XIX əsrin sonu - XX əsrin əvvəllərində Bakı memarlığı
   
   Şərqlə Qərbi qovuşduran Azərbaycanda hər iki sivilizasiyaya məxsus mədəniyyət elementləri əksini tapıb. Bu elementlər özünü memarlıqda da büruzə verir. XIX əsrin sonu - XX əsrin əvvəllərində Bakıda neft bumu ilə yanaşı, tikinti də vüsət almışdı.
   
   Nəticədə bu gün də öz möhtəşəmliyini qoruyub saxlayan, dünyanın ən müxtəlif memarlıq üslublarına xas tikililər meydana gəldi. Bakının mərkəzində vaxtilə neft milyonçuları tərəfindən tikdirilən, yaşı bir əsri ötmüş bu möhtəşəm binalar illər keçməsinə baxmayaraq öz cazibədarlığını qoruyub saxlayıb.
   
   Qotik üslubda yeganə yaşayış mülkü
   
   Neft sənayesinin surətli inkişafı yerli və Avropa sənayeçilərinin Bakıda təmərküzləşməsinə təkan verdi. Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev, Şəmsi Əsədullayev, Murtuza Muxtarov, Nuru Əmiraslanov, Teymur bəy Aşurbəyov, İsa bəy Hacınski, Hacı Mustafa Rəsulov, habelə Nobel qardaşları, Rotşild, Şibayev və başqalarının neft səhmdar cəmiyyətləri meydana gəldi.
   Qeyd edək ki, bu dövrdə inşa edilən tikililər haqqında mütəxəssislər tərəfindən müxtəlif fikirlər səslənməkdədir. Onlardan bəziləri bu tikililərin Şərq və Qərb elementlərini birləşdirdiklərini desələr də, digər qisim ekspertlər bu nümunələrdə milli memarlıq elementinin olmadığı qənaətindədirlər. Memarlıq doktoru, professor Nəriman Əliyev XX əsrin əvvəlində Bakı milyonçuları tərəfindən ilk dəfə Azərbaycan memarlığına Avropa memarlıq elementlərinin gətirildiyini deyir: «Həmin dövrdə Bakı memarlığında polyak memarlarının xüsusi rolu olub. Məsələn, Bakıda qotik üslubda tikilən ilk binanın memarı polyak Yozef Ploşko olmuşdu. Bu, milyonçu Murtuza Muxtarova məxsus mülk, indiki «Səadət» sarayıdır. Adətən Avropada qotik üslubda ictimai binalar, kilsələr tikilib. Həmin dövrdə Bakıda inşa edilən binaların memarlıq üslubuna gəlincə, onların zahiri görünüşündə milli memarlıq elementləri mövcud deyildi. Bakıya qazanc dalınca gələn xeyli sayda mütəxəssis binaları sırf Avropa üslubunda inşa edirdi».
   
   Bakı Avropa şəhərinə çevrilir
   
   Bakı memarlığında Avropa üslubunun bərqərar olması ilə yanaşı, fasad memarlığında yeniliklər meydana gəldi. Məsələn, əgər həmin dövrə qədər yerli ustalar şəhər binalarının fasadlarını Şərq ornamentləri ilə bəzəyirdisə, artıq bu zaman müxtəlif fiqurlar, hətta insan-məlaikə fiqurları işlənməyə başladı. Qeyd edək ki, ümumilikdə müsəlman Şərq memarlığında olduğu kimi, Azərbaycan memarlığında da uzun illər insan təsvirlərinə tabu qoyulmuşdu. Amma Azərbaycanın yeni burjuaziya təbəqəsi, bir-biriləri ilə rəqabət aparan milyonçular bu tabunu da aradan qaldırdılar. Həmin dövrdə İtaliyadan gələn daşyonan ustalar yerli ustalara fasad üzərində müxtəlif heyvan, insan fiqurları yonmağı öyrədirdilər. Beləliklə, Bakı milyonçularının mülkləri üzərində şir, qartal, əfsanəvi varlıq, insan başı dekorları vuruldu. Maraqlıdır, bu fiqurlar sadəcə bəzək, yoxsa rəmzi xarakter daşıyırdı? Memarın bildirdiyinə görə, bu fiqurlar mülkə yaraşıq verməklə yanaşı, həm də rəmzi məna kəsb edib: «Məsələn, əfsanəvi varlıq olan məlaikə fiqurunu yonmaqla memar binanın sahiblərinə xoşbəxtlik arzu edir. Bu o demək idi ki, məlaikə ev sahibini qoruyur, himayə edir. Bu rəmzlər özlüyündə bir yenilik deyildi. Azərbaycan milli sənətkarlığında da buna rast gəlinib. Götürək Azərbaycan xalçaları üzərindəki əjdaha şəkillərini. Bu özü-özlüyündə qüvvət ifadəsini ehtiva edir. Məlaikə də qoruyan mələk obrazında çıxış edirdi. Şir, qartal dekorları da xüsusi bir məna daşıyır. Avropa memarlıq üslubuna daxil olan fasadlarda fiqurların yonulması o zaman Bakıda o qədər genişləndi ki, demək olar ki, bir sıra Avropa şəhərlərini geridə qoymuşdu».
   Memar söhbət əsnasında maraqlı bir məqamı da diqqətə çatdırdı: «Bakı milyonçularının tikdirdikləri mülkləri gəzərkən onların hər birində Şərq üslubuna malik otaqlara rast gəlmək olur. Buradan da bəlli olur ki, Azərbaycan milyonçularının Avropa üslublu binalar tikdirmələrinə baxmayaraq onun daxilində Şərq-Azərbaycan memarlıq üslubuna da yer verirdilər. Həmin otaqların tikilməsinə yerli mütəxəssisləri də cəlb edirdilər. Əlbəttə, bu da yüksək mədəniyyətin olmasına və yerli xalqa hörmət əlaməti idi. Maraqlı burasıdır ki, xaricilər də sonralar Azərbaycan milli memarlığının xüsusiyyətlərindən istifadə etməyə, məsələn, şəbəkələrdən faydalanmağa başladılar.
   Xaricdən gələn sənayeçilər və inşaat üzrə mütəxəssislərə gəlincə, onları bura böyük qazanclar cəlb edirdi».
   
   Qərbdən Şərqə
   
   Xaricdən dəvət olunan memarlar arasında xüsusilə Bakının quruculuğuna təkan vermiş Adolf Eyxler, Ferdinand Lemkul, Nikolay fon der None, Pyotr Ştern, İosif Qoslavski, Kazmir Skureviç, Yozef Ploşko, Yevgeni Skibinski, Konstantin Borisoqlebski kimi görkəmli memarların adını çəkmək olar. Onlar daha çox şəhəri gözəl binalarla zənginləşdirməyə çalışan yerli neft milyonçularının sifarişləri əsasında çalışırdılar. Təsadüfi deyil ki, milyonçu Kərbəlayi İsrafil Hacıyev Bakı Şəhər Dumasında çıxış edərkən demişdi: «Bakı neftinin istismarından böyük mənfəət əldə edən avropalı neft sənayeçiləri bu istiqamətdə heç bir şey etməmişlər».
   Nəriman Əliyev bildirir ki, XIX əsrin ikinci yarısında dünya memarlıq sənəti müstəqil xarakter daşımağa başlayır və bu sahədə müşahidə olunan səthi görüntülər əsas meyara çevrilir: «Memarlıqda belə xarici dekorativ istiqamətə retrosspektivizm deyirlər. Bu da tarixi və milli ənənələrlə təsəvvürlər yaradan əski üsullara üstünlük vermək deməkdir. Bakının sürətli inkişafı məhz eklektizm və üslublaşdırma dövrü ilə bir vaxta düşür. Yeni ideyalar Bakıya çox tez , yeni inşaat materialları və konstruktiv təkliflər ilə bərabər gəlib çatırdı. Beləliklə, Azərbaycan paytaxtı Avropa şəhərinə çevrildi».
   Lakin zaman keçdikcə Şərq üslubu yenidən öz yerini almağa başlayır. Çünki şəhərin memarlıq və inşaatında əcnəbilərlə yanaşı, yerli memar və ustalar da əhəmiyyətli rol oynadılar. Qasım bəy Hacıbababəyovun, Məşədi Mirzə Qafar İsmayılov, Zivər bəy Əhmədbəyovun, Hacı bəy Axundov kimi yerli memarlar zəngin Şərq elementlərindən istifadə etməklə binalar inşa etməyə başladılar. Bu sırada ustaların da əməyi əvəzsiz idi. Bunların sırasında Əmircan kəndindən ustad Kərbəlayi Əhmədi, ustad Məlik və başqalarını göstərmək olar. Memar Zivər bəy Əhmədbəyov tərəfindən tikilən “Təzəpir” məscidinin inşasında ustalar Kərbəlayi Məcid və Kərbəlayi Sadıx, bənnalar Hacı Abbas, Hacı Xeyrulla və Məmməd Xəlifə, daşyonanlar Soltan Ağayev və Salman iştirak ediblər.
   Yuxarıda qeyd etdiyimiz kimi, Qərbdən gələn memarlar getdikcə Şərq və ya yerli memarlıq elementlərindən faydalanmağa başladılar. Məsələn, Bakı memarlığında böyük rol oynayan Y. Ploşko qotik və modern üslubunda evlər tikdikdən sonra yerli memarlıq mövzusuna müraciət etməyi qərara aldı və 1912-ci ildə polyak mənşəli Rilski qardaşlarının sifarişi ilə yerli memarlıq ənənələrinə uyğun bina tikdi. Beləliklə, zaman keçdikcə Bakıda yenidən Şərq memarlıq üslubu bərqərar olurdu.
   Neft bumunun yadigarı olan bu tikililərə gəlincə, onlar təkcə memarlıq abidəsi kimi deyil, həm də bütöv bir əsrin daşlara hopmuş tarixi yadigarıdırlar.
   
   Mehparə