Pol Klementson: «Dikkens ili» Azərbaycanın mədəni həyatında da mühüm hadisədir
   
   Bu il, ölkəmizdə olduğu kimi, dünyada da bir sıra görkəmli ədəbiyyat və incəsənət xadimlərinin yubileyləri qeyd olunur. Belə şəxsiyyətlərdən biri də ingilis yazıçısı Çarlz Dikkensdir (1812-1870). Yazıçının 200 illik yubileyi münasibətlə “British Council” 2012-ci ili «Dikkens ili” elan edib və Azərbaycan da daxil olmaqla, fəaliyyət göstərdiyi 60 ölkədə bununla bağlı silsilə tədbirlər nəzərdə tutulub.
   
   “British Council”ın Azərbaycan nümayəndəliyinin rəhbəri Pol Klementson belə tədbirlərin mədəni əməkdaşlığa da mühüm töhfə verdiyini deyir: «Fevralın 7-də böyük yazıçının anadan olmasının 200 illiyi tamam oldu. Ç.Dikkens dünyanın ən xoşbəxt yazıçılarından biridir. Çünki anadan olmasından 200 il keçməsinə baxmayaraq, bu gün Böyük Britaniyanın mədəniyyət səfiri və ingilis ədəbiyyatının tanınmış siması kimi dünyada tanınır. Onun yaradıcılığı çox zəngin olub, yazıçı müxtəlif mövzulara müraciət edib”.
   «Dikkens ili” çərçivəsində tədbirlərin Azərbaycanda da böyük marağa səbəb olduğunu deyən P.Klementson bildirdi ki, məktəblərdə, incəsənət mərkəzləri və hətta ticarət mərkəzlərində keçirilən bu tədbirlər mühüm mədəni hadisəyə çevrilib”.
   Ölkəmizdə «Dikkens ili”nə “Park Bulvar” ticarət və istirahət mərkəzində “British Council”ın Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə gerçəkləşən fotosərgiylə start verilib. Sərgidə 12 yerli fotoqrafın 32 əsəri nümayiş olundu. Onlar Ç.Dikkensin “Bozun eskizləri” əsərindən seçdikləri epizodlara uyğun olaraq çəkdikləri fotoşəkilləri təqdim etdilər.
   Qeyd edək ki, Dikkens həm də maraqlı eskizlər müəllifi olub. London həyatından bəhs edən əsərlərinə, xüsusilə kiçik hekayələrinə eskizlər çəkib və bu nümunələri jurnallarda “Boz” təxəllüsü ilə çap etdirib.
   P.Klementson sözlərinə görə, Bakıdakı sərgiyə qatılanlar ötən ilin dekabrında britaniyalı fotoqraf Suzan Parkhil tərəfindən keçirilmiş təlimin iştirakçıları idilər.
   “British Council”ın «Dikkens ili”ndə daha bir layihəsi isə Gənc Tamaşaçılar Teatrı ilə birgə təşkil olunub: “Yubiley çərçivəsində teatrın repertuarında olan “Oliver Tvistin macəraları” tamaşası nümayiş etdirilib. İl ərzində ingilis dilinin tədrisi, təhsil və incəsənət tədbirləri, fotosərgilər, filmlərin nümayişinin həyata keçirilməsi də nəzərdə tutulur. Fotosərgilər Dikkensin həyat və yaradıcılığına həsr olunacaq”.
   Bu tədbirlərin dahi yazıçının irsinin daha geniş təbliğinə xidmət etdiyini deyən P.Klementson gerçəkləşən layihələrin eyni zamanda mədəniyyətlərin dialoquna töhfə olduğunu bildirdi: “Dikkensin yaradıcılığı hər zaman üçün aktualdır. Bu baxımdan onun yubileyi ilə bağlı həyata keçirilən mədəniyyət proqramları Britaniya-Azərbaycan mədəni əlaqələrinə fayda verir. «Dikkens ili” bu sahədə ilkin addımımız idi və düşünürük ki, bunu davam etdirmək lazımdır. İnsanlarımız bir-biriləri haqqında daha çox bilməli, təcrübə mübadiləsi aparmalıdır. İncəsənət sahəsində, xüsusilə də teatr sahəsində mübadilə olduqca vacibdir. Məsələn, ötən ilin noyabrında Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi Beynəlxalq Kukla Teatrları Festivalında bizim kukla teatrı da uğurla təmsil olundu. Əlbəttə, belə mədəni tədbirlər insanları bir araya gətirir, mədəniyyətlər qaynayıb-qarışır. İstərdik ki, Birləşmiş Krallıq və Azərbaycan insanları bir-biriləri haqqında daha çox məlumat əldə etmək imkanlarına malik olsunlar”.
   Sonda P.Klementson Azərbaycan mədəniyyəti haqqında fikirlərini də bizimlə bölüşdü: «Azərbaycan mədəniyyətinə vurğunam. Ənənəvi musiqiniz olan muğam isə heyrətamiz bir sənətdir. Tez-tez bu musiqini dinləməkdən zövq alıram. Azərbaycan caz ifaçılarını da çox bəyənirəm. Şərqlə Qərbin qovuşuğunda olan Azərbaycanın ənənəvi musiqini qoruyub-saxlaması ilə yanaşı cazı da belə inkişaf etdirməsi olduqca gözəldir”.
   
   Mehparə