“İki güclü insanın bir yerdə yaşaması mümkün deyil”. Bu sözləri görkəmli aktyor və rejissor Nikita Mixalkovun keçmiş həyat yoldaşı, məşhur aktrisa Anastasiya Vertinskaya deyib.

Anastasiya Vertinskaya 1944-cü il dekabrın 19-da Moskvada sənətçilər ailəsində doğulub. Atası Aleksandr Vertinski bəstəkar, şair, aktyor, anası Lidya Vertinskaya Y.Vaxtanqov adına Akademik Dram Teatrın aktrisası olub. Özündən böyük bacısı Marianna Vertinskaya da aktrisadır.
Anastasiya kinoda debütünü hələ məktəbli ikən edib, 1961-ci ildə Aleksandr Ptuşkonun “Al yelkənlər” filmində Assol roluna çəkilib. Bu rol üçün seçilməsi də elə asan olmayıb. Saçları qısa, özü çox arıq olduğuna görə əvvəlcə onu filmə çəkmək istəməyiblər. Lakin uzun paltar geyindirib, başına parik qoyduqdan sonra Anastasiya çox yaraşıqlı olur və beləliklə, onu məşhurlaşdıran ilk rola çəkilir.
Milyonların sevimlisinə çevrilən Nastya sonralar bu filmə çəkilən zaman təcrübəsi olmadığını, necə oturub-durmağı, danışmağı bilmədiyini və ilk rolunu heç sevmədiyini etiraf edib. Yeri gəlmişkən, filmdə onun qəhrəmanını aktrisa Nina Qulyayeva səsləndirib.
Anastasiya Vertinskaya “Al yelkənlərdən” sonra elə həmin il rejissorlar Gennadi Kazanski və Vladimir Çebotaryovun “Amfibiya adam” filmində Quttiere rolunu canlandırır. Filmin bir sıra səhnələri Bakıda lentə alınıb. Bu ekran əsəri onu daha da populyar edir. 1961-62-ci illərdə filmi 65 milyon tamaşaçı seyr etmişdi. Gözəl aktrisanı istedadına görə 1962-ci ildə A.Puşkin adına Moskva Dram Teatrının truppasına qəbul edirlər.
1963-cü ildə isə o, Şukin adına Teatr Məktəbinə daxil olur. Onunla eyni fakültədə gələcək həyat yoldaşı Nikita Mixalkov da oxuyurdu. 1964-cü ildə aktrisa Qriqori Kozintsevin “Hamlet” filmində Ofeliya roluna çəkilir. Çoxları tərəfindən sevilən Anastasiya hansısa rolu oynayanda bütün qrup onu izləməyə tələsirdi, hamıdan çox isə Nikita Mixalkov. Onların arasında məhəbbət yaranır və 1966-cı ildə evlənirlər. Stepan adında oğulları dünyaya gəlir.
Aktrisa 1967-ci ildə teatr məktəbini bitirir və Y.B.Vaxtanqov adına Moskva Dövlət Akademik Teatrına işə düzəlir. Burada bir il işlədikdən sonra “Sovremennik” teatrına gedir. N.Mixalkovla evlilikləri isə cəmi 4 il sürür. Anastasiya Vertinskaya ailə həyatında özünü tapa bilmədiyini bildirir. Anlayır ki, Nikitanı çox sevsə də, iki güclü insanın bir yerdə yaşaması mümkün deyil. Sərbəstliyi sevən aktrisa ev qadını olmağı bacarmadığını da etiraf edir. İkinci dəfə müğənni Aleksandr Qradski ilə ailə həyatı qurur. Lakin bu nikah da uğursuz olur.
Aktrisa “Anna Karenina”da Kiti Şerbatskaya, “Hərb və sülh”də Liza Bolkonskaya, “Ovod”da Cemma və s. bir-birindən maraqlı rollar oynayaraq 1980-ci ildə Rusiyanın Əməkdar artisti, 1988-ci ildə isə Xalq artisti adına layiq görülür.
Oğlu Stepan həm rejissorluqla, həm də bizneslə məşğuldur. 71 yaşını qeyd edən aktrisa üç nəvəsi ilə birlikdə gözəl həyat yaşayır.

Səbinə Əlibalaqızı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar