Bayram təbrikləri
   
   Qədim Novruz bayramı hər il xalqımız tərəfindən böyük sevinc və təntənə ilə qarşılanır. Əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adətlərimizi yaşadan Novruz sevgi və məhəbbətlə dolu bir bayramdır. Qonaqpərvərlik, mehribanlıq, dostluq və s. rəmzləri özündə birləşdirən Novruz münasibətilə tanınmış elm və sənət xadimlərinin bayram təbrikləri xoş ovqatımıza rəng qatdı.
   
   Professor Vasim Məmmədəliyev:
   - Novruz xalqımızın ən böyük bayramlarından biridir. Bahar yenilik, təravət, dost, ülfət bayramıdır. Qədimlərdən bəri bu bayram təntənə ilə qeyd edilmiş, ən gözəl adətlərimiz bu bayramda qorunub yaşanmışdır. Bu böyük bayram münasibətilə xalqımızı təbrik edir, vətənin bütün oğul və qızlarına səadət, xoşbəxtlik, rifah diləyirəm.
   
   Xalq artisti Ağaxan Abdullayev:
   - Cani qəlbdən Azərbaycan xalqını bu gözəl gün münasibətilə təbrik edirəm. Evlərdən sevinc və gülüş əskik olmasın. Dövlətimiz mədəniyyətimizə, musiqimizə, muğam sənətimizə hər zaman diqqət və qayğı göstərir. Elə buna görə də hər gələn bahar biz muğam ifaçılarının yaradıcılığında yeni bir səhifə açır.
   
   Xalq artisti Ramiz Məlik:
   - Xalqımıza xoşbəxtlik və firavanlıq arzulayıram. Arzu edirəm ki, tez bir zamanda bayramı gözəl Qarabağımızda qeyd edə bilək. Bütün teatr və incəsənət xadimlərini səmimi-qəlbdən təbrik edir, sənətlərində yeni-yeni uğurlar arzulayıram.
   
   Xalq artisti Həmidə Ömərova:
   - Hər kəsi təbrik edirəm. Bütün evlərdə, ocaqlarda ruzi-bərəkət bol olsun. Azar-bezar bizlərdən uzaq olsun. Xalqımız hər zaman Novruzu sevinc içində, problemsiz qarşılasın. 
   
   Xalq artisti Nəzakət Teymurova:
   - Xoş günlər, əmin-amanlıq olsun. Allah xalqımıza bayram nemətlərini almağa imkan versin. Bütün gözəlliklər xalqımıza qismət olsun. Gün o gün olsun ki, köçkünlərimiz öz ocaqlarına qayıdıb Novruz tonqallarını Qarabağda yandırsınlar.   

  Lalə Azəri