25-də Ukraynanın Konstantinovka şəhərində anadan olub. Çoxuşaqlı ailədə doğulan Nonna evin ilki idi, özündən başqa iki qardaşı, üç bacısı vardı. Anası İrina Petrovna kolxoz sədri idi. Gözəl səsi olduğundan xalq mahnıları oxumağı sevərdi. Atası Viktor Mordyukov isə hərbçi idi, Böyük Vətən müharibəsində ayaqlarını itirmişdi.

Nonnanın uşaqlıqdan kinoya marağı var idi. Orta məktəbi bitirdikdən sonra sənədlərini Moskva Dövlət Kinematoqrafiya İnstitutuna verir və daxil olur. 1950-ci ildə institutu bitirir. İstedadlı aktrisa hələ institutda oxuyarkən, 1948-ci ildə “Gənc qvardiya” filmində Ulyana Qromova roluna çəkilir. Tələbə ikən məşhurlaşır və bu roluna görə Stalin mükafatına layiq görülür.
Həmin filmə çəkilərkən aktrisa Vyaçeslav Tixonovla tanış olur və onların tanışlığı məhəbbətə çevrilir. 1948-ci ildə cütlük ailə həyatı qurur. 1950-ci ildə oğulları Vladimir dünyaya gəlir. Lakin ailə həyatı uğurlu olmur. Onlar çox kasıb yaşayırdılar. 13 il birgə yaşayırlar və Nonnanın anası dünyasını dəyişəndən sonra cütlük ayrılır. Aktrisa sonralar müsahibələrində belə deyib: “Mən istəyirdim ki, Vyaçeslav ailənin yükünü çəksin və mənə qarşı diqqətcil olsun. Bizdə isə belə deyildi. Biz heç birimiz işdən sonra evə tələsmirdik, lakin uşağa və xüsusən də anamın ayrılmağımıza qarşı çıxmasına görə boşanmırdıq. Anam dünyasını dəyişəndən iki gün sonra biz boşanmaq haqqında ərizə verdik”.
Onlar ayrılanda oğulları 6-cı sinifdə oxuyurdu. Onun da həyatı çox faciəli olur. Uşaqlıqdan hüquqşünas olmaq istəyən Volodya anasının təkidilə Şukin adına Teatr Məktəbini bitirir. 20-dək filmdə rol alır, “Gənclər” və “Rus tarlası” filmlərində anası Nonna Mordyukova ilə birgə çəkilir. Əvvəlcə gözəl aktrisa Natalya Varleylə (“Qafqaz əsiri”ndə Nina) ailə qurur, sonra yenidən evlənir, amma hər iki evlilik uzun sürmür. O, içkiyə və narkotikə qurşanır. 1990-cı ildə ürək çatışmazlığından 40 yaşında dünyasını dəyişir.
Bu aktrisaya çox pis təsir edir və o, bir müddət depressiyaya düşür. Vyaçeslav Tixonov isə oğlunun ölümündə özünü günahlandırırdı. Həmişə fikirləşirdi ki, onların ayrılması uşaqlıqdan oğluna mənfi təsir edib və o, pis vərdişlərə aludə olub.
Şəxsi həyatından çox yaradıcılıqda uğur qazanan Nonna Mordyukova “Ögey qohum” (1955), “Yekaterina Voronina” (1957), “Könüllülər” (1958), “Ata evi” (1959), “Sadə əhvalat” (1960), “Doğma” (1981), “Ana” (1999) filmlərində əsas rollara çəkilib. 1967-ci ildə rejissor Aleksandr Askoldovun “Komissar” filmində oynadığı Klavdiya Vavilova roluna görə Böyük Britaniyada nəşr olunan “Kim kimdir” ensiklopediyasında XX əsrin ən görkəmli 10 kinoaktrisası siyahısına daxil edilir. Bundan başqa, o, komediya filmlərində (“33”, “Brilyant əl”, “Balzamirovun evlənməsi”) də unudulmaz obrazlar yaradır.
Aktrisa ikinci dəfə Rusiyanın Xalq artisti Vladimir Soşalski ilə ailə həyatı qursa da, bu nikahı da uğursuz olur. Onlar tezliklə ayrılırlar.
Uzun müddət Vyaçeslav Tixonovla küsülü olan Nonna Mordyukova ölümündən bir qədər əvvəl keçmiş həyat yoldaşına zəng edir və onlar barışırlar. İstedadlı aktrisa 6 iyul 2008-ci ildə 82 yaşında dünyasını dəyişir.

Səbinə Əlibalaqızı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar