Dünyanın müxtəlif ölkələrindəki soydaşlarımız 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü qeyd edirlər.
   
   Rusiya Federasiyasının Moskva, Sankt-Peterburq, Yekaterinburq və s. şəhərlərində Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı, Ümumrusiya Azərbaycan Konqresi və digər diaspor təşkilatlarımızın dəstəyi ilə keçirilən konfrans, “dəyirmi masa” və seminarlarda ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün təsis olunması barədə məlumat verilir, bu tarixin xaricdə yaşayan həmvətənlərimizin birliyinin möhkəmlənməsindəki rolu qeyd olunur.
   Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş tədbirlər Ukrayna, Belarus, Latviya, Litva, Estoniya, Moldovada da keçirilib. Ukraynanın paytaxtı Kiyevdəki Azərbaycan bazar günü məktəbində peşəkar və gənc artistlərin konserti təşkil edilib. Donetskdə isə dünya azərbaycanlıları üçün əlamətdar olan bu gün münasibətilə muğam müsabiqəsi qaliblərinin iştirakı ilə bayram konserti olub.
   Tədbirdə Ukraynanın birinci xanımı Lyudmila Yanukoviç, dövlət rəsmiləri, elm və mədəniyyət xadimləri, Azərbaycanın XİN, Ukraynadakı səfirliyimizin nümayəndələri, diasporun fəalları iştirak ediblər.
   Avropanın ayrı-ayrı ölkələrində də, o cümlədən Almaniya, Fransa, İtaliyada, habelə Danimarka, İsveç, Niderland, Polşa, Rumıniya, Macarıstan, Finlandiya və Çexiyada Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub. Tədbirlərdə 31 dekabr tarixinin doğma Azərbaycandan kənarda yaşayan azərbaycanlılar üçün xüsusi əhəmiyyət daşıdığı vurğulanıb.
   Berlində “Azərbaycan günü” adlı tədbirdə Almaniyadakı Azərbaycanlıların Əlaqələndirmə Mərkəzinin icraçı direktoru Samira Patzer-İsmayılova çıxış edərək Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün soydaşlarımızın bir araya gəldiyi simvolik tarix olduğunu vurğulayıb. Tədbirdə Azərbaycan tarixi, mədəniyyətindən bəhs edən “Azərbaycan motivləri” sənədli filmi nümayiş etdirilib. Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş tədbirlər Almaniyanın Maqdeburq, Köln şəhərlərində də keçirilib.
   İtaliyada “Azəri” Azərbaycan Mədəniyyət Assosiasiyasının və Azərbaycanın bu ölkədəki səfirliyinin dəstəyi ilə təşkil edilmiş konsertdə gənc italyan ifaçılar Azərbaycan və Avropa bəstəkarlarının əsərlərindən ibarət proqramla çıxış ediblər. “Azəri” Azərbaycan Mədəniyyət Assosiasiyasının rəhbərlərindən Nəzakət Nuriyeva iştirakçılara Azərbaycanın tarix və mədəniyyəti barədə məlumat verib. Qonaqlara Azərbaycan şirniyyatı və ölkəmiz haqqında italyan dilində çap olunmuş jurnal və kitablar təqdim edilib.
   İsveçin paytaxtı Stokholmun Mərkəzi konsert zalında 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə keçirilən tədbirdə 700 nəfərədək qonaq iştirak edib. Ölkəmizin İsveçdəki səfiri Rafael İbrahimov Azərbaycanın uğurlarından danışıb, “Eurovision-2011” mahnı müsabiqəsində təmsilçilərimizin qazandığı qələbədə Avropada yaşayan soydaşlarımızın da payının olduğunu vurğulayıb. Tədbirdə Xalq artisti Brilyant Dadaşova konsert proqramı ilə çıxış edib.
   Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü İsveçrədə yaşayan azərbaycanlılar da qeyd ediblər. Bazel şəhərində “Azərbaycanın dostları” birliyinin təşəbbüsü ilə keçirilən bayram konsertində qonaqlara azərbaycanlılar üçün əlamətdar olan bu tarixi gün barədə məlumat verilib, Azərbaycan musiqisi qonaqları valeh edib.
   Niderlandda yaşayan soydaşlarımız Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü dekabrın 31-də Rotterdam şəhərindəki “Bakı” restoranında konsert proqramı ilə qeyd edəcəklər.
   Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Gürcüstan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğız Respublikası, BƏƏ və Küveytdə də qeyd olunur.
   Tbilisidə Gürcüstan Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə keçirilmiş tədbirdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əhəmiyyəti, Azərbaycan və Gürcüstanın dost və qardaş ölkələr olması vurğulanıb.
   Türkiyədə İstanbul-Azərbaycan Dərnəyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün tarixindən danışılıb, iki qardaş xalqın həmrəyliyinin möhkəmlənməsində “Bir millət - iki dövlət” prinsipini irəli sürmüş ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri qeyd olunub.
   Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən “Azərbaycan” Cəmiyyətinin Dubayda keçirdiyi tədbirdə də 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü haqqında qonaqlara ətraflı məlumat verilib. Dekabrın 31-də Küveytdə fəaliyyət göstərən “Vətənsevər” Azərbaycan-Küveyt Cəmiyyəti və ölkəmizin səfirliyi tərəfindən təşkil olunacaq tədbirdə burada yaşayan azərbaycanlılar, türklər, yerli ictimaiyyət nümayəndələri iştirak edəcək.
   Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş tədbirlər ABŞ və Kanadada keçirilib. Azərbaycanın BMT yanında daimi nümayəndəliyinin dəstəyi ilə Azərbaycan icma təşkilatları Nyu-Yorkda bu əlamətdar tarixi təntənəli şəkildə qeyd ediblər. İştirakçılara 20 illik müstəqillik dövründə Azərbaycanda əldə edilən uğurlar, aparılan islahatlar haqqında ətraflı məlumat verilib. Kanadanın Ottava şəhərində fəaliyyət göstərən “Qarabağ” Azərbaycan dili məktəbinin təşəbbüsü ilə təşkil olunan tədbirdə təhsil ocağının şagirdləri tərəfindən Azərbaycan haqqında şeirlər oxunub, mahnılar ifa edilib.
   Müxtəlif ölkələrdə yaşayan soydaşlarımız tərəfindən Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş tədbirlər davam edir.
   
   M.Sultanova







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar