Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının təsdiq edilməsı haqqında” 2009-cu il 18 may tarixli Sərəncamına uyğun olaraq ölkəmizin teatrlarında digər dövlətlərin teatrları ilə mədəni əlaqələrin qurulması istiqamətində məqsədyönlü iş aparılır.
Dövlət Musiqili Komediya Teatrının mətbuat xidmətindən bildiriblər ki, bu məqsədlə teatrın gənc rejissoru, tamaşaçılara Üzeyir Hacıbəylinin “Arşın mal alan” komediyasının quruluşu ilə yaxşı tanış olan Elvin Mirzəyev ixtisasını artırmaq üçün oktyabrın 7-də Rusiyanın Yekaterinburq şəhərinə yola düşəcək. Gənc sənətçi Sverdlovsk Dövlət Akademik Musiqili Komediya Teatrında təcrübə keçəcək.
Bundan əlavə, teatrın əməkdaşları - dekorçu rəssam Elgün Vəliyev və işıqçı Tural Şərifov dünya şöhrətli Robert Sturuanın rəhbərlik etdiyi Ş.Rustaveli adına Akademik Dram Teatrında təcrübə keçmək üçün oktyabrın 1-də Tbilisi şəhərinə ezam olunublar.
Musiqili Komediya Teatrının direktoru Əlqismət Lalayev son iyirmi ildə bu teatrdan gənc istedadların ilk dəfə təcrübə üçün başqa şəhərlərə göndərilməsini kollektivin həyatında mühüm hadisə olduğunu deyib.