Nizaməddin Şəmsizadə: «Mədəniyyətin ana xəttini təşkil edən kitab onun inkişafını sürətləndirən əsas amildir»
Xəbər verdiyimiz kimi, noyabrın 12-dən 15-dək İstanbulda 30-cu Beynəlxalq Kitab Sərgisi keçirilib. Miqyasına və iştirakçılarının sayına görə dünyanın ən iri kitab sərgi-yarmarkalarından sayılan tədbirdə 30-a yaxın ölkədən nümayəndə heyətləri iştirak edib. Beynəlxalq sərgidə ölkəmizi mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib. Nümayəndə heyətinin tərkibində Türkiyədə səfərdə olmuş filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə ilə mədəni əlaqələrin inkişafında yeni səhifələr açan tədbir barədə söhbət etdik.
Sərgidə iştirakından məmnunluqla danışan alim ölkəmizin də belə möhtəşəm tədbirdə təmsil olunmasını kitab mədəniyyətimizin nümayişi baxımından müsbət hal kimi dəyərləndirdi: «Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə baş tutan səfərimiz məndə xoş təəssürat yaratdı. Bu sadəcə bir kitab-sərgi yarmarkası deyil, mədəni mübadilə baxımından böyük əhəmiyyətə malik tədbir idi. Belə tədbirlər xalqları bir-birinə daha da yaxınlaşdırır, mədəni əlaqələrin genişlənməsinə zəmin yaradır. Rəsmi şəxslərin, qələm dostlarımın və ustad sənətkarlardan ibarət muğam üçlüyünün (xalq artistləri Mələkxanım Əyyubova, Möhlət Müslümov və Fəxrəddin Dadaşov) iştirakı ilə keçən səfərimiz dolğun və yaddaqalan oldu. Bunu sərgi boyu stendimizə yaxınlaşan çoxsaylı insanlar, Azərbaycana olan böyük maraq, musiqimizə, şeir və sənətimizə ünvanlanan alqışlar da təsdiq etdi. Azərbaycan stendinin çoxsaylı ziyarətçiləri kitablarımız, kitab mədəniyyətimiz, incəsənətimiz, musiqimiz barədə müxtəlif suallar verirdilər. Gözəl sənətkarlarımızın ifaları isə Azərbaycan musiqisinin, muğamının möhtəşəmliyini bir daha göstərmiş oldu. Ümumilikdə maraqlı səfər idi və bu yüksək təəssürata görə Mədəniyyət və Turizm Nazirliyinə, ölkəmizin İstanbuldakı baş konsulluğuna təşəkkürümü bildirirəm.
Səfərin mənim üçün çox böyük əhəmiyyəti vardı. Əvvəla, ikinci dəfə idi ki, dünya mədəniyyətinin möhtəşəm mərkəzlərindən olan İstanbula səfər edirdim. Mən bir dəfə İstanbulu gəzərkən bu şəhərin gözəlliyinə, özəlliklə camelərinin memarlığına valeh olmuş, onlara baxarkən İslam mədəniyyətinin əzəmətini dərk etmişdim. Bu dəfə isə yüksək səviyyədə təşkil olunan kitab sərgisi məni qürurlandırdı. Sanki dünya xalqları kontekstində türk və Azərbaycan kitabının əzəmətini gördüm, duydum. Məncə bu sərgi hər bir iştirakçıda məhz bu təəssüratı oyada bildi».
Sərgi çərçivəsində gerçəkləşən çoxsaylı tədbirlərdən biri də ölkəmizlə bağlı idi. Noyabrın 13-də Azərbaycan ədəbiyyatının müxtəlif inkişaf mərhələlərini əks etdirən “Kitabi-Dədə Qorqud”dan Nizami Gəncəviyə, Nizami Gəncəvidən bu günə Azərbaycan şeiri” adlı beynəlxalq konfrans keçirildi. Tədbirdə geniş məruzə edən professor N.Şəmsizadə ümumilikdə Azərbaycan poeziyasının tarixi kökləri, orta çağlar, fəlsəfi cərəyanlar və XX əsrdəki fəlsəfi təmayülləri haqda məlumat verdiyini bildirdi: «Mən orda xüsusilə Azərbaycan-türk yazılı abidəsi olan «Kitabi-Dədə Qorqud»un səcli dildə yazılmasına diqqət çəkdim, Nizami və Şərq intibahı problemi ətrafında söhbət apardım. Sübut etməyə çalışdım ki, intibah Qərbdən Şərqə yox, Şərqdən Qərbə keçib. Üçüncü diqqət yetirdiyim məsələ isə Nəsimidə, hürufizmdə sözə münasibətlə bağlı Allah-zaman-insan-söz problemi idi. Dördüncü əsas məqam kimi Füzulinin poetikası, onun üç dildə qələmə aldığı ədəbi nümunələrin böyüklüyü barədə idi. İştirakçılara orta çağlar və nəhayət XX əsr ədəbiyyatımız barədə məlumat verərək bu əsrdə Azərbaycan poeziyasının iki böyük istiqamətdə inkişaf etdiyini vurğuladım. Lirik-romantik və fəlsəfi-intellektual poeziyamız, eləcə də 60-cı illər ədəbiyyatı və cərəyanları ümummüsəlman və ümumtürk ədəbiyyatı kontekstində şərh etməyə çalışdım.
Tədbirə aparıcılıq edən tanınmış yazar Rəşad Məcidin, gözəl qələm sahibləri, istedadlı şairlərimiz Çingiz Əlioğlu və Vaqif Bəhmənlinin, Səlim Babullaoğlunun çıxışları, səsləndirdikləri şeirlər böyük maraqla qarşılandı. Bu xoş ovqatlı milli, türkçü mənzərəyə musiqiçilərimizin çıxışı, muğam ifaları bir ayrı ovqat, möhtəşəmlik bəxş etdi. Azərbaycan kitabı, Azərbaycan bayrağı və azərbaycançılıq ruhu orada bir hakimi-mütləq idi. Biz orada bir ümumtürk əhval-ruhiyyəsi yaratmaqla digər xalqların təmsilçilərinə türkün kimliyini, Azərbaycanın nələr düşündüyünü, nələr yazdığını göstərə bildik».
Sərgini kitab vasitəsilə xalqların ünsiyyət bayramı kimi də xarakterizə edən həmsöhbətimiz bunu təkcə mədəniyyətlərin, kitabların təması və ya kitab çapı və yayımı ilə bağlı məsələ deyil, ümumilikdə xalqların bir-birinə münasibətinin nümayişi kimi dəyərləndirdi: «Bu gün bütün dünyada qloballaşma prosesi gedir və bu prosesdə ən təhlükəli məqam mədəniyyətlərin inteqrasiyası məsələsidir. Əslində qloballaşma və inteqrasiya ilə bağlı olaraq dünyada bir sıra qüvvələr yenə də bir pozuculuqla, yeni dünya sahmanı yaratmaqla məşğuldurlar. Və bunun əsas məqsədi ümumilikdə türk, müsəlman aləmini bu yeni dünya bölgüsündən uzaqlaşdırmaqdır. Bu, çox təhlükəlidir. Bu gün texnokrat təfəkkürlə humanitar təfəkkürün, Avropa düşüncə tərzi ilə Şərq təfəkkürünün bir mübarizəsi gedir. Ona görə də belə mədəni tədbirlərin təşkili çox vacibdir. Xüsusən də yazılı ədəbi nümunələr, kitablarla bağlı toplantılar. Çünki kitablar xalqlara gedən gəmilər, onların mənəviyyatına, təfəkkürünə daxil olmağı bacaran axınlardır. Digər tərəfdən mədəniyyətdə millilik, milli sima məsələləri daim diqqət mərkəzində olmalıdır. Bu inteqrasiyada mədəniyyət öz kimliyini itirərsə, məhv olacaq. Ona görə də Azərbaycan mədəniyyəti dünya mədəniyyətinə öz milli siması ilə daxil olmalıdır. Bu istiqamətdə də təbii ki, istər dövlətimiz, istərsə də ayrı-ayrı qurumlar çox işlər görür».
Bu kontekstdə mədəniyyəti azərbaycançılığın əsas məxəzlərindən sayan N.Şəmsizadə mədəniyyətlərin mübarizəsində məhz bu vasitə ilə qalib gələ biləcəyimizi düşünür: «Bu həm də milli siyasət və mədəniyyətin ortaq məxrəci, birləşmə nöqtəsidir. Yəni tutaq ki, mən azərbaycançıyam deyib bir böyük kitab da yazmaq olar. Amma bir mahnı, bir rəsm, bir şeir parçası sənin, mənim azərbaycançılığımızı dünyanın o başındakı insana daha tez və anlaşıqlı çatdıra bilər. Bu mənada mədəniyyətin gücü və onun kütləyə geniş təsiretmə imkanlarını daim diqqət mərkəzində saxlamalıyıq. Təsadüfi deyil ki, bu məqam, azərbaycançılıq məsələsi dövlət siyasəti kimi daim diqqət mərkəzində saxlanılır. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu bu siyasi xətt hazırda ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir».
Həmidə Nizamiqızı