Çağdaş dünya çağdaş yanaşma tərzi tələb edir. Bu məlum həqiqət həyatımızın əksər sahələrində yeni qarşılıqlı münasibətlərin formalaşmasına, yeni dəyərlər sisteminin meydana çıxmasına səbəb olmuşdur. Dövlət müstəqilliyimizin bərpasından ötən 20 ildə Azərbaycan iqtisadi, siyasi, hərbi, mədəni və digər sahələrdə çox dövlətlərin qibtə edəcəyi uğurlara imza atmışdır. Əlbəttə, bu nailiyyətlərin davamlı olması, daha da inkişaf etdirilməsi üçün yeni prioritetlərin qurulması və həyata keçirilməsi vacibdir. Daim yeniləşən dünya yeni iş üsulları, təfəkkür tərzi tələb edir ki, bunun da uğurlu inkişafı ilk növbədə elm, təhsil və mədəniyyətdən keçir. Elə buna görə də dövlətimiz adıçəkilən sahələrə böyük diqqət yetirir və hər zaman bu sahələrin dünya standartları səviyyəsində olmasına çalışır.
   
   Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, ölkəmizin dünya birliyinə inteqrasiyasında mədəniyyətin böyük rolu var. Mədəniyyətin inkişafı, idarə olunması, çağdaş tələblərə cavab verməsi, həm də milli ənənələrin, özünəməxsusluğun qorunub saxlanılması üçün əsas şərtlərdən biri, bəlkə də birincisi mədəni təhsilin keyfiyyətidir. Təhsil millətin gələcəyidir, onun dinamik inkişafının real təminatçısıdır. Mədəniyyət təhsili də bu baxımdan istisna deyil.
   Bu baxımdan kulturologiya elminin öhdəsinə mühüm vəzifələr düşür. İctimai və mədəni həyatımıza son onilliklərdə daxil olmuş kulturologiya insan və cəmiyyət, sivilizasiya və sosiologiyanı öyrənən, əhatəli elmi predmeti ilə seçilən universal bilgilər sahəsidir. XX əsrin sonlarından dünya miqyasında yeni dəyərlər sisteminin təşəkkül tapdığı bir dönəmdə aktuallıq qazanan kulturologiya (və onun çoxsaylı məhəlli sahələri) çağdaş mədəniyyət təhsilinin əsasında duran fundamental, universal elmdir. Mədəniyyətin idarə edilməsi, iqtisadiyyatı, sosiologiyası, həmçinin mədəni inteqrasiya, qloballaşma və bir çox digər sahələrdə çağdaş kulturoloji təlimlər əksər hallarda tədris prosesinin özəyini təşkil edir.
   Əlbəttə, kulturoloji təhsilin müvəffəqiyyət əldə etməsi üçün düzgün metodikaya əsaslanan fundamental dərs vəsaitlərinə böyük ehtiyac var. Azərbaycan təhsilində kulturoloji tədrisin əsas bazasına çevrilmiş Mədəniyyət və İncəsənət Universitetinin kulturologiya fakültəsində bu istiqamətdə mühüm addımlar atılmışdır. Universitetin kulturologiya üzrə aparıcı mütəxəssisləri olan professorlar T.Əfəndiyev, M.Manafova, N.Mehdi, İ.Hüseynov, dosentlər N.Əfəndiyeva, A.Əlizadə, O.Sultanov, S.Şahhüseynova, M.Süleymanlı, E.Qurbanova və başqalarının tədqiqat əsərləri respublikamızda kulturoloji təlimin fundamental bazasının yaradılmasında mühüm rol oynamışdır. Kulturologiya fakültəsində son onillikdə bir sıra dəyərli nəşrlər işıq üzü görmüşdür ki, onlardan da T.Əfəndiyevin «Azərbaycan mədəniyyəti və incəsənəti», «Mədəniyyətdə tarixilik və müasirlik», M.Manafovanın «Mədəniyyət tarixi və nəzəriyyəsi», İ.Hüseynovun «Adət və ənənələr mənəvi-əxlaqi dəyərlər kimi», «Azərbaycan milli adət və ənənələrinin bədii-estetik mahiyyəti», «Tətbiqi kulturologiya», İ.Hüseynov və N.Əfəndiyevanın «Xarici ölkələrdə mədəni fəaliyyətin təşkili», «Qədim dünya mədəniyyəti», «Turizmin əsasları», A.Əlizadənin «Estetik mədəniyyət və varislik problemi», O.Sultanovun «Mədəniyyət müəssisələrində sosioloji tədqiqat» və digər nəşrləri qeyd etmək olar.
   Bu günlərdə işıq üzü görmüş «Kulturologiya tarixi» adlı yeni kitab bu sahədə növbəti nailiyyətdən xəbər verir. Ali məktəblər üçün dərslik kimi nəzərdə tutulan fundamental araşdırmanın müəllifləri kulturologiya üzrə elmlər doktoru, professor İlqar Hüseynov və sənətşünaslıq üzrə fəlsəfə doktoru, gənc tədqiqatçı-alim Tural Əfəndiyevdir. Kitab «Mars-Print» nəşriyyatında nəfis şəkildə çap edilmişdir.
   Kitabda kulturologiya tarixi geniş ümumbəşəri kontekstdə işıqlandırılmış, onun keçdiyi uzunmüddətli təkamül yolu, kulturoloji biliklərin xarakteri, kulturologiyanın sosial təbiəti müxtəlif aspektlərdə, tarixi, coğrafi və mədəni ardıcıllıq gözlənilməklə qələmə alınmışdır. Kulturologiya tarixinə cəmiyyətin sosial-mədəni təkamülü müstəvisində nəzər salan tədqiqatçılar bu əhatəli fenomenin hərtərəfli izahını vermişlər. 900 səhifəyə yaxın həcm tutan bu fundamental akademik nəşr kulturologiya tarixinin bütün əsas təkamül mərhələlərini əhatə etmişdir.
   Tədqiqatın struktur xəttinin əsasında ümumdünya kulturoloji biliklər tarixinin təkamülü və onun milli-mədəni şüurumuzda inikası problemi dayanır. Kulturoloji təlimlərin çağdaş elmdə təsbit olunmuş formalarına münasibət bildirən müəlliflər onları Azərbaycan xalqının yaşı min illərlə ölçülən milli məfkurəsinin süzgəcindən keçərək formalaşmış maddi-mənəvi dəyərlərlə müqayisə etmiş, xalq müdrikliyinin ərsəyə yetirdiyi mədəni abidələrimizin əhatəli təhlilini vermişlər. Bu baxımdan əsərdəki «Adət və ənənələrin mahiyyəti və kulturoloji kökləri», «Adət və ənənələrin inkişaf dialektikası», «Kulturologiya və sivilizasiya», «Kulturologiya tarixi və mentallıq» bölmələri sivilizasiyalararası münasibətləri əks etdirməklə yanaşı, mühüm sosial-tarixi və etnomədəni məzmuna malikdirlər.
   Tədqiqatın işlənmə metoduna nəzər saldıqda burada milli-mənəvi dəyərlərin qiymətləndirilməsində müqayisəli təhlil prinsipi diqqəti cəlb edir. Əlbəttə, qloballaşan çağdaş dünyada milli dəyərlərin, milli özünəməxsusluğun qorunub saxlanılması inteqrasiyanın bizim üçün gərəkli olan mühüm mənəvi şərtidir. Bu baxımdan müəlliflərin tətbiq etdiyi Qərb (qlobal) və Şərq (lokal, yaxud mental) müqayisəli dəyərləndirmə metodu məhz günümüzün diktə etdiyi reallıqlardan irəli gəlir. «Mədəniyyət xalqlar və insanlar arasında qarşılıqlı anlaşma vasitəsi kimi», «Qloballaşma və onun kulturoloji mahiyyəti» bölmələrində bu müqayisəli yanaşma metodunun doğurduğu elmi nəticələr inandırıcı və dolğun təsir bağışlayır.
   Milli xüsusiyyətlərin əxlaqi-etik mahiyyətinin açılması, Novruz bayramı ilə bağlı adət-ənənələrin təhlili, onların tarixi köklərinin araşdırılması, qədim eposumuz olan «Kitabi-Dədə Qorqud»dakı görüşlərin ümumtürk kulturoloji kontekstində ümumiləşdirilməsi, şifahi xalq yaradıcılığı ənənələrinin, dastanlarımızın hərtərəfli işıqlandırılması kitabın əsas müsbət keyfiyyətləri cərgəsindədir.
   Kitabda şifahi xalq yaradıcılığının mühüm mənbələrindən olan dastan janrının əxlaqi-etik mahiyyəti geniş kulturoloji aspektdə təhlil olunur. «Koroğlu» dastanında qadınlarımızın hünərindən, cəsurluğundan söz açan müəlliflər yazırlar: «Dastanda yaxşı at minib qılınc oynadan, sərrast nizə atan, igid və qoçaqlıqda, hünər və fərasətdə Nigarın bənzərləri yadda qalan obrazlardandır. Əsərdə Məhbub xanım, Şirin xanım, Ruqiyyə xanım, Dünya xanım, Hüri xanım və s. kimi igid, qorxmaz, əqli, həm də cismani cəhətdən yetkin və bütöv qəhrəman qadın surətləri xüsusilə seçilir. Çənlibeldə hətta dəllək Əhmədin arvadı Pəricahan kimi daim kişi paltarında gəzən, dəlilər kimi silah gəzdirən qeyrətli və namuslu qadınlar da çoxdur» (s. 289).
   «Kulturologiya tarixi» kitabında diqqətimizi cəlb edən əsas məqamlardan biri də müasirlik probleminə münasibətdir. Nəşrin bir sıra bölmələri kulturologiya və ümumən mədəniyyət tarixinin müasir mərhələdəki inkişaf xüsusiyyətlərinin araşdırılmasına yönəlmişdir. «XX əsr - XXI əsrin əvvəllərində dünya sivilizasiyaları və mədəniyyətlər», «Postmodernizmə kulturoloji baxış», «XX əsrdə elitar və kütləvi mədəniyyətlər» kimi bölmələrdə məhz müasirlik problemi öz həllini tapır.
   Nəşrdə təsadüf etdiyimiz digər yaddaqalan məqam isə burada vətənpərvərlik mövzusunun geniş müstəvidə əks olunmasıdır. Müəlliflər çağdaş mədəniyyətin mühüm ideya mənbəyi olan milli vətənpərvərlik hissini ön plana çəkməklə kulturoloji baxışların inkişafında bu mühüm amilin aparıcı rolunu bir daha təsdiqləmiş olurlar. Xarakterik haldır ki, müasir sivilizasiya, milli özünüdərk, vətənpərvərlik, milli təfəkkür və mədəniyyət kimi müstəqil fenomenlərin əlaqələndirici amili kimi tədqiqatda ulu öndərimiz Heydər Əliyevin nəhəng şəxsiyyəti çıxış edir. Azərbaycan mədəniyyətinin inkişafında, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında və inkişaf etdirilməsində Heydər Əliyev şəxsiyyətinin böyük rolunu qeyd edən müəlliflər bu mövzuya üç əsaslı bölmə həsr etmişlər. Kitabda nəzərdən keçirilən ümumi kulturoloji görüşlərin və mədəni dəyərlərimizin ümumiləşdirilmiş yekunu olan bu bölmələrdə Azərbaycan dövlətçiliyinin mədəniyyət sahəsindəki strategiyasının ana prinsipləri öz əksini tapmışdır.
   Yeni nəşr dərslik xarakterli olduğundan buraya «Kulturologiya tarixi» fənni üzrə proqram da daxil edilmişdir. Proqrama verilən ön sözdə kulturologiya tarixinin öyrənilməsinin vacibliyi əsaslandırılmış, fənnin strukturu, həcmi və tədris olunma dövrü haqqında ətraflı məlumat verilmişdir. 18 ümumiləşdirilmiş mövzunu əhatə edən bu proqram «Kulturologiya tarixi» fənninin bütün əsas məqamlarını əhatə edir.
   Kitabın müxtəlif hissələrində yerləşdirilmiş, əsasən qədim dövr sivilizasiyalarını əks etdirən çoxsaylı fotolar müxtəlif xalqların yaratmış olduğu maddi mədəniyyət nümunələri ilə əyani surətdə tanış olmaq imkanı yaradır və dərsliyin tədris-maarifçi əhəmiyyətini daha da artırır.
   Nəşrin üstün cəhətlərindən biri də burada ingilis və rus dillərində xülasələrin verilməsidir.
   Kitabın biblioqrafiyasında kulturologiya və mədəniyyətşünaslığın ümumi və məhəlli problemlərini əks etdirən nəşrlər yer almışdır. Burada diqqət çəkən məqamlardan biri də elektron resurslara geniş yer ayrılmasıdır. Tədris prosesində elektron ədəbiyyatdan əhatəli şəkildə istifadə olunması müasir təhsilin əsas strategiyalarından biridir. Ona görə də elektron ədəbiyyatın ətraflı təmsil olunması tərəfimizdən müsbət hal kimi dəyərləndirilir.
   Son olaraq bu sanballı nəşrin müəlliflərindən söz açmaq istərdim. Kulturologiya üzrə fəlsəfə doktoru, professor İlqar Hüseynov ölkəmizin elmi və mədəni dairələrində yaxşı tanınan mütəxəssislərdəndir. Ötən əsrin 80-90-cı illərindən başlayaraq mədəniyyət tarixi və nəzəriyyəsinin müxtəlif problemlərinə həsr olunmuş elmi-tədqiqat işləri ilə məşğuldur. Son iki onillikdə alimin tədqiqatlarında kulturoloji problemlər üstünlük təşkil edir. 1994-cü ildə Sankt-Peterburqda kulturologiya üzrə namizədlik dissertasiyası, 2004-cü ildə isə Bakıda «Azərbaycan milli adət və ənənələrinin bədii-estetik xarakteri» mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Onlarla monoqrafiyası, yüzdən çox elmi məqaləsi, metodik tövsiyəsi və tədris proqramı işıq üzü görmüşdür. O, «Qızıl qələm» və bəzi digər mükafatlarla mükafatlandırılmış, müxtəlif təltiflərə layiq görülmüşdür. Kulturologiya üzrə respublikada aparıcı mütəxəssislərdən olan professor İ.Hüseynov 2002-ci ildən etibarən ADMİU-nun tətbiqi kulturologiya kafedrasının müdiridir.
   «Kulturologiya tarixi» dərsliyinin həmmüəllifi Tural Əfəndiyev gənc olmasına baxmayaraq, mədəniyyətin idarə olunması, iqtisadiyyat və sosiologiya sahəsində bir sıra maraq doğuran tədqiqat işləri aparmışdır. Gənc mütəxəssisin əsas tədqiq sahəsi ekran və marketinq problemlərini əhatə edir. Tural Əfəndiyev 2010-cu ildə həmin mövzuda namizədlik dissertasiyası müdafiə edərək fəlsəfə doktoru elmi dərəcəsini almışdır. 2010-cu ildə onun həmçinin «Ekran və marketinq» adlı kitabı da nəşr olunmuşdur. Tədris vəsaiti kimi işıq üzü görmüş həmin kitabda ekran sənətinin marketinq problemlərinə yeni elmi-nəzəri konsepsiyada yanaşılmışdır. Hazırda Tural Əfəndiyev elmi axtarışlarını davam etdirməklə yanaşı, həm də pedaqoji fəaliyyət göstərir.
   Şübhə yoxdur ki, iki tədqiqatçının uğurlu elmi-tədris əməkdaşlığının bəhrəsi olan «Kulturologiya tarixi» dərsliyi hələ uzun illər boyu mədəniyyət və idarəçilik təhsilinin inkişafına öz töhfəsini verəcək.
   
   Xəzər Zeynalov,
   sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar