Daha “diksinməyiriz...” Çün hələ “açılan toplar”a - “salyut”lara bir gün qalıb...
   
   Və üstəlik, biz də, əcnəbilər kimi, “göydə balonlarla uçur”, ən bərkgedən avtomobillər miniriz. Yazı-pozuluqda medialarımızın sayı, muskulluqda qızıl medallarımızın hesabı, infrastrukturluqda inkişafımızın tayı, beynəlmiləlçilikdə tolerantlığımızın bərabəri, mədəniyyətlikdə millilik-bəşərilik tandemimizin oxşarı, əhval-ovqatlıqda muğam-məqamımızın bənzəri yox...
   
   “Təhvil-təslimat”...
   
   “Qaçma, dayan!” personajı gedir, ilan-çayan “tonnaj”ı gəlir. Və nə gözəl ki, biz bunların heç birindən deyilik. Nə kiməsə barmaq silkələyir, nə kiminsə qarşısında çənə titrədirik. Əjdaha ölkələrdən və məlum dovşan qonşumuzdan fərqimiz də budur ki, onların bəziləri “dovşana qaç, tazıya tut”, lap böyük baş əjdahaya “nuş olsun” deyir, “bu ovçular sən maralla mən maraldan nə istəyirlər” deyə, nazlanır, il boyu “ay dayılar, Tifilyan balalarımız acından qırıldılar, türklər bizi “ak” eləyiblər” ağlaşmaları qurur, biz isə haqqa tapına-tapına - əjdahalara hüquqi kəlam-məntiq, “dovşan”a isə qələbə dadlı “kələm-qaqqa” hazırlamaqda!..    

   Gəlişən “yeni il”liyə qısa “giriş”
   
   Yeni il... O qədər yeni ki, düz 365 gün köhnəlmir. Xronoloji kəmiyyəti artdıqca sosioloji, kulturoloji keyfiyyəti, sivilizasion məziyyətləri çoxalır. Bunun görkü üçün elə bizim ən son “yeni il”lərimizin görkəmli nəticələrini göstərmək olar.
   
   Yeni il haqda “köhnə” düşüncələr...
   
   Ən qədim, ən dəyişilməz, ən bəşəri bayram. Əslində, “bayram” ifadəsi hansısa bir çətinlikdən, çıxılmazlıqdan qurtuluşu ehtiva edir. Hər yeni il qutlamı isə, elə bir ciddi qurtuluş-xilasla bağlı olmasa da, bəşəriyyəti tarix-tarixçəsizlik sindromundan qurtarışla əlaqəlidir.
   “Ən qədim, ən dəyişilməz, ən bəşəri” dedim? Bəli. Özü də düz dedim, müstəcəb buyurdum və Bəhlul Danəndə demişkən, “əcəb elədim”!
   İndi də - gün-gün, həftə-həftə, ay-ay, fəsil-fəsil gəlib tamamlanan bu bayramı - yaş üstə astaca-astaca yaş gətirib, ömür üstündən ustaca-ustaca ömür aparan bu “yeni”ləri xırdaca-xırdaca xırdalayaq.
   
   “Ən qədim”liyi
   
   Dünyanın təvəllüd tarixi, doğuluş hadisəsi haçansa başlamış ilk anlı, ilk günlü ilk illə bağlı deyilmi? Həmin “ilk” bizimçün nə qədər qaranlıq, qeyri-müəyyən, mübhəm-müəzzəm olsa da, haçansa olub və gərək o, doğula ki, tarix də o bünövrə üstündə inşalanmağa başlaya. İbtidai insan ayıla, bir balaca qana, aliləşə ki, növbəti əlamətdar hadisələri, olayları da qutlayıb yeni bayramlar yarada bilə. Deməli, tarixin ilk ilindən üzü bəri - üzü bizə gələn və bizdən üzü bu yana - gələcəyə gedən bütün illər ən köhnə (hər birinin əvvəlində “yeni” təyini olsa da), ən qədim olaydır, hadisədir, bayramdır. Və buradan belə bir Məşədi İbad məntiqi də çıxır ki, hər gələn il nə qədər yeni (yəni cavan) olsa da, dəyər min köhnəyə (yəni, il içində qeyd olunan min qoca bayrama)!
   
   “Ən dəyişilməz”liyi
   
   Bütün bayramlar, əlamətdar günlər tarixin ictimai redaktəsinə məruz qala bilər, il isə yox. “Gah-gah” günlü fevralla əlaqədar - dörd ildən bir bir gün artıb-əskilməklə - gah 365, gah da 366 gün ömür sürən bu bayram öz mücrüsündə neçə-neçə bayram, yubiley, ayrı-ayrı insanların timsalında milyardlarla ad günləri sanalayıb-sonalayır. İstər miladisi olsun, istər hicrisi - mücrüsü boşalmır ki boşalmır. Davamiyyəti tükənmir, usanmır, küsənmir. Biri o birini doğur, o biri ta birini doğurur. Törəyə-törəyə törənləyir, yalxı çapıb cüt olur, cütlər cəm-comalaşıb ilxılaşır. Dilimizdə “at murad, it sədaqət, qoyun dövlət” dediyimiz dilsizlər üstdə təhvil-təslim ola-ola qərinələrə calanır, yüzilliklərə, minilliklərə qovuşurlar. Yer kürəmizə dürlü-dürlü olumlar, Dədəmiz Qorqudun təbirincə “son ucu ölümlər” saça-saça, elmlər, mədəniyyətlər, hikmətlər, mütəfəkkirlər yarada-yarada nimdaşlaşıb-yeniləşir, bəşəriyyəti beyinləşdirib-yeyinləşdirir, dünyanı arxa tərəfə doğru arxaikləşdirir, qarşı səmtə yönəli sivilləşdirirlər. “Özgə” yazı-pozuları nimdaşlaşdırıb qocaltsalar da, öz “kitablar”ını hər dörd fəsildən bir “yeni”ləşdirir, təkrar-təkrar “çap” olunurlar. Köhnəlmirlər ki köhnəlmirlər - bu dörd “fəsil” balalı, 12 aylı, 52 həftəli, 365 günlü, 8760 saatlı, 525 min 600 dəqiqəli, 3 milyon 153 min 600 saniyəli ən qədim və ən yeni illər! Biri tamamlanan anda o biri davamlanır. Nə köhnəsi “astagetçi” olaraq gecikir, nə yenisi “estafetçi” olaraq tezikir. Birinin o birindən bircəcə, təkcəcə, yeganəcə fərqi var ki, bu da - yuxarıda ərz etdiyim kimi - çəm-xəm xasiyyətli, kəsir-kəm limitli ayla bağlıdır - illərlə, əsrlərlə gözləyib nəinki yanvar, mart, may, iyul, avqust, oktyabr, dekabr kimi 31-ə, heç aprel, iyun, sentyabr, noyabr kimi 30-a da çata bilməyən fevralla... Hələ bu kəsbi-kasıbın ən “kalan” dövründə - 29-da anadan olanların necə məşəqqətli bir problem yaşamalarını demirəm; fağırlar öz ad günlərini ya vaxtından əvvəl - fevralın 28-də, ya da “iş işdən keçəndən sonra” - martın 1-də qeyd etməli olurlar. Özü də - ayyy-ayy-ay - vay o gündən ki, həmin bu gizlənpaç tarixçədə doğulanların dostları bir az məzə (hələ super baməzə!) olalar! Onda daha “dostlar” demə, “prikol-prikol tostlar” de! Əgər o yubiley personası tibb işçisidirsə, “onda - həkim, salamməleykim!” Şairdirsə, ad günü çönüb olacaq qafiyələr günü: “bad”, “bərbad”, “ey dad-ey dad” və “dadi-bidad”! Fəhləsənsə, olacaqsan “rüsvayı”-məhəllə. Məşədi İbadvari desəm; yoox, əgər jurnalistsənsə, “ad günü” janrın olacaq “mövzuyi-jarqonist” günü.
   Hə, daha nəyi-nəmənəliyi qaldı? “Yeni il”in yeni təyinləri sarıdan deyirəm (təbii, sual özümə ünvanlıdır və özü də çox yaxşı bilirəm nə qalıb; xitabım elə belə - modal sualdır).
   
   “Bəşəri”liyi
   
   Bu, hər il köhnələnib-yenilənən illərin bütün millətlərə, xalqlara, qəbilələrə, xüsusən də - dövlətlərə aid olmaqlığı və sair deməklikdir. Heç kəs və heç nə - bu zaman-vaxt aktından kənarda qala bilməz. Necə ki bu günlər, bu saatlar, bu dəqiqələr dünyanın hər yerində hər millət, hər xalq, bir-birilə rastlaşan hər kəs öz dilində “salam”, “sabahın-axşamın-hər vaxtın xeyir”dən sonra mütləq belə deyir: “Yeni iliniz mübarək!”. Hər kəs bu sözdən sonra başqa sözlər, arzular da deyir və mən də bu təbrikdən savayı, daha iki-üç kəlmə demək fikrindəyəm. Bu isə ibarətdir bundan ki, bayramlayıb-təbriklədiyimiz 2012-ci il - “Mədəniyyət”çilər olaraq bizi, kültür işçiləri və “Mədəniyyət” oxucuları olaraq sizi, böyük mədəniyyət yaradan, 20 illik müstəqilliyimizi əbədiyyətə yürüdən olaraq bütün millətimizi - Dünya Azərbaycanlılarını daha böyük işlərə, fəaliyyətlərə, milyonlarla misraları içərisində yalnız bu ifadəni üç dəfə təkrar edən böyük Hüseyn Cavid əfəndimizin bu fikirlərinə səsləyir:
   
   Turana qılıncdan daha kəskin, ulu qüvvət -
   Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!..
   
   Tahir Abbaslı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar