Pol Qogen (Ejen Henri Pol Qogen) adı dünya incəsənət tarixinə qızıl hərflərlə yazılıb. Dünya rəssamlıq sənətində onun özünəməxsus yeri var. Rəssam 1848-ci ildə Parisdə anadan olub. Onun yaradıcılığı başlıca olaraq postimpressionizm və primitivizm cərəyanlarını əhatə edir. 1851-ci ildə Qogenin ailəsi Peruya köçür. Ailə başçısının ölümündən sonra 4 il Limada yaşayan ailə üzvləri 1855-ci ildə yenidən Parisə qayıdırlar.
Pol Qogen bir müddət donanmada işləyib, Parisdə birjada çalışıb. 1873-cü ildə rəssam danimarkalı bir qızla evlənib və ondan beş övladı doğulub.
Qogen uşaqlıqdan rəssamlığa həvəsliydi. Gənclik illərində o, ardıcıl rəsmlər çəkir, özünü sənətkar kimi yetişdirirdi. O özü-özünün müəllimi idi. Ona görə də rəssamlıq təhsili almağa gərək duymamışdı. Yaxın rəssam dostları Kamil Pizarro, Pol Sezannla bir yerdə rəsmlər çəkir, dünya rəssamlıq tarixinin gələcək incilərini yaradırdı.
1881-1882-ci illərdə o, ilk dəfə impressionistlərin sərgisində əsərlərini nümayiş etdirsə də, diqqət cəlb etmir. 1884-cü ildə ailəsi ilə Kopenhagenə köçən rəssam burada dolanmaq üçün dayanıqlı iş tapa bilmir. Bundan sonra o, böyük oğlu ilə Parisə qayıdaraq bütün diqqətini rəssamlığa verir. Bu vaxt Van Qoq onu Fransanın Arl bölgəsinə dəvət edir və onlar iki ay bir yerdə rəsm çəkirlər.
İlk çağlar Qogen impressionizmə meyl etsə də, özünü onda tapa bilmir. Bundan sonra o, Afrika və Asiya incəsənətini dərindən öyrənir, özəlliklə yapon folklorunun, mədəniyyət və incəsənətinin təsirinə düşür.
1891-ci ildə rəssamın maddi durumu olduqca pisləşir, əsərlərini alan olmur, bir yandan da özünü tanıtdıra bilmir. O, az müddətə Fransanın Sakit okeandakı müstəmləkəsi olan Taiti adasında yaşamağa gedir. Bu, onun yeni axtarışlar dönəmiydi. Burada yerli əhalinin yaşam tərzini əks etdirən çoxlu əsərlər yaradır. Həyatının qalan hissəsini isə Taitinin qonşuluğundakı Markiz adasında keçirir. Burada o, xatirələrini, sənət haqqında fikirlərdən ibarət "Öncə və sonra" adlı kitab da yazıb. 1903-cü ildə rəssam bərk xəstələnir və 54 yaşında dünyasını dəyişir. Taitidə rəssamın şərəfinə Qogen muzeyi də yaradılıb.
Onun bütün əsərlərində insanlar öz təbiiliyi ilə əksini tapıb. “Arlda gecə kafesi”, “Sahildə taitili qadınlar”, “Çiçək ilə qadın”, “Pont Avendə su kanalı”, “Günorta mürgüsü”, “İki taitili qadın” və başqa əsərlərində dərin səmimilik duyulmaqdadır. Rəssamın avtoportretlər silsiləsi də var.
Ölümündən sonra Qogenin yaradıcılığına maraq artır, əsərlərinin çoxu rus kolleksiyaçısı Sergey Şukin tərəfindən alınır, həmin əsərlərin bir qismi A.S.Puşkin adına Dövlət Təsviri İncəsənət Muzeyində saxlanılır. Bu gün Qogen dünyanın əsərləri baha satılan ən məşhur rəssamlarındandır. Onun əsərlərinin orta qiyməti 40 milyon dollardır. “Mənimlə nə zaman evlənəcəksən?” əsəri 2015-ci ildə 300 milyon dollara satılıb.

Soltan







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar