Səhnə arxasında qalanlar
Teatr incəsənətin sintetik, kollektiv əmək tələb edən janrlarından biridir. Səhnə əsərinin ərsəyə gəlməsində zəhməti keçən bir çox sənət sahibləri var ki, tamaşaçı onları görmür, onlar haqqında ən yaxşı halda tamaşanın afişasından, proqram-bukletindən, yaxud işçi heyət barədə mediada yer alan informasiyadan məlumat alır. Səhnə arxasında qalan, amma tamaşanın hazırlanmasında mühüm rolu olan sənət sahiblərindən biri də işıq ustaları, yaxud işıqçı rəssamlardır.
Onlar praktik olaraq bütün səhnə əsərlərində texniki heyətdə əsas yerlərdən birini tuturlar. Heç bir tamaşanı, konsert proqramını işıqsız təsəvvür etmək mümkün deyil. İşıqçı rəssam səhnədə işıq effektlərini uğurla dizayn etməklə tamaşanın, konsertin baxımlı alınmasına nail olur. Bu baxımdan teatr və konsert zallarının dünya standartlarına uyğun qurulması, ən müasir texniki avadanlıqlarla təmin olunması ilə yanaşı, bu avadanlıqlarla işləyə bilən peşəkar texniki heyətin olması da çox mühümdür.
İşıqçı rəssamların işi ilə tanışlığa Dövlət Gənc Tamaşaçılar Teatrından başladıq. Teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov bu mövzuya müraciət etməyimizi təqdirlə qarşılayaraq işıq ustalarının əməyinin hər bir teatrda xüsusi yeri olduğunu bildirdi. Teatrın işıq sexi ilə tanış olmağa şərait yaradan direktor sexin rəisi Vadim Kuskovun işindən razılıq etdi: ”Teatrın işini işıqsız təsəvvür etmək qeyri-mümkündür. Səhnə əsərində rejissor fikrinin və ideyasının tamaşaçıya çatdırılması bu insanların peşəkarlığından çox asılıdır. Onlar unikal işıq səhnələri yaradaraq tamaşaçını sevindirə, düşündürə və həyəcanlandıra bilirlər. Teatrımızın işıq rəssamı Vadim Kuskov bu sahədə respublikamızda çalışan ən peşəkar kadrlardan biridir”.
Uşaqlıq həvəsi onu bu peşəyə gətirib
Vadim Kuskov 12 ildir ki, Gənc Tamaşaçılar Teatrında işıq rəssamı kimi çalışır. Hələ məktəb yaşlarında televiziya proqramlarını, canlı konsert və teatr tamaşalarını izləyərkən işıq effektlərinə xüsusi diqqət verərmiş. Elə bu maraq da onun sonrakı peşə seçimində həlledici rol oynayıb. Seçdiyi peşədən də razıdır: “Hələ teatrın yarandığı ilk zamanlarda səhnələr şamlar vasitəsi ilə işıqlanırdı. Şamlar xüsusi qablara yerləşdirilirdi və onların işıq salma sahələri genişlənirdi. Təbii ki, müasir texnika bu sahədə çox böyük imkanlar yaradır. Hər hansı bir səhnə qurulduğu zaman onu real görünməsini istəyirəm. İşıq vasitəsilə səhnəni tam olaraq çatdırmaq istəyirəm. İşıq səhnədə məkanı göstərməklə yanaşı, aktyorun halını da çatdırmaq imkanına malikdir. Hazırda işimi təkmilləşdirmək üçün internet vasitəsi ilə dünyanın bir çox işıq ustaları ilə əlaqələr qururam. Fikir mübadilələri, müzakirələr aparırıq. Bu sahədə baş verən yeniliklərlə bir-birimizi tanış edirik. Mədəniyyət və Turizm Nazirliyinin göndərişi və teatr rəhbərliyinin məsləhəti ilə 10 gün müddətində Gürcüstanda təcrübə keçdim. Tamaşalara baxdıq, təcrübələrimizi bölüşdük. Bu təcrübə teatrımızda təmirdən sonra qurulan yeni avadanlıqlarla işləməyimə xeyli kömək etdi. Bu gün teatrımız müasir standartlara uyğun avadanlıqla təchiz olunub. İşləmək də asandır.
Bu peşənin qəribəliyi ondadır ki, bir neçə sahəni özündə birləşdirir: rəssamlıq, texniki biliklər, fantaziya və s. Televiziyada, kinoda işıq kamera ilə birgə işləyir, teatrda isə gözlə. Bu səbəbdən də teatrdakı işıq səhvi tez nəzərə çarpır. Bəzən gecələr səhərə kimi işdə qalıb quracağım işıq effektinin üzərində çalışıram.
Çox istərdim ki, bir sıra ölkələrdə olduğu kimi, bizdə də işıq rəssamlarının birliyi təşkil edilsin. Dünyada və ölkədə bu sahədə baş verən yeniliklərlə bir-birimizi tanış edək, müzakirələr aparaq”.
Rejissorluğu oxudu, işıq rəssamı oldu
Rafael Həsənov artıq 13 ildir ki, Azərbaycan Akademik Milli Dram Teatrında işıq rəssamı işləyir. Mədəniyyət və İncəsənət Universitetinin “Teatr rejissorluğu” fakültəsini bitirib. Bu peşəyə təsadüfən gəldiyini, işıq rəssamlığını təcrübə yolu ilə öyrəndiyini bildirir. Hazırda işıq sexinin rəisidir. Sənətinin maraqlı və çətin tərəfləri barədə danışır: “İşıq rəssamı səhnədə aktyoru işıqlandırmaqla yanaşı rejissorun fikrini çatdırmağı bacarmalıdır. İşimizi dekorasiyaya uyğun qururuq. İşıq məkana görə verilir. Tamaşada aktyor oyununu, musiqini dekorasiya və işıq işi tamamlayır. Rejissorla işıq rəssamı ümumi bir fikrə gəldikdən sonra iş prosesi kompyuterdə proqramlaşdırılıb yaddaşa verilir. Bu gün dünya teatrlarında işıq effektlərindən geniş istifadə olunur. Tamaşanın işıq sistemi ən azı 15 gün müddətində qurulur. Bu müddət ərzində effektli iş əldə etmək olar.
2008-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin göndərişi ilə mən də bir neçə işıqçı rəssamla birlikdə təcrübə mübadiləsi keçmək üçün Gürcüstana ezam olundum. Ş. Rustaveli adına Dövlət Akademik Teatrında təcrübə keçdik. Bunun sonrakı işimdə böyük köməyi oldu. Hazırda bir neçə teatrla əməkdaşlıq edirəm. Gələcəkdə də bu sahədə təcrübəmi artırmaq, məsələn, Rusiyada “Böyük Teatr”da təcrübə keçmək istəyirəm”.
Teatr və televiziyada işıq işinin fərqindən danışan həmsöhbətimin sözlərinə görə, bu, tamaşa zamanı mütləq nəzərə alınmalıdır: “Əgər tamaşa televiziya tərəfindən lentə alınacaqsa, televiziya və teatrın işıq rəssamları birgə işləməlidirlər, onların işi koordinasiya edilməlidir. Əks halda, məsələn, televiziya çəkilişi zamanı kameranın işığı səhnə işığına müdaxilə edəndə tamaşada işıq effekti itər, estetika pozular”.
“Bu sahədə çalışan insan daim axtarışda olmalıdır”
Tural Şərifov isə üç ildir ki, Musiqili Komediya Teatrında çalışır. O da Mədəniyyət və Turizm Nazirliyinin göndərişi ilə Gürcüstanda təcrübə keçib. Orada olduğu müddətdə tamaşaların hazırlanması, işığın qurulması prosesi ilə yaxından tanış olub: “Gürcüstanda təcrübədə olarkən bir çox yeniliklər öyrəndim. Orada dekorasiyadan çox işığa üstünlük verilir. Səhnə necə işıqlanmalıdır, işıq tərtibatının incəlikləri - bütün bunlar rejissorun istəyi və zövqü ilə bağlıdır. Məşqlərdən sonra işıq rəssamı özünün fantaziyasına uyğun tamaşanın işığını qurur. Bundan sonra rejissorla birlikdə ortaq məxrəcə gəlirik. Məhəbbət səhnələrində ultrabənövşəyi və qırmızı rəngdən istifadə olunur. Bu rənglərin sintezi yüksək effektivliyə malikdir. Döyüş səhnələrində işığın rolu böyükdür. İşıq teatrın gözüdür, deyirlər. Tamaşaçını işıqdan yormaq olmaz”.
Tural Şərifov bu sahədə peşəkarlığını daha da artırmaq istəyir. Deyir ki, bu sahədə çalışan insan daim axtarışda olmalıdır. Texnologiya inkişaf edir, bu sahədə də yeniliklər çoxdur. Çalışır ki, hər zaman onun işindən razı qalsınlar.
“O kəs xoşbəxtdir ki, səhər işə, axşam evə tələsir”
Tatyana Şaforostova Texniki Universitetin “Avtomatika və elektron hesablama” fakültəsini bitirib. Tələbəlik illərindən teatra marağı olub. Universitetin nəzdində fəaliyyət göstərən teatr truppasına rəhbərlik edib. Teatr truppası ilə respublikanın bölgələrinə qastrol səfərləri ediblər. İşıq rəssamı kimi 1989-cu ildə Opera və Balet Teatrında fəaliyyətə başlayıb. 1996-cı ildən Musiqili Komediya teatrında çalışır. İşıq rəssamı kimi işi yüksək qiymətləndirilib. Texnika yeniləndikcə o da öz işini təkmilləşdirib. Hazırda işıq sexinin rəisidir: “Teatrımızın işıq sexində istedadlı kadrlar var. Biz səhnə ilə işləməyi çox sevirik. Təcrübə yolu ilə sənətin sirlərini öyrənmişik. Bu sənət birimizdən digərimizə ötürülə-ötürülə öyrənilir. Teatrda təmirlə əlaqədar olaraq fəaliyyətimizi Dənizçilərin mədəniyyət evində davam etdiririk. Təmirlə əlaqədar tez-tez Gənc Tamaşaçılar Teatrının səhnəsində də tamaşalar göstəririk. Onu da deyim ki, bu teatrda avadanlıqlar müasir tələblərə uyğundur”.
20 ildən çoxdur ki, bu sahədə çalışan T.Şaforostova işindən, sənətindən razıdır: “Bu günə kimi heç vaxt bu peşəni seçməyimə görə peşman olmamışam. O kəs xoşbəxtdir ki, səhər işə, axşam evə tələsir. Kollektivimiz mehriban, işimiz maraqlı, rəhbərlikdən razıyam. Bundan artıq nə lazımdır ki? İşimlə fəxr edirəm. Hazırda yeni texnologiyaları araşdırıram. Çünki təmirdən sonra biz də tam yeni iş sisteminə keçəcəyik. Doğma teatra qayıdacağımız günü səbirsizliklə gözləyirik”.
Lalə Azəri