Zeydulla Ağayev 40 ildir bu el sənətinin yol yoldaşıdır
   
   Döymə sənətinin bir neçə min illik yaşı var. Ən qədim döymələr Misir piramidalarında tapılıb. Zaman keçdikcə döymələrin müxtəlif formaları meydana gəlib. Tədricən ağac, daş üzərində döymə və digər sənət növləri yaranıb. Metal üzərində döymə sənəti ilk növbədə iti göz və böyük ustalıq tələb edir.    

   Xaçmaz rayonunun Mürşüdoba kəndində yaşayan Zeydulla Ağayev 40 ilə yaxındır ki, əlvan metal üzərində döymə sənəti ilə məşğul olur. Dediyinə görə, metal üzərində əsər yaratmaq çox çətin və mürəkkəb prosesdir: “Əvvəl çəkiləcək əsərin kağız üzərində eskizini hazırlayırıq. Sonra həmin eskizi metalın üzərinə döymə yolu köçürürük. Əsas proses məhz bundan sonra başlanılır. Xüsusi alətlər vasitəsilə saatların, hətta günlərin hesabına metalın üzəri döyülərək hər hansı təsviri yaratmaq mümkün olur. Mağazalarda alət satılmır. İşləmək üçün aləti də möhkəm ağac budaqlarından özüm hazırlayıram”.
   İxtisasca Azərbaycan dili və ədəbiyyatı müəllimi olan Zeydulla Ağayev uşaq yaşlarından rəsm çəkməyə, 17 yaşından isə eskizləri mis, alüminium üzərinə köçürməyə başlayıb: “Vaxtilə Bakıda suvenir məhsulları istehsal edən zavod fəaliyyət göstərirdi. Metaldan maraqlı suvenirlər hazırlanırdı. Mən də aldığım suvenirlərə diqqətlə baxıb, onların oxşarını düzəltmək istəyirdim. Tədricən alınırdı. Dekorativ-tətbiqi sənətin müxtəlif növləri ilə məşğul olsam da, bu sənət məni daha çox cəlb edirdi”.
   İllər keçdikcə onun bu sənətə marağı daha da artır. İndiyədək 300-dən artıq əl işi olan sənətkarın hər bir işində xüsusi nəfəs hiss olunur.
   Zeydulla müəllim deyir ki, əlvan metal üzərində yaxşı əsər yaratmaq üçün bir sıra vacib keyfiyyətlər lazımdı: “Əvvəla, xalq yaradıcılığına xüsusi maraq olmalıdır. Rəssamlıq qabiliyyəti də vacib amildir. Eskizi metal üzərinə köçürərkən bədən cizgilərinin qabarmasının təbii alınması üçün heykəltəraşlıq bacarığı da tələb olunur. Bu sənətlə məşğul olmaq üçün kimyanı müəyyən qədər bilmək lazımdır. Çünki metallardan rəng almaq üçün mütləq kimyəvi məhlullardan istifadə etməli olursan”.
   Zeydulla Ağayev əsərlərini əsasən mis və alüminium üzərində hazırlayır. Misdən istədiyi rəngi daha rahat əldə edə bildiyindən bu əlvan metalla işləməyə daha çox üstünlük verir. Çərçivələri də özü hazırlayır. Bir çox mövzulara müraciət etsə də, ədəbiyyat və tarix mövzusu ona daha çox yaxındır. Vətənpərvərlik mövzusundakı “Koroğlu”, “Babək” əsərləri, müxtəlif ədiblərin portretləri insanı bu sənətin sehrinə salır. Dövlət atributları, Dədə Qorqudla, əfsanələrimizlə, nağıllarımızla bağlı illüstrasiyaları da valehedicidir.
   Zeydulla müəllim bu sənətin vurğunudur. Emalatxanası olmasa da, Xaçmaz rayonunun Mürşüdoba kəndində evinin bir guşəsində gözəl sənət əsərləri yaradır. Əl işləri ölkəmiqyaslı müxtəlif sərgilərdə nümayiş olunur. Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi sərgilərdə fəal iştirak edir, müxtəlif diplom və mükafatlara layiq görülüb.
   Arzusu bu sənətin əbədi yaşamasıdır. Sənətini övladına da öyrədib: “Oğlum hərdən döymə sənəti ilə məşğul olur. İstəmirəm bu sənət itsin. Nəvələrim böyüyəndə onlara da öyrədəcəyəm”.
   
   C.Zərbəliyev







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar