Respublikamızın zəngin təbii sərvətləri arasında nadir bitki növlərinin özünəməxsus yeri var. Şəninə mahnılar qoşub, süfrələrimizin bəzəyi saydığımız zəfəran həmin bitki növlərindən biridir...
   
   Zəfəran çoxillik bitkidir, zanbaqçiçəklilər fəsiləsinə aiddir. Onun dünyaya bir neçə növü məlumdur. Yaşıl gövdəli və bənövşəyi rəngli çiçəyi olur. Hər bir çiçək tacının ortasında qırmızı rəngli üç ədəd tel olur. Ədviyyat kimi tanıdığımız zəfəran məhz həmin o üç teldir. Zəfəran kökündəki soğanaqlar vasitəsilə çoxaldılır. İyul-avqust aylarında soğanaqlar yerdən çıxarılır və bir-birindən aralanır. Qurudulduqdan sonra təzədən seyrək şəkildə torpağa basdırılır. Payız aylarında çiçəkləyir, oktyabrın sonu - noyabrın əvvəlində isə onun tellərini yığmaq lazım gəlir. Yığılan tellər qaranlıq və quru yerdə saxlanılır. Qurudulmuş zəfəran tellərini ağzıbağlı şüşə qabda saxlamaq lazımdır. Bu vəziyyətdə ədviyyat təravətini on-on beş il saxlaya bilir.
   Zəfəranın insanlara məlum olma tarixi çox qədimdir. Onun vətəni barədə müxtəlif fərziyyələr mövcuddur. Belə qənaətə gəlinib ki, o, ilk dəfə Hindistan, Çin, Türkiyə, İran və Suriyada aşkar olunub. Sonra ərəblər onu Avropaya aparıblar. Bu gün zəfəranın ən çox İspaniyada, Fransanın cənubunda, İtaliyada, Krımda becərildiyi bildirilir. Ondan həm də dərman hazırlanmasında, boyaqçılıqda istifadə olunur. Araşdırmalarda göstərilir ki, eradan çox-çox əvvəl zəfərandan həm də təbii boyaq kimi istifadə edilib. Məşhur yunan həkimi-alimi Hippokrat isə bir sıra xəstəliklərin müalicəsində məhz zəfərandan istifadə edib. İndinin özündə də zəfərandan məişətdə ədviyyat, təbabətdə isə dərman kimi istifadəsi geniş yayılıb. Zəfəranın müalicəvi əhəmiyyəti barədə danışanda ilk növbədə onun sinir sisteminə müsbət təsiri önə çəkilir. Təbabət elmi onun ürək-damar sistemini möhkəmləndirdiyini, mədə-bağırsaq xəstəliklərinə, başağrısına, göy öskürək, qaraciyər və öd kisəsinin fəaliyyətinə çox müsbət təsir göstərdiyini bildirir. Lakin ondan həddindən artıq istifadə də məsləhət görülmür. Hər bir adam üçün illik norma bir qram müəyyən edilib.
   Azərbaycan milli mətbəxində bir çox xörəklərin (plov, piti) və şirniyyatların (şəkərbura, paxlava) hazırlanmasında da ondan geniş istifadə olunur. Zəfəranla hazırlanmış xörək çox dadlı olur və bir neçə gün xarab olmadan saxlamaq olur.
   Maraqlıdır ki, zəfəranın həm yazda, həm də payızda çiçəkləyən növləri məlumdur. Bitkinin yazda çiçəkləyən növünün mavi, ağ, sarı, açıq bənövşəyi rəngli gülləri ola bilir. Adətən bu növdən dekorativ məqsədlərlə daha çox istifadə edilir. Lakin bu bitkiyə şöhrət gətirən təkcə çiçəklərinin gözəlliyi deyil, ilk baxışdan adi görünən dişciklərinin parlaq rəngə boyanmasıdır. Payızda çiçək açan zəfəranın güllərinin rəngi isə parlaq sarı-narıncıya çalır. Aparılan təcrübələrdən aydın olub ki, bir qram zəfəranla yüz litr suyu boyamaq mümkündür. Onu da deyək ki, bu xüsusiyyət zəfəran dişciklərin tərkibində olan rəngləyici maddə ilə bağlıdır.
   Şərq ölkələrində isə zəfəran dişciklərindən bəzi xörəklərə xüsusi dad və ətir verdiyinə görə istifadə edilib. Xüsusilə ərəb ölkələrində soğan, sarımsaq və dəfnə yarpaqları ilə yanaşı, zəfərandan da ədviyyat kimi istifadə olunub. Şərq alimlərindən olan M.Y.Şirvani (1712) yazıb: “Zəfəran insanı gümrah saxlayır, mədəni möhkəmləndirir, dalaq, qaraciyər xəstəliklərində, bel ağrılarında, soyuqdəymədə xeyirlidir. O, cinsi fəallığı artırır, üzün rəngini yaxşılaşdırır, üzə şəfəq verir, yuxu gətirir”.
   Respublikamızda zəfəranın altı növü mövcuddur. Onlardan ancaq biri mədəni şəraitdə becərilir. Bu yaxınlara kimi o ancaq Abşeronun Bilgəh sovxozunda əkilirdi. Hazırda onun becərilmə sahəsi genişləndirilir.
   
   Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar