Mədəniyyət və İncəsənət Universitetinin yetirmələri beynəlxalq müsabiqədə “Qran-pri” qazanıblar
   
   Noyabrın 9-dan 12-dək Qazaxıstanın Almatı şəhərində beynəlxalq tələbə tamaşaları festivalı keçirildi. Festivala dəvət almış ADMİU-nun tələbələri beynəlxalq tədbirə məsuliyyətlə hazırlaşmağa başlamışdılar.
   
   Çünki onlar bu sənət yarışmasının məsuliyyətini hələ 2010-cu ildə Tbilisidə keçirilən festivalda hiss etmişdilər, orada qazandıqları tamaşaçı alqışı xatirələrdən silinməmişdi. Bir də axı universitetimizin beynəlxalq müsabiqələrdə iştirak təcrübəsi hələ 1989-1990-cı illərə gedib çıxır. O zaman SSRİ-nin ali məktəbləri arasında keçirilən V.Yaxantov adına bədii qiraət müsabiqəsi tarixi yaddaşlarda yaşayırdı. Hazırda universitetimizdə dərs deyən dosent Kəmalə Mehdiyeva, Xalidə Həsənova bu müsabiqənin qalibləri olmuşdular.
   Qazaxıstana yola düşməzdən öncə ADMİU-nun rektoru, professor Timuçin Əfəndiyev tələbələrlə görüşündə bu ənənəni yada salmış, bu gün dünyanın 30 ölkəsinin qabaqcıl sənət ali məktəbləri ilə əməkdaşlıq edən universitetimizin beynəlxalq aləmdə yüksək nüfuza malik olmasını, tədris ocağının 90 illiyi qarşısında daha böyük məsuliyyət daşımamızı yada salaraq layiqli yer tutmaq üçün öz xeyir-duasını vermişdi.
   Almatıda böyük qonaqpərvərliklə qarşılandıq. Hər addımda ictimai-siyasi, mədəni sahələrdə qazandığımız nailiyyətlərə görə dövlətimizə və xalqımıza olan böyük hörmətin şahidi olduq. Festivalın açılışı T.Jurqanov adına Qazaxıstan Milli İncəsənət Akademiyasında keçirildi.
   Festival Qazaxıstanın Xalq artisti, professor, bu ölkədə teatr təhsilinin banilərindən biri olan rejissor Askar Tokmanovun adını daşıyırdı. İncəsənət Akademiyasının tədris teatrında tamaşaların nümayişi üçün hər şərait yaradılmış, hər bir tamaşa üçün bədii, musiqi tərtibatı təmin edilmişdi.
   Festivalın açılışından əvvəl keçirilən mətbuat konfransında universitetimizin müasir həyatı və keçdiyi inkişaf yolu, yaradıcılıq prosesi və respublikamızın mədəni həyatında tutduğu yüksək mövqe haqqında məlumat verdik. Qeyd etdik ki, rektor, professor Timuçin Əfəndiyevin gərgin əməyi və təcrübəsi sayəsində universitet beynəlxalq aləmdə nüfuzlu bir ali məktəbə çevrilmiş, müasir cəmiyyətin tələbinə uyğun olaraq yeni ixtisaslar açılmışdır. Bunun nəticəsidir ki, hazırda universitetdə incəsənətin bütün sahələrini əhatə edən 40-a yaxın ixtisas üzrə peşəkar kadrlar hazırlanır. Yaradıcılıq palitrası baxımından rəngarəng olan bu ixtisasların universitetimizdə olması onların bir-birilə qarşılıqlı əlaqəsini zənginləşdirir, yaradıcılıq iqlimi yaradır. Belə bir şərait isə istedad səviyyələri müxtəlif olan gənclərə qabiliyyət və bacarıqlarını inkişaf etdirmək üçün münbit şərait yaradır. Festivala gətirdiyimiz tamaşamızı nümunə gətirərək səhnə əsərinin ədəbi materialının, musiqi və bədii tərtibatının tələbələr tərəfindən hazırlandığını qeyd etdik. Ali məktəbimiz haqqında bu məlumatlar böyük maraq doğurdu.
   Festivalın münsiflər heyətinə Əməkdar incəsənət xadimi, Qazaxıstanın dövlət mükafatı laureatı, professor Sıqay Amirbəy Topabayuli rəhbərlik edirdi.
   Tələbələrimizin çıxışı noyabrın 10-da Astana Mədəniyyət Teatr İnstitutunun tələbələrinin çıxışından sonra başladı. Münsiflər heyətinin tərkibində olsam da, həyəcan keçirir, tələbələrimizin çıxışlarını səbirsizliklə gözləyirdim.
   Beləliklə, tələbələrimizin çıxışını elan etdilər. Əsər müxtəlif mövzuları əhatə edən, 7 etüddən ibarət bütöv bir tamaşa idi. Müstəqil olan hər bir hissə bir-birilə bədii təsvir və ifadə vasitələri, improvizə, plastika, ritm və aktyorların hissetmə həssaslığı ilə bağlanırdı.
   Tamaşa başlanarkən işıq və səs effektlərindən istifadə olunaraq hər bir obrazın xarakterinə uyğun donmuş hərəkətdə işıqlanır və tamaşaçını maraqlandırırdı.
   Hər bir hissə böyük alqışlarla qarşılanırdı. Tamaşanın belə müvəffəqiyyətlə alınmasında kursun bədii rəhbəri, dosent Vidadi Həsənovun rejissor kimi rolu böyük idi.
   Cəmi 10 tələbənin yaratdığı tamaşanın təsir gücü universitetimizdə gedən yaradıcılıq və tədris prosesinin nə dərəcədə yüksək olduğunu tamaşaçıların və münsiflər heyətinin kəsilmək bilməyən alqışlarında görünürdü. 7 hissənin hər biri üçün hadisələrə uyğun musiqi tapılmışdı. Hər bir hissənin mövzusu, xarakteri, ifa dinamikası, hətta janrı da müxtəlif idi. Göstərilən etüdlərdə məzmunla quruluş və formanın həlli səviyyəsi, ifaçılıq məharəti yüksək idi .
   Aktyorlar səsləndirilən musiqi parçasını melodiya və plastik hərəkətlər vasitəsilə nümayiş etdirə bilirdilər. Bəzən elə səhnələr var idi ki, aktyor tamaşaçı ilə səssiz dialoqa girir, keçirdiyi həyəcan və düşüncələrini tamaşaçılara təqdim edə bilirdi.
   40 dəqiqəlik tamaşa bitdikdən sonra zal uzun müddət alqışlara qərq oldu. Bu alqışlar qələbəmizdən soraq verirdi.
   Səhəri günü kollektivimiz səhnəyə dəvət olundu. Münsiflər heyətinin qərarını oxuyan Sıqay Amirbəy Topabayuli tərəfindən “Qran-pri” mükafatının qalibi elan edildik. Bu qələbə tələbələrin, onlara dərs deyən müəllimlərin, ümumilikdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin qələbəsi idi.
   
   Rafiq Sadıqov,
   Mədəniyyət və İncəsənət Universitetinin tədris və tərbiyə işləri üzrə prorektoru, professor