Xalqın milli-mənəvi dəyərlər, adət-ənənələr toplusu onun varlığının əksi olmaqla yanaşı, həm də özəl xüsusiyyətlərinin göstəricisidir. Bu mənada Azərbaycan toylarının ayrı bir yeri, məna yükü var.
   
    Bu mərasimlərin əsasında dayanan amillər Azərbaycan məişətini, mədəniyyətini ifadə edir. Deməli, toy sadəcə mərasim, şadyanalıq tədbiri yox, həm də xalqın ailəyə münasibətinin təzahürüdür. Bu gün isə bu və ya digər amillərdən asılı olaraq toyun təşkili və mahiyyətində müəyyən sapmalar müşahidə olunmaqdadır. Əvvəllər bir neçə gün davam etməklə böyük bir hadisə kimi qeyd olunan toylar indi sadəcə 5-6 saatlıq əyləncə kimi səciyyələnir. Təbii ki, burada müəyyən maddi-mənəvi amillər, zaman məhdudiyyəti və s. kimi nüanslar var.
   Məlumdur ki, keçmişdə Azərbaycan toyları nağıllar və dastanlarda əks olunduğu kimi, üç, yeddi, hətta qırx gün davam edib. Məhz bu rəqəmlərin seçilməsi ilkin təsəvvürlərdə onların sakral rəqəmlər kimi qəbul edilməsindən irəli gəlib. Qədim türklərin üçlü dünya modeli, xristianlıqda müqəddəs üçlük, göyün yeddi qatı, dünyanın yeddi günə yaradılması, göy qurşağının yeddi rəngi və s. rəqəmlər gerçək yanaşmanın bariz nümunəsidir. Keçmiş zamanlarda toyda evlənənin şəninə söylənən alqışlar, sazın sədaları, gedilən yallılar, atılan güllələr və yandırılan üzərliklər çətin məqamda insanlara yardım etmək məqsədi daşıyıb. Ancaq indiki məqamlarda toy mərasimləri sadəcə cəmiyyətin özəyini təşkil edən yeni ailələrin qurulmasının yaxın ətraf tərəfindən qeyd edilməsi kimi yadda qalır.
   Bu gün toylarımız öz ilkin əsaslarından uzaqlaşıb. Bu dəyişmə mərasimlərin təşkili dövrünə də təsir edib. Məsələn, əvvəlki dövrlərdə toy mərasimləri yalnız payız aylarında keçirilərdi. Bu da keçmişdə insanların təsərrüfat həyatı ilə bağlı olub. Onlar qışda toy etməyiblər. Çünki buna təbii şərait imkan verməyib. Daha sonra isə ərzaq qıtlığı, köçərilik və arana-yaylağa köçmək və s. Yazda da toy olmayıb. Çünki qışdan çıxan insanların ərzağı tamamilə tükənib. Əkinçiliklə məşğul olanların da torpağa başı qarışıb. Yayda isə əkin-biçin vaxtı gəlib. Ancaq payız bütün bu ağır zəhmət tələb edən işlərin bitməsi, meyvə və tərəvəzlərin yetişməsi dövrüdür. Göründüyü kimi, payız əsil toy etmək fəslidir. Bu səbəblərdən də toy mərasimləri adətən payıza təsadüf edib. Bu nüans folklorumuzda da öz əksini tapıb:
   
   Əziziyəm əyəndə,
   Güllər boynun əyəndə,
   Mənim toyum olacaq,
   Şamamalar dəyəndə.
   Ötən zamanlarda evliliyə, ailə həyatına da çox ciddi yanaşılıb. Gənclərin bu addımı bütöv bir tayfanın, nəslin, elin maraq dairəsində olub. Onların toydan sonrakı ailə həyatları, yaşam tərzləri böyüklərin diqqət mərkəzində olub. Gənc ailənin maddi-mənəvi məsələlərinin həllində qohum-əqrəba maraqlı olub. İndi isə nikaha adi bir prosedur kimi yanaşılır, toydan sonra evli cütlük yaxınların, qohum-əqrəbanın diqqətindən kənarda qalır.
   Toy adətlərinin deformasiyasının obyektiv və subyektiv səbəbləri çox olsa da, burada qloballaşma amili daha qabarıqdır. Təəssüf ki. müəyyən məqamlarda qloballaşma milli-mənəvi dəyərlər sisteminə təsirsiz ötüşmür.
   
   Savalan Fərəcov






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar