Azərbaycan xalqı tarixən dünya elminə, mədəniyyətinə böyük dühalar verib. Onların əsərləri, kəşfləri bu gün də dünya elminə işıq tutur. XII əsrdə Nəsirəddin Tusinin Marağada yaratdığı rəsədxana astronomiya elminə böyük töhfələr verib. Bu elmi mərkəzdə müxtəlif xalqların nümayəndələri çalışıb, təhsil alıb. Tusi məktəbinin yetirmələrindən və görkəmli davamçılarından biri Qütbəddin Şirazi olub.
Qütbəddin Mahmud ibn Məsud (1236-1311) İranın Şiraz şəhərində anadan olub. Burada tibb, fəlsəfə və hüquq elmlərinin əsaslarını öyrənir, sonra təhsilini Marağa şəhərində davam etdirir. Həmin ərəfədə, 1258-ci ildə Marağada Nəsirəddin Tusinin rəsədxanası yaranır. Burada təhsil alan Qutbəddin Şirazi Tusinin ən istedadlı tələbələrindən biri olur, riyaziyyatçı kimi məşhurlaşır. Sonra Marağadan köçüb gedir, bir müddət Kiçik Asiyada, İranın bəzi şəhərlərində həkim və hakim kimi çalışır. 1297-ci ildə Misirdə yaşayarkən Elxanilər dövlətinin bir diplomatik tapşırığını layiqincə yerinə yetirir. Onun bu qabiliyyəti Qazan xanın xoşuna gəlir. O, Təbrizə (Elxanilər dövlətinin paytaxtı) gəlir və Qazan xanın sarayında çalışır. Həmin dövrdə Təbriz çox inkişaf etmiş, elm-mədəniyyət mərkəzinə çevrilmişdi. Qütbəddin Şirazi şəhərdə “Dər aş-Şifa” adlı elmi-müalicəvi mərkəz yaradır. Orada rəsədxana, kitabxana, təhsil və tibb müəssisələri yerləşir. Təbriz rəsədxanası Marağa rəsədxanasından sonra Şərqin ikinci elmi mərkəzi hesab olunur.
Qütbəddin Şirazi müəllimi Tusinin elmi istiqamətini davam etdirir və əsərlərinin çoxunda Tusi irsinə müraciət edir. Onun ensiklopedik elmi əsərlərindən biri “Dubacı bəzəmək üçün tac mirvarisi” adlanır. Traktat Qərbi Gilan hökmdarının oğlu əmir Dubac ibn-Filşaha ithaf olunub. Araşdırmalarda göstərilir ki, traktat beş hissədən ibarətdir. Birinci hissədə məntiq elmindən bəhs olunur. İkinci hissə fəlsəfəyə, üçüncü və dördüncü hissələr dəqiq elmlərə, musiqiyə aiddir. Beşinci hissə din, etika və siyasətə həsr edilib. Alim astronomiya elmində böyük əhəmiyyət kəsb edən iki fundamental elmi traktat da yazıb: “Göy sferalarını bilməkdə idrakın sonu” və “Astronomiyadan şah hədiyyə”. Birinci əsərin əlyazmalarından biri Bakıda, AMEA-nın Əlyazmalar İnstitutunda saxlanılır. Bu traktatda dəqiq astronomik məlumatlar və həndəsi hesablamalar, planetlərin hərəkətinin yeni kinematik sxemi cəmlənib. Alim fəlsəfə tarixində Şihabəddin Sührəvərdinin İslam ölkələrində nəşr olunmuş “Müdrikliyin nuru” traktatının izahı ilə iz qoyub. Başqa bir əsəri Tusinin “Rəqsi hərəkət və müstəvi ilə əyri arasındakı nisbət haqqında” traktata aid izahlardır. İzahların əlyazması İstanbul Kitabxanasında saxlanılır. Bu izahlar riyaziyyatda olan bir sıra vacib suallara cavab verir. O, həmin izahlarda öz dövründən xeyli öncə yazılan bir neçə elmi əsərin adını çəkib. Həmin əsərlərdən biri İbn Sinanın “Bucaq tədqiqatı haqqında” traktatıdır. Onu da qeyd edək ki, İbn Sinanın bu əsəri haqqında məlumata təkcə Şirazinin izahlarında rast gəlinib. Araşdırmalarda göstərilir ki, Avropa alimləri traktatda qeyd olunan riyazi problemlər üzərində işləyərək sonradan inteqral və diferensial hesaba aid nailiyyətlər qazanıblar. Əslində bir çox nəzəriyyə və kəşflər Şərqdə meydana gəlib, Qərb alimləri isə onlardan bəhrələnərək elmə gətirilən yenilikləri öz adlarına çıxıblar. Yaxşı deyiblər ki, “Gələcək keçmişin iynəsilə tikilər”...
Qütbəddin Mahmud Şirazi 1311-ci ildə vəfat edib. Mənbələrdə qeyd olunur ki, onun çox böyük zəhməti hesabına başa gələn əlyazmaları bu gün London, Paris, Oksford, Leyden, Berlin, Daşkənd, İstanbulun əlyazma fondlarında saxlanılır.
Savalan Fərəcov