Bir şair isə həmişə sənə belə deyər və yazardı: “Salam, Kam!..”
   
   O tələbə-şair dostumuz - Nüsrət Kəsəmənli öz dost-tostlarını sənin adınla başlayıb-bağlayardı həmişə - təkrarsız dostumuz Kamal! Bu, nəinki bizim, onun milyonlarla oxucusunun da yadındadır...
   
   ADU-nun (BDU) jurnalistika fakültəsinin 610-cu qrupunda hərə hərəni bir ad-ayama ilə çağırardı, səni isə - ömrünü dostlarının da yolunda əritdiyinə görə, “Şam” deyə...
   Çox təəssüflər ki, daha bir ildir sənin üzünə yox, əziz xəyal-xatirənə xitab edirik. Özü də - öz imzana əlavə etdiyin bir adla - neçə illər öncə Moskva skinhedlərinin qətlə yetirdiyi nakam Turalının adıyla bahəm, Kamal Tural!
   
   Sənin doğum tarixçəndən 61 il ötdü, Ələmdar oğlu Kamal...
   Bizim dostluq çırağımız 41 il yandı, yanım-dönümcül Şam...
   Bizi son nəfəsimizədək izləyəcək “aman-ayrılıq”dan düz bir il keçir, “sızlar” tələbəlik simvolu Kam!...
   
   “Aləmi bəzər” günlərimiz...
   
   Bəli, ulu Şəhriyarımızın «ay özümü o əzdirən günlərim» devizli aləmi bəzəyən günlərimiz az olmadı. Lakin «xatirələr» vərinə «axır-uxur» macallarımızdan başlamaq istəyirəm. O dövrümüzdən ki, hamının keçdiyi və keçəcəyi bu ömür fəslini Nazim Hikmət «Başlandı yaşıdlarımın yaprak dökümü» adlandırıb.
   Hə, uzun illər bir yerə yığışarkən «cari məsələlər»i çözüb qurtarandan sonra, sənət-peşə sahəmizlə bağlı hərdən, guya «yaradıcılıq üfüqləri»nə də baş vurardıq, axı. Bir kərə də atalar sözü və zərb-məsəllərdən söz düşdü və sən gülə-gülə qayıtdın ki, xəbəriniz varmı «Aləmi bəzər, özü lüt gəzər» məsəli biz jurnalistlərə aiddir? Hər şey və hamı haqda yazırıq, özümüz barədə isə...
   Bax, elə məni xeyli vaxtdır uzaq düşdüyüm qələm-kağıza yaxınlaşdıran da sənin qeyri-vizual «jurnalist avtoportreti» kimi səsləndirdiyin o məsəl və bir də son vaxtlar tematik rəngarəngliyilə seçilən, total mədəniyyət kompleksində detal məziyyətlərə də yer ayıran «Mədəniyyət» qəzetinin bu yazını çap edəcəyinə güvən məsələsi oldu. Yəni, qoy bu da olsun «sızlar yada düşəndə ürəyimin telləri» leytmotivli illərə, əbədi tələbə ordusuna mətbu diqqət məziyyəti. Bu ordunun vətəndaş-qələmdaş bir «taqım»ının timsalında xalqa, universal zövqlü oxucu kütləsinə, əlahəzrət informasiya və publisistikanın bəzi kəm-kəsirət daşıyıcılarına media-məhəbbət mədəniyyəti...
   
   İlk günlərimizdən «gülləmə»lər...
   
   C.Cabbarlının Şərifi demişkən, «hansı ki» son illər hər dəfə görüşəndə bir-birimizə xiffətanə üz tutub, öz “pensioner” antenalarımızı həmin o «pioner» çağlarımıza yönəldərdik: «yadındamı», «xatirindəmi» notlarında. Yadındamı, birinci kursda Şərbalanın elçiliyinə getdiyimiz? Qız atası deyib «atan yoxdu-yoxdu, heç olmasa dostlarını gətir ki, səni tanıyım». Biz isə o məclisdə özümüzü necə itirdiksə, tanışetmə məqamında bizi öz təzə «Volqa»sı ilə ora aparmış kolxoz sədri Əsgəri (Mayisin dostu) «bu da bizim şoferimizdir» vəzifəsilə təqdim edib, yeganə pullu dostumuzu iki-üç illiyə itirməli olduq.
   Əyyubun incə-zərifliklər vurğunu Firuz müəllimin mühazirə dəftərinin arasına yekə, yaşıl bir tut yarpağı qoyub, üz qabığına «Arzular gül açır...» yazdığı da yadındamı? Vüsal tarix dərsində: «Hitler SSRİ-yə qarşı ildırım sürətli bir «deşik-deşik» planı hazırlamışdı, lakin elə ilk gün onun qarşısından qara pişik keçdi”. Tofiqdən soruşdular: bəs sənin atan nə işləyir, dedi, «dəllək (bərbər), sən öl». Dedilər, bir şey qazana bilirmi, dedi, «nə qazanacaq ə, 35 dayoğlum var, 45 əmoğlum - hamısı da pulsuz, sən öl! Axırıncının baş-gözün qırxıb qurtarmamış, birincinin üzü təzədən tüklənir, sən öl...»
   Qızlarmız bizi hədsiz sevib-sevələsələr də, fağırlara «zülm» edirdik. Nüsrət “birisi”nə yazırdı ki: «Yanağında bir tanrısal «maç»ın var, Akif Dalğın dalğınlıqda saçın var”. Tahir hər dəyqə «Bəsir, ürəyim əsir!» - deyə, nərmənazik Bəsirəni süsən sünbül kimi diksindirərdi. Mayis: «Adını demirəm - eldən ayıbdır, Naz-qəmzə balası - o Naz nazlasın». Yavər: «Hə, məni sevəcəksən, mən sevməsəm də?!.»
   
   Söhbətlərdə, məktublarda, kitablarda...
   
   «Kamal - söhbətlərdə» mövzusu romanlar qədər uzun. Elə «məktublarda» məsələsi də füzun. Lakin aralarında 30 il fərq olan iki məktubdan fraqmentlər vermək vacib. Biri Nüsrət Kəsəmənliyə, o biri bugünkü iş yoldaşım Təranə Gözəlovaya məxsus. Öncə gözəl şairimizin şairanə məktubundan:
   «Salam, Kam...
   Məni tanıyanların hamısı Səni də tanıyır. Hamı da bilir ki, ən çətin günlərimdə mənim yeganə ümidim sən olmusan. Və mən Sənə çox şey - hər şeydən əvvəl isə bir ömür borcluyam; bu, balaca «hədiyyə» deyil ha, Kam!..
   Nüsrət Kəsəmənli, 21 mart 1982».
   Təranənin yazı-məktubundan:
   «Gözüm yollarda qaldı...
   Kamal müəllimi işlədiyim idarənin direktoru Vaqif Abbasovun vasitəsilə tanımışam. Oğlum Lənkəranda əsgəri xidmətdə ikən tez-tez ora gedirdim. Günlərin birində övladımın bərk xəstələnməsi xəbərini eşitdim və qatarla yola düşdüm. Möhkəm yağan qar “bir günə necə gedib, necə qayıdacağam» fikrimi bir az da gərginləşdirmişdi. Elə bu vaxt mobil telefonuma zəng gəldi. Kamal müəllim idi. Sən demə, Vaqif müəllim məndən xəbərsiz telefon nömrəmi ona verib ki, görüşək və mənə kömək etsin. Onun salam-kalam və mərhəmət dolu sözləri məni ağlatdı. O:
   - Ağlama, ay qız! - dedi - Vaqif hər şeyi mənə danışıb. Mən də bu saat Lənkərandayam - qardaşım qızının toyuna hazırlıq görürük. Qəti narahat olma.
   Belə də oldu. Oğlumu komandirlərə, həkimlərə bərk-bərk tapşırdı və dönə-dönə xahiş-minnət etdi ki, qarlı-şaxtalı havada yola çıxmayım, onların qonaq-qaralı evlərində gecələyim və sabahısı yola düşüm. Lakin mən mütləq qayıtmalı idim.
   İş elə gətirdi ki, bir neçə gündən sonra o, məni qardaşı qızının toyuna dəvət etdi. O toya çox yerlərdən çox adam gəlmişdi və hamısı da Kamal müəllimin şəninə tostlar, təriflər söyləyirdi. Aramızda yaş fərqi olsa da, mən bu replikamdan qalmadım :
   - Ay Kamal müəllim, bəy yalan oldu, Siz gerçək! Nə çox tərifləyirlər Sizi... O isə başını aşağı salıb: «Kasıbın olanından» məsəli, Təranə xanım...» - dedi.
   ...Və 2011-ci ilin 14 fevralı! Həmin oğlumun ayın 16-na təyin olunmuş toyu. Elə həmin gün dünyasını dəyişəsi Kamal müəllimə telefon açıb, onu toya dəvət edir və bildirirəm ki, 16-sı həm də mənim ad günümdür. O, ölümlə çarpışan bir səslə:
   - Ay qız, mən əvəzdən bir səbət toya, bir səbət də ad gününə gül gələcək - «Ağ çiçəyim»dən...
   Vaqif müəllimin tələbə dostlarının masasında stullardan biri boş qaldı...
   O gündən bir il keçir. Qar yağır. Vaqif müəllimin otağına daxil oluram. O da nəsə yazır. Çox fikirlidir. Mən bu yazını onun stolunun üstünə qoyub, bu daş sükutumuzun əriyəcəyi anı gözləyirəm. Nəhayət, Vaqif müəllim dillənir:
   - Kamal yaxşı insan idi... Kamal yaxşı dost idi... Kamal yaxşı jurnalist idi...
   Və hər ikimiz eyni anda dillənirik: “Allah qəni-qəni rəhmət eləsin”.
   Keçək «kitablarda» bölməsinə. Kamalın adı beş, imzası isə üç kitabda yaşayır ki, onlardan ən qalın və qalanı «Hadi Rəcəbli düşüncələr işığında»dır. Kamal Tural - üzərində uzun illər çalışdığı bu kitabın çapını görmədi. Elə bil bu, onun ürəyinə dammış və birinci fəslin ilk səhifəsində yazmışdı: «Bu nədir belə? İçimdə tərəddüdlə qətiyyət üz-üzə dayanıb. Biri «başla, yaz!» deyir, o biri «dayan!».
   Nə olar, məni üzməyin, mənimlə düşünüşməyin, ey düşüncələrim! Mən qarşımda və qismətimdə açılan çətin, amma həm də irfani yollar ayrıcındayam. Axı, bir çoxlarının ömür yoluna çıraq tutan Hadi Rəcəblinin ömür yoluna kitab aynası tutmamaq olarmı?
   Amma budur, ağrılarla ağırlaşmağa başlamış öz ömrüm də bu yandan pıçıldayır ki, mənə çox da bel bağlama. Bu mətləbin məna yükü çox ağırdır - sənin çiynin buna tab gətirərmi, gətirməzmi?..»
   Bu kitabı səhifələdikcə Kamal Turalın öz obrazı da parlayır, amma son vərəqlərə doğru qürub etdiyi də hiss olunur. Ömrü uzunu ətrafına xoş ovqatlar bəxş edən Hadi Rəcəbli bu serial proseslərdə öz major nüansları ilə onu nə qədər həyata səsləsə də, sağalmaz mərəz əziz dostumuzu «heyhat»a çəkirdi. Hadi müəllimin: «Ana, bu, Kamal müəllimdir, bizlərdəndir, qonşu Vilvan kəndindəndir. Bizim MM-in redaksiya-nəşriyyat şöbəsində baş məsləhətçi işləyir. Bu qədər istedadı olsa da, yarızirək, yarıtənbəldir, «bezdelnik» və «bezdennik»dir” kimi zarafatlarını içdə ufultulu, üzdə isə - bizə xoş getsin deyə, gurultulu gülüşlərlə qarşılayardı...
   
   Son (?!.)
   
   Son 5-6 il idi ki,” fani dünya” dalağımız sancdığından, hər yeni il «yanvarın 1-i, saat 1, Baksovet» parollu «mütləq görüş» keçirirdik. Sən o dəhşətli ağrılarla 2011 görüşümüzə də üzügülər gəldin. Səninçün sonuncu, bizimçünsə «Allahbilir»inci görüşümüzə...
   O görüşdə sənin tutqun üzünün işıqlanması üçün ən yüksək «volt»lu xatirələri xatırlamağa çalışdı hamı. Bir ara kefin necə açıldısa, dedin, Vaqif, tələbəlikdəki ləqəblərimizi bir-bir de, bir az da gülək. Mən də dərhal başladım: «Nazir» Yavər (Əbülhəsənli), “Dastan” Şəmistan (Nəzirli), “Məzə” Mayis (Kazımov), “Mahal” Kamal (Rəhmanlı-Tural), “Sənöl” Tofiq (Abdullayev), “Vəsair” Tahir (Abbaslı), “Aşiq” Əyyub (Mehdiyev), “Ləzgi” Xalid (Məmmədov) və... (ləzgi demişkən) özümünkünü “diməz”!..
   Bu son vurğuma da uğundun və dedin ki, Vaqif, sən hamımızın şahidi olduğumuz əhvalatları daha məzəli “oformit” edirsən, bir az da övladlarımızın toylarındakı macəralarımızdan de gəlsin.
   Mən öz oğlumun Şirvanda keçirilən toy məclisindən (2004) başladım. Hamımız yorulub oyun meydançasını tərk etdikdən sonra, onun musiqiçilərə yaxınlaşıb, təzə abzasdan əlini şəstlə cibinə ataraq, təzə bir hava sifariş verdiyini, ertəsi gün Kürüstü restoranda ikən mənə verdiyi qəribə sualı xatırlatdım. Sonuncu xatirəyə hamımız güldük. Belə ki, o, həmin vaxt yatağına sığmayan Kürə mahal-zaval bir baxışla nəzər yetirib, mənə belə bir sual vermişdi:
   - Vaqif, adam bu Kürə düşsə, boğular?
   Mənim bu “prikol”, amma çox ciddi tərzdə verilmiş sual qarşısında susub qaldığımı görən Tofiq:
   - Bu sualı ancaq hadisə baş verdikdən sonra cavablandırmaq olar, sən öl! - dedi. Məzə Mayis özünəməxsus üslub və tonda əlavə etdi:
   - Hə, Kamal, boğular, boğular... Sonra da gedib Xəzərdə təzədən doğular...
   Tofiqin oğlunun toyunda isə özü o ki var danışıb, mikrofonu Mayisə verdikdən sonra təzədən alovlu nitqə başlamasını xatırladıb, son vaxtlar həftədə-ayda bir kərə gülməyən bu dostumuzu əməlli-başlı qəşş elətdirdim. Sonra qayıtdı ki, bəs o “Şəki-şəkilli” Akif niyə mən getdiyim səfərlərdən yaxa qurtarmağa çalışırdı? Mən də elə Akifin ləhcəsiylə qayıtdım ki, haindi səninlə getdiyimiz yerlərdə bütün maddi-mədəniyyət abidələrinə, muzeylərə baş çəkmək üçün bizi bir gün əlavə qalmağa məcbur və məhkum etdiyin üçün!...
   O son yığışmamızdakı son sual-cavabımız da yadındamı, Şam? Soruşdum ki, daha nəsə yazmaq fikrindəsən, ya yox, dedin, bu “vəfalı” xəstəliyim yaxamı buraxsa, tələbəlik dövrümüzdəki Bakı ilə bugünkü Bakının yer-göy fərqi haqda bir kitab bağlayardım...
   Burada yazmadıqlarım da yadındamı, Kam, Şam?..
   Bütün ömrü uzunu düşüncələrindən gözəllik, xeyirxahlıq cənnəti dalğalandıran dostumuz, Tanrı səni cənnətməkan eyləsin!..
   
   Vaqif Abbasov,
   Dövlət Arxivi Sirvan filialının direktoru