Özünü sanki sualtı aləmdə, dəniz və okean faunasının əhatəsində hiss edirsən. Bu aləmin zənginliyi isə insanı özünə heyran edir: molyusk qabıqları, dəniz ulduzları, kirpi və tısbağalar və daha nələr... Söhbət Bakının Bayıl qəsəbəsində yerləşən, Azərbaycanda ilk şəxsi muzey olan «Rinay» malakofauna muzeyindən gedir.
   
   Əsas mövzuya keçməzdən əvvəl qeyd edək ki, dünyada şəxsi muzeylər çox olsa da, Azərbaycanda belə bir ideyanı ilk dəfə gerçəkləşdirən «Rinay» muzeyinin yaradıcısı Tofiq Karayev olub. Geologiya-mineralogiya elmləri namizədi, professor Tofiq Karayev profili üzrə dünyada analoqu olmayan bu muzeyi öz şəxsi vəsaiti hesabına yaradıb. Onun öz sözləri ilə desək, müxtəlif ölkələrdə okean və ya dənizlərə aid nümunələrinin saxlandığı muzeylər var. Amma bütün suda və quruda yaşayan malakofaunanın (molyusklar faunası) bir arada toplandığı muzey yalnız Azərbaycandadır.
   Təsadüfi deyil ki, muzey beynəlxalq muzeylər reyestrinə, Azərbaycan Milli Ensiklopediyasına, «Azərbaycan muzeyləri» adlı kitaba daxil edilib və haqqında iki dissertasiya yazılıb. İndiyədək öz kolleksiyaları ilə dünyanın bir çox ölkələrinə dəvət alan Tofiq müəllim bu yaxınlarda Almaniyadan qayıdıb. Almaniyada fəaliyyət göstərən «Azərbaycan evi»nin dəvəti və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə noyabrın 14-dən 22-dək davam edən səfər zamanı Tofiq müəllimin muzeyinin ecazkar nümunələri nümayiş olunub. Tofiq müəllim səfər təəssüratını bizimlə bölüşdü:
   - Bu qeyri-adi muzey hər zaman əcnəbilərin də diqqətini cəlb edib. Onlar tez-tez muzeyə baş çəkir, məni müxtəlif tədbirlərə, səfərlərə dəvət edirlər. Budəfəki səfərim isə Almaniyada yaşayan həmyerlimiz, Berlindəki “Azərbaycan evi»nin rəhbəri Tofiq Qarayevin təşəbbüsü ilə həyata keçdi. Səfərlə bağlı bütün təşkilati, maliyyə məsələlərini Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi həll etdi. Bu köməyə və dəstəyə görə Mədəniyyət və Turizm Nazirliyinə, şəxsən nazir Əbülfəs Qarayevə dərin təşəkkürümü bildirirəm. Məhz bu dəstək sayəsində Almaniyaya səfərim çox yüksək səviyyədə keçdi, muzeyimizin eksponatlarının belə gözəl təqdimatı keçirildi.
   13 gün davam edən səfər müddətində əvvəlcə Berlində, dəyərli soydaşımız İbrahim Əhrarinin rəhbərlik etdiyi «Berlin-Bakı qalereyası»nda sərgimiz təşkil olundu. Sərgini nümayiş etdirmək üçün mənə 3 böyük zal verdilər. Muzeyimizə aid olan 11 stendin qoyulduğu bu zalları yüzlərlə insan ziyarət etdi. Sərgi istər almanlarda, istər bizim orada yaşayan soydaşlarımızda, istərsə də qeyri-millətlərdə olduqca böyük maraq doğurdu. Berlindən sonra Drezdenə getdim və eksponatlarımızı iki gün ərzində bu şəhərdə nümayiş etdirdik. Drezden Avropada muzeylər paytaxtı hesab olunur. İlk dəfə idi ki, Azərbaycan muzeyinin kolleksiyaları bütöv halda bu şəhərdə nümayiş etdirildi. Buna görə çox sevinirəm. Bu səfərdə məni tərcüməçi və ekskursiyaçı Bünyad Quluzadə müşayiət edirdi. Ona da minnətdarlığımı bildirirəm.
   Sərginin özəlliyi həm də onda idi ki, bütün kolleksiyaların üzərində Azərbaycanın gerbi və bayrağı həkk edilmişdi. Onu da deyim ki, Almaniyada bizim sərgiyə gələnlərin bir çoxu muzeyimiz barədə məlumatlı idi. Odur ki, tədbir geniş rezonans doğurdu. Televiziya və radioda sərgi barədə süjetlər də yayımlandı.
   
   Muzeyin yaranma tarixçəsi və ya nəsillərin yadigarı
   
   «Rinay» malakofauna muzeyinin ilk eksponatları hələ ötən əsrin 30-cu illərində Tofiq müəllimin atası - fəxri neftçi, Əməkdar mühəndis Sadıq Karayev tərəfindən toplanılıb. Şamaxılı Kərim bəyin oğlu Sadıq Karayev tanınmış neft mütəxəssisi kimi dünyanın müxtəlif ölkələrində işləyib.
   Tofiq müəllim özü bu barədə belə deyir: «Atam 1932-ci ildən 1937-ci ilədək ABŞ-da, İngiltərədə neft mütəxəssisi kimi çalışıb və Rokfeller ailəsi ilə yaxınlığı olub. O, neft buruqlarının qazıntısı zamanı əldə etdiyi nümunələri bir yerə toplayar, onların üzərində tədqiqat aparar, yerin dərin qatlarından tapılan nümunələrin yaşını təyin edər, kolleksiya toplayardı. «Rinay» muzeyinin unikallığı da elə bundadır. Burada müasir dəniz və yerüstü faunaya aid molyusklardan savayı, 2-3 milyon il bundan əvvəl Ağcaqıl və Abşeron paleodənizlərində mövcud olan molyusk qabıqları toplanıb».
   30-cu illərin repressiya dalğası bəy nəslindən olan Sadıq Karyevdən də yan keçməyib, o, 1937-ci ildə Sibirə sürgün olunub. Sonralar onun işini oğlu Tofiq Karayev davam etdirib. O, molyusklar kolleksiyasını sistemləşdirməklə bərabər, şəxsən yığdığı nümunələri də kolleksiyaya əlavə edib. Azərbaycandan ilk geoloq-malakoloq alim kimi tanınan Tofiq müəllim bir neçə il ərzində Qara dəniz, Fars körfəzi, Qırmızı dəniz, Hind okeanı boyunca beynəlxalq dəniz ekspedisiyanın tərkibində olarkən təkrarsız nümunələr toplaya bilib. İndi isə bu nümunələrin hamısı «Rinay» muzeyini bəzəyir. Muzeyin adına gəlincə, Tofiq müəllim onu övladları Riyad və Nailənin adlarına uyğunlaşdıraraq «Rinay» adlandırıb. Tofiq müəllim xarici ölkələrdə, Azərbaycanın bütün bölgələrində - dağlıq və aran rayonlarında, dağlarında, düzlərində geoloji ekspedisiyalar zamanı əldə etdiyi nadir eksponatları böyük qayğı ilə bir yerə toplayıb.
   Muzeydə Şimali və Cənubi Amerika, Avrasiya, Avstraliya, Afrika materiklərindən, həmçinin Sakit, Atlantik və Hind okeanının malakofauna nümunələri var. Nümayiş etdirilən hər bir molyusk qabığına onun adını bildirən xüsusi etiket yapışdırılıb. Muzey direktoru eksponatlar barədə deyir: «Bəzilərini ağacdan, çaydan, göllərdən yığmışam. Hətta qədimdə Azərbaycanda yaşayan molyuskları qazıntılar zamanı tapıb kolleksiyaya əlavə etmişəm. Muzeyin eksponatları sırasında «Qırmızı kitab»a düşən molyusklar da çoxdur. Bəziləri «Qırmızı kitab»dan da çıxarılıb. Çünki artıq həmin növlərdən qalmayıb”.
   Muzeydə nümayiş olunan nadir eksponatlardan birini - bütün dünyada bənzəri olmayan qeyri-adi molyusk qabığını Tofiq Karayev 1995-ci ildə İndoneziyada tapıb.
   Hazırda muzeyin ümumi kolleksiyasında 5 minə yaxın eksponat toplanıb. Tofiq müəllim deyir ki, eksponatların 4 mindən çoxunu Heydər Əliyev Fonduna bağışlayıb: «İstərdim ki, bu eksponatlar orada nümayiş etdirilsin və onları dünya görsün. Onların hamısı mənim üçün əzizdir və heç birini fərqləndirmirəm. Hərəsinin öz gözəlliyi və təkrarsızlığı var».
   Tofiq müəllimin sözlərinə görə, molyusk qabıqlarının çəkisi, qalınlığı molyuskun yaşadığı yerin xüsusiyyətlərindən asılıdır. Məsələn, Atlantik və Sakit okeanlar soyuq olduğundan oradakı molyuskların qabıqları Hind okeanında yaşayan molyuskların qabığından daha qalın olur. Okean molyuskları iri, çay və göl molyuskları isə nisbətən xırdadır.
   Muzeydə molyusklardan əlavə, su kirpisi, dəniz ulduzları, dəniz atı, tısbağa qını, karal, lanqust, mişar balığının buynuzunu da görmək olar. Direktor deyir ki, eksponatlara xüsusi qulluq edilməsə, onların yaxınlığından keçmək təhlükəlidir: “Mən hamısına mikroskopla baxıb xüsusi üsulla sterilizə edirəm».
   
   «Getmədim, çünki Azərbaycansız yaşaya bilmərəm»
   
   Bu günə qədər çoxsaylı medal və diplomlarla təltif edilən muzey müxtəlif beynəlxalq sərgilərdə təmsil olunub. Eksponatları 14 ölkədə nümayiş etdirilib. Kolleksiyalarından nümunələr mübadilə yolu ilə Avstraliya, Kanada, Argentina, İspaniya, Almaniya, Türkiyə, Əlcəzair, İndoneziya, Rusiya və Ukrayna paleontologiya muzeylərinə verilib. Tofiq müəllim simpoziumlarda elmi məruzələrlə çıxış etməklə yanaşı, apardığı kolleksiyanı həmin ölkəyə hədiyyə edir, hər il xaricə gedib muzeyə yeni eksponatlar gətirir.
   Qeyd edək ki, muzeydə tələbə və şagirdlər üçün praktik dərslər keçirilir. Muzeyin malakofauna nümunələri Milli İncəsənət Muzeyində sərgilənir.
   Tofiq müəllim deyir ki, muzeyin kolleksiyasını satın almaq üçün bir çox ölkələrdən təklif gəlib: «Dörd ölkədən mənə vətəndaşlıq verirdilər. Amma eksponatlarla birlikdə getməliydim. Bu o deməkdir ki, mən dünyadan köçəndə bu kolleksiya vətəndaşı olduğum ölkənin mülkü olacaq. Getmədim, çünki Azərbaycansız, Bakısız yaşaya bilmərəm».
   Qeyd edək ki, «Rinay» malakofauna muzeyinə giriş pulsuzdur, gələnlərə isə eksponatlardan hazırlanmış suvenirlər bağışlanır. Qonaqlar həmişə çox olur. Direktor deyir ki, muzeyə tez-tez turistlər və xarici ölkələrin səfirləri gəlir və eksponatları gördükdə heyrətlərini gizlədə bilmirlər.
   Qeyd edək ki, bu maraqlı muzeyin təşkilatçısı Tofiq Karayev 1960-cı ildən 2001-ci ilədək AMEA-nın Geologiya İnstitutunda aparıcı elmi işçi kimi fəaliyyət göstərib. Şirin suların malakofaunasının palentologiyası üzrə keçmiş SSRİ məkanında aparıcı mütəxəssis kimi çalışıb. 80-ə yaxın elmi işin, 3 monoqrafiyanın müəllifidir. Tofiq Karayev yaşının bu çağında da fəaliyyətini davam etdirir. O, muzey üçün eksponat toplamaq məqsədilə Sakit, Hind, Atlantik okeanlarına və digər yerlərə səyahət edir. O, nadir eksponatların sayını gələcəkdə daha da çoxaltmaq fikrindədir. 77 yaşına rəğmən, hətta akvalanq geyərək okean sularında eksponat da toplayır. Uzun illər peşəkar idmanla məşğul olan, yüngül atletika üzrə idman ustası adını qazanan Tofiq müəllim həm də idmançıların yaxın dostudur. Təsadüfi deyil ki, hər il Bakıda onun şərəfinə beynəlxalq yüngül atletika turniri keçirilir, qaliblərə xüsusi medallar təqdim olunur. Yeri gəlmişkən, dekabrın 18-də Tofiq Karayevin şərəfinə XVI beynəlxalq turnir start götürəcək.
   
   Mehparə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar