Heydər Əliyev adına Ümumtəhsil Kompleksindəki musiqi məktəbinin direktoru Armanusa Babayeva-Tağıyeva 30 ildən çoxdur pedaqoji fəaliyyətlə məşğul olur, yetişən nəslin mədəni tərbiyəsinə, incəsənətə marağının formalaşmasına töhfə verir. Aprelin 8-də 74 yaşı tamam olacaq. Bu münasibətlə onunla görüşüb keçdiyi həyat yoluna birgə nəzər saldıq.
   
   - Atam Fərzi Babayev çekist idi, mən dünyaya gəlməzdən əvvəl repressiya olunmuşdu. Anama təkcə onu deməyə macal tapmışdı ki, özünü darıxdırma, bizim payımıza sona kimi xoşbəxtlik düşməsə də, bəlkə uşaqlarımıza xoş günlər nəsib oldu. Anam Şahbəyim xanım 6 övladı təkbaşına böyütdü. Həmişə məktəbə gedəndə ürəyimdən bir arzu keçirdi - kaş geri qayıdanda atamı evdə görəydim... Sonralar bəraət verilsə də, mən onun üzünü heç vaxt görə bilmədim.
   Məni çox vaxt özümdən iki yaş böyük olan qardaşım - bəstəkar, mərhum Rafiq Babayev istiqamətləndirirdi. Riyaziyyatı yaxşı bildiyindən hamı onun bu sahəni seçəcəyinə ümid edirdi. Amma o, ürəyini musiqiyə vermişdi. Mən də qardaşımın yolu ilə getdim. Bülbül adına orta ixtisas musiqi məktəbinin fortepiano şöbəsində təhsil aldıqdan sonra A.Zeynallı adına Musiqi Texnikumunun nəzəriyyə şöbəsinə daxil oldum. Sonra Dövlət Konservatoriyasını bitirdim. O vaxtın nüfuzlu, tələbkar müəllimlərindən sayılan Boris İvanoviç Yermolayevin sinfində oxumuşam. Hələ tələbə ikən Musiqi Texnikumunda nəzəriyyə kafedrasında işləməyə başladım. Arada 12 və 6 saylı musiqi məktəblərində də çalışdım. 10 ildən çoxdur ki, Heydər Əliyev adına Ümumtəhsil Kompleksinin musiqi məktəbinə rəhbərlik edirəm. Məktəbimiz əyani vasitələrlə zəngindir. Dərslərin canlı, maraqlı keçməsi üçün əlimizdən gələni edirik.
   Pedaqoji stajım 30 ildən çoxdur. Burada çalışdığım müddətdə bir neçə kitab tərtib etmişəm: bəstəkarların həyatından bəhs edən “Musiqi gündəliyi”, şagirdlər üçün “Musiqi qeyd kitabı”, müəllimlər üçün “Musiqi dünyası” toplusu. Yaxın vaxtlarda yeni tərtib etdiyim bir toplu da işıq üzü görəcək. Həmin nəşrdə dünyanın məşhur 200 vokal ifaçısı ( klassik, caz, estrada ), o cümlədən Azərbaycanın da məşhur xanəndələri haqqında məlumatlar yer alacaq.
   Ailədə üç oğlum, dörd nəvəm var. Böyük oğlum Oyrat royalda, gitarada yaxşı ifa etsə də, sonralar musiqi texnikumunun kontrabas sinfini bitirdi. Qardaşım bu sahədə çoxlu uğurlar qazanacağını deyirdi. Amma o, sonralar inşaat sahəsinə getdi. Həyat yoldaşım Elşad Tağıyev gözəl tar çala bilir. Bu alət indi də evimizdə özünə layiq yer tutur. Ümumiyyətlə, nəslimizdə əksəriyyət musiqiyə bağlı insanlar olub. Qardaşım Oqtay saksafonda ifa edirdi. Ana babam Ağadadaş Kazımbəyov gözəl səsə malik muğam ifaçısı olub. Onun həyat yoldaşı - nənəm Məsmə xanım qarmonda çalırdı. Bir sözlə, hamımız həyatımızda musiqiyə, mədəniyyətə böyük önəm vermişik, ona xidmət etməyə çalışmışıq.
   Bu yaşa çatmaq Tanrıdan mənə verilən böyük hədiyyədir. Bu yaşımda ürəyimdə bircə arzum da var. Düşmən tapdağı altında olan torpaqlarımızı geri qaytaraq. Tanrı tezliklə bu günü görməyi bizə qismət etsin.
   
   İ.Əsədova