Səhnə arxasında qalanlar
   
   Rubrikamızın budəfəki qonağı Akademik Milli Dram Teatrının tikiş sexinin müdiri Cuma Osman oğlu Məmmədovdur. Uşaqlıqdan memar olmağı arzulasa da, dərziliyə marağı onu bu sahəyə gətirib. Əvvəllər tikiş sənəti ilə fərdi qaydada məşğul olub. Sonra bir müddət Türkiyədə dərzi peşəsi üzrə çalışıb, kiçik biznesini yaradıb. Dediyinə görə, Türkiyədə çalışarkən peşəkarlığını daha da artırıb, bacarığını təkmilləşdirib. Sonra Azərbaycana qayıdıb.
   
   - Teatra gəlişiniz necə oldu?
   - Bir gün Bakıda köhnə iş yoldaşlarımdan biri mənə bildirdi ki, Milli Dram Teatrında bir tamaşa hazırlanır, onun geyimlərini hazırlamağa mütəxəssis lazımdır. Təklif marağıma səbəb oldu, teatra gəldim və işə qəbul olundum. Beləliklə, 2002-ci ildən bu teatrdayam.
   - Uzun müddət çalışdığınız işi, peşəni teatrda davam etdirmək necədir?
   - İlk dəfə “Fedra” tamaşasının geyimlərini hazırladım. Əsər hazırlanan zaman eskizlər mənə çox maraqlı görünür. Bilmək istəyirəm ki, rejissor nə görmək istəyir. Əsər hansı dövrə aiddir. Çalışıram yerli yerində işləyim, bütün detallara fikir verim. Tamaşaya hansı aktyor cəlb olunubsa, o dəqiqə onu həmin libasda görməyə çalışıram. Düzdür, geyim rəssamı deyiləm, amma çalışıram ki, buna diqqət verim. Teatra gələndə bu işin maddi tərəfi məni heç maraqlandırmırdı. Sadəcə, istəyirdim ki, teatra gələn tamaşaçılara öz bacarığımızı göstərə bilək. Bu gün işləmək üçün hər bir şərait var. Həm material cəhətdən, həm də avadanlıq.
   - Sıravi insan üçün tikilən geyimlə səhnə geyiminin fərqi nədədir?
   - Adi vətəndaş üçün tikilən paltarla aktyor üçün tikilən paltarın fərqi çox böyükdür. Səhnə üçün tikilən təkcə aktyorun, yaxud Azərbaycan tamaşaçısının zövqünə hesablanmır, burada həm də dünya tamaşaçısını nəzərə alırıq. Geyimlərimizdə ölkəmizin mədəniyyətini, tarixini göstərməyə çalışırıq. Biz bu işin öhdəsindən gəlməyə çalışmalıyıq. Bilmədiklərimizi də öyrənməliyik. Hər bir tamaşanın uğurunda azacıq da olsa bizim də payımız var.
   - Yeni tamaşanın geyimlərini neçə müddətə tikib hazırlayırsınız?
   - Hər yeni tamaşanın kostyumları maksimum bir ay müddətinə hazırlanır. Amma bu, tamaşadakı obrazların sayından asılıdır. İşimiz məsuliyyətli işdir. Filmlərə baxanda hər zaman geyimlərə nəzər salıram. 30 ildən artıq bu sahədə çalışıram. Azərbaycanda dərziliyi yüksək səviyyədə inkişaf etdirmək lazımdır. Bunun üçün imkanlarımız da var, sadəcə, həvəs və iş görmək gərəkdir. Sənətin seçimində əsas şərt maraq və fantaziyadır. Maraq və fantaziya uzlaşanda ortaya yaxşı iş çıxa bilər. Təsəvvüründə yaratmaq istədiyini görə bilməsən, nəticə əldə etmək çətin olar. Məsələn, rəssam eskizi təqdim edəndə, mən artıq onu aktyorun əynində görməliyəm.
   - Dərzilikdə fantaziya ilə yanaşı, zövq məsələsi də var...
   - Hər bir usta yanına gələn müştərini sona qədər dinləməyi bacarmalıdır. Bəzən deyirlər ki, müştəri kaprizli olur. Amma bu fikirlə heç də razı deyiləm. O, necə istəyirsə, onun istədiyini etməlisən. Düzdür, usta öz fikrini deməli, məsləhət verməlidir. Müəyyən cizgiləri çatdırmalı, seçilən parçanın müştərinin rənginə düşüb-düşmədiyi, onu necə göstərə biləcəyini deməlidir. Bundan sonra qarşılıqlı razılaşma əldə etmək olar. Teatrda çalışan dərzilər mütləq bilik və bacarığını artırmaq üçün təcrübə mübadiləsi keçməlidirlər. Çalışmalıdırlar ki, tarixi yaxşı bilsinlər, məlumatlı olsunlar. Dövlət tədbirlərində bəzən gəlib mənə geyimlər sifariş edirlər. Yəqin ki, işim bəyənilir. Görkəmli bəstəkar Polad Bülbüloğlunun “Eşq və ölüm” baletindəki daş geyimləri mən hazırladım və buna sevindim. Bu günə kimi 18-dən artıq tamaşaya geyim hazırlamışam. Hər zaman öz üzərimdə işləmişəm. İnsan çalışdığı işdə hər zaman mükəmməlliyə can atmalıdır.
   
   Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar